Bəhruz Hacıyev dindirilməyə çağrılıb, 20 dəqiqə sonra ölüb
Avqustun 20-də axşam saat 6 radələrində Mingəçevir şəhəri, Günəş küçəsi 25 (Mingəçevir kəndi) ünvanda yaşayan Bəhruz Dilsuz oğlu Hacıyev Mingəçevir şəhər Polis Şöbəsinə çağırılıb, lakin 20 dəqiqə sonra onun ölüm xəbəri gəlib. Bu barədə Meydan TV-yə mərhumun atası Dilsuz Hacıyev məlumat verib. Onun sözlərinə görə, oğlunun ölüm xəbərini polislərdən deyil, qohumlarından eşidib: “Qohumlarımızdan biri Qres qəsəbəsindəki xəstəxanada işləyir. Oğlumun cəsədini morqda görüb. Bizə xəbər verildi ki, bəs xəbərsiz meyidi yarırlar”.
Atanın sözlərinə görə, oğlunun meyidini güclə ala biliblər. Polis bölməsindən valideynlərinə bildiriblər ki, Bəhruz Hacıyevi dindirmək üçün gətiriblər, lakin o, polislərin əlindən çıxaraq yuxarıya doğru qaçıb və binanın 3-cü mərtəbəsindən özünü atıb.
Ancaq ailə üzvləri deyilənlərlə razılaşmır. Mərhumun yaxınlarının sözlərinə görə, onun bədənində, əsasən boynunun ardında və kürəyində qançır yerləri var. “Bəhruz çox mərd oğlan idi, hamıyla dalaşardl, lap döyülərdi, amma özünü öldürməzdi” – deyə əmisi qızı bildirib.
Ailə üzvlərinin Meydan TV-yə verdiyi məlumata görə, 28 yaşlı Bəhruz Hacıyev tikintidə çalışırmış. Hadisə baş verən günü günorta saatlarında evə gəlib, yemək yeyib, çimib və gedərkən polisə çağrıldığını deməyib.
Bəhruz Hacıyevin hansı səbəblə dindirilməyə çağırıldığı barədə ailəsinə məlumat verilməyib. Meydan TV Mingəçevir şəhər Polis Bölməsi ilə əlaqə yaratmağa çalışsa da, mümkün olmayıb. Yerli sakinlərin verdiyi məlumata görə, hazırda polis bölməsinin önündə xeyli adam var. Mingəçevir kənd sakinləri, mərhumun qohumları Bəhruz Hacıyevin ölüm səbəbini aydınlaşdırmaq üçün bölmənin qarşısına toplaşıblar. D.Hacıyev Meydan TV-yə onu da deyib ki, Moskvada yaşayan oğlu gəlməyənə qədər Bəhruzu dəfn etməyəcək: “Oğlumun başından hələ də qan axır. Onu Şəhər Mərkəzi Xəstəxanasının morquna deyil, uzaq qəsəbəyə niyə apardıqlarını da izah etmirlər. Əgər Bəhruz özünü pəncərədən atmışdısa, niyə polis bu barədə ailəsinə məlumat vermirdi? Niyə bizdən xəbərsiz oğlumun meyidini yarıblar?”
Meydan TV məsələni gündəmdə saxlayacaq