Əli Muradov inşaat materiallarının satışıyla məşğul olur.

Mənbə: Foto: Meydan TV

Başlıq: Əli Muradov inşaat materiallarının satışıyla məşğul olur.

Mingəçevirli sahibkar: İcra başçısı fəaliyyətimə qəsdən əngəllər yaradır

Məqalə yeniləndi:  12 Noyabr 2019

Əli Muradov deyir, şəhərdə sahibkarlıq fəaliyyətilə yalnız başçının yaxınları rahat məşğul ola bilir

“Marketə girib, kassanın qarşısında növbədə dayanıb, şəkil çəkdirib sosial şəbəkələrdə yaymaqla deyil, səmimiyyət başqa şeydir. Bizim başçı özünü ictimaiyyətə sadə, səmimi birisi kimi sırımağa cəhd edir, gerçəkdə isə sadə insanlara zülm eləyir, arxasında məmur olmayan, rüşvət verməyən mənim kimi sahibkarın son nəfəsini kəsmək üçün əlindən gələni ardına qoymur”.

Mingəçevir sakini Əli Muradov kiçik sahibkardır. İnşaat materiallarının satışıyla məşğul olur. Şəhərin Azdress qəsəbəsində sahəsi 150 kvadratmetr olan inşaat materialları mağazası var. Meydan TV-yə danışır ki, yerli icra hakimiyyəti ona işləməyə imkan vermir. Qurumun rəhbərliyi hər dəfə müxtəlif bəhanələrlə sahibkarlıq fəaliyyətinə mane olmağa çalışır.

“Qanun təkcə sadə xalqa hər şeyi qadağan edir”

“10 gündən çoxdur ki, yerli polis mağazaya gəlir, mağazanın qarşısına yığdığım 8 kisə sementi oradan yığışdırmağımı tələb edir. şəxsən icra başçısının tələbi var ki, malları içəri yığasan. Deyirəm, sağımdakı, solumdakı mağazaların qarşısına toplanan mallar mənim mağazamın qasrşısındakından iki dəfə çoxdur. Qanun hamı üçün qanundur, niyə yalnız məndən tələb olunur? Deyirlər, filan mağaza filankəsindir, başçı tapşırıb ki, dəyməyin, filan mağaza filankəsin oğlunundur, başçının tapşırığı var, o mağaza da toxunulmazdır. Bir sözlə, kimin başçıyla yaxınlığı varsa, istəsə, mallarını aparıb icra hakimiyyətinin binasının qarşısına da yığa bilər, belə məsələlərdə qanun bircə sadə xalqa hər şeyi qadağan edir”, - Əli Muradov deyir.

Qanun hamı üçün qanundur, niyə yalnız məndən tələb olunur?

Qanun hamı üçün qanundur, niyə yalnız məndən tələb olunur?

Mənbə: Meydan TV

“Az qala hər gün icra başçısı üzərimə polis göndərir”

Əli Muradov deyir, onun mağazası şəhər mərkəzindən kənardadır. Üstəlik, o, öz xərci ilə mağazanın ətrafını abad edib:

“Vaxtilə 3 min manat xərcləyib mağazanın yerləşdiyi ərazini abad eləmişəm, avtomobillər üçün park yeri düzəltmişəm, küçəyə tamet döşətdirmişəm, projektorlar qurdurmuşam, ətrafı kameralaşdırmışam, gətirib mağazamın qarşısında iki bankomat quraşdırıblar. Əvəzində hökumət sahibkar kimi mənimçün nə etdi? Devalvasiyalar üzündən banklara onqat borclandım, əsas borcu ödəsəm də, faizlər gəlib 42 min manata çatıb, bankın tələbi ilə məhkəmə evimi hərraca çıxarıb, hər şeyini itirmiş adamam. Mağaza mənim son nəfəslik yerimdir, onu da qapatmaq üçün başçı əlindən gələni edir. 40 yaşım var, indiyədək polis qapısı tanımamışam, ancaq az qala hər gün başçı polisi üzərimə göndərir, məni cərimələrlə hədələyir”.

“Sahibkarları borclandırıb çökdürüblər, yenə əl çəkmirlər”

Sahibkar deyir, bir neçə gün əvvəl 80 manat cərimələnsə də, malları mağazanın qarşısından yığışdırmayıb:

“İtirdiyimi itirmişəm, evi-eşiyi əlindən çıxmış adamam. 8 kisə sementlə zərərə düşmərəm, od vurub yandıraram, iş onda deyil, məni qəzəbləndirən odur ki, axı niyə qonşuluqdakı mağazanın sahibindən də qanun tələb olunmur? Mənim mağazam şəhərdən xeyli kənarda, bir qəsəbədə yerləşir. Ancaq mən sizə icra hakimiyyətinin burnunun ucundakı mağazaların fotolarını çəkib göndərmişəm, hansı ki, başçı həmin mağazaların qarşısından hər gün o tərəf-bu tərəfə ötüb keçir və bircə dəfə də demir ki, malları mağazanın qarşısından yığışdırın. Niyə məndən qanun tələb olunur, icra hakimiyyətinin həndəvərindəki mağazaların sahiblərindən yox? Çünki o mağazalar özlərinindir. Mingəçevirdə bir qarış torpaq saxlamayıblar. Bizim qəsəbədə futbol meydançalarına qədər hər yeri satıblar. Kür çayının üstündə obyektlər açıblar. Evimin sağı, solu, arxası, qarşısı pivəxanadır, çayxanadır, “Topaz”dır, hamısı başçıya hesab verən obyektlərdir. Mingəçevirdə gənclik məhv edilib, hamısı da məmurların əli ilə məhv edilib. Mənim kimi arxasız, öz gücünə ayaqda qalmağa çalışan sahibkarları borclandırıb çökdürüblər, daha nə istəyirlər bizdən?”

Əli Muradov: Evimin sağı, solu, arxası, qarşısı pivəxanadır, çayxanadır, “Topaz”dır, hamısı başçıya hesab verən obyektlərdir.

Əli Muradov: Evimin sağı, solu, arxası, qarşısı pivəxanadır, çayxanadır, “Topaz”dır, hamısı başçıya hesab verən obyektlərdir.

Mənbə: Meydan TV

Rəsmi qurum: “Hamı qanuna tabedir”

Əli Muradov deyir, mağazanın sahəsi satışa çıxardığıı inşaat materiallarını yığmağa yetmir. Bununla belə, əgər digər mağazalardan da eyni tələblər edilsə, o, satışa çıxardığı məhsulları saxlamağa yer axtarar. Sahibkarın deməsinə görə, vaxtilə bu mağazanı qurmaq üçün bankdan götürdüyü kreditdən hələ də yaxasını qurtara bilməyib.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə küçə ticarətinə görə vaxtaşırı reydlər keçirilir və qanuni tədbirlər görülür. Belə hallar aşkar edildikcə, sahibkarlar İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsiylə cərimələnir. Şəhərin Azdress qəsəbəsindəki Naxçıvan küçəsində fəaliyyət göstərən “Əli İnşaat” inşaat materialları mağazasının sahibi Əli Muradov İXM-nin 453-cü maddəsinə əsasən, i80 manat cərimələnib. Sahibkara xəbərdarlıq olunub:

“Bu məsələdə ayrı-seçkilik yoxdur. Hamı qanuna tabedir. Reydlər davam edir, reydlərdə yerli polis də iştirak edir”.

Əli Muradov deyir ki, mağazanın sahəsi satışa çıxardığıı inşaat materiallarını yığmağa yetmir.

Əli Muradov deyir ki, mağazanın sahəsi satışa çıxardığıı inşaat materiallarını yığmağa yetmir.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a50iia

Ən çox baxılan