Mirzə Xəzər vəfat edib

Mirzə Xəzər Azərbaycan xalqının xatirəsində 1990-cı il yanvar faciəsini dünyaya çatdırması ilə yadda qalıb.

Source: Foto: arxiv


Jurnalistin Almaniyada dünyadan köçdüyü qeyd olunur

1987-2003-cü illərdə Azadlıq Radiosunun Azərbaycan redaksiyasının direktoru olmuş jurnalist Mirzə Xəzər (Mikayılov) vəfat edib.

Bu barədə məlumatı jurnalist Kənan Kazımoğlu yayıb.

K.Kazımoğlu Mirzə Xəzərin yanvarın 31-də Almaniyada vəfat etdiyini qeyd edib.

Mirzə Xəzər Azərbaycan xalqının xatirəsində 1990-cı il yanvar faciəsini dünyaya çatdırması ilə yadda qalıb. Yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunları Bakıda radio, televiziya və qəzetləri susduranda, o, baş verən faciəni dünya ictimaiyyətinə çatdırıb. Bununla da M.Xəzər Moskvanın yaratdığı informasiya blokadasını dağıdıb.

1947-ci ildə Göyçay rayonunda doğulan Mirzə Xəzər Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib, Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

O, 1976-1985-ci illərdə Azadlıq Radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini, 1985-1987 Vaşinqtonda “Amerikanın Səsi” radiostansiyasının Azərbaycan bölməsinin müdiri olub. 1987-ci ilin fevral ayında Almaniyanın Münxen şəhərinə qayıdıb və 1987-2003-cü illər ərzində Azadlıq Radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.

Mirzə Xəzər Bibliya Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı – 1975-1984-ci illərdə "Əhd-i Ətiq" (Tövrat) və "Əhd-i Cədid"i (İncil) Azərbaycan dilinə tərcümə edib. Eyni zamanda, o, “Əli və Nino” romanını alman dilindən azərbaycancaya tərcümə edib.

Ana səhifəSiyasətMirzə Xəzər vəfat edib