Milli natamamlıq sindromu

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Dil vacib məsələdir

Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin ərəb dili şöbəsini 1969-cu ildə bitirmiş bütün məzunları, içi mən olmaqla, Sovet Ordusuna çağırdılar. 1967-ci ildə balaca İsrail nəhəng ərəb dövlətlərinin ordularını 6 günlük müharibədə darmadağın etmişdi və ərəb dövlətləri Sovet İttifaqından öz ordularını yenidən qurub silahlandırmağı xahiş etmişdi.  Əlcəzair, Liviya, Misir, Suriya, İraq, Yəmən, Sudan on mindən çox sovet hərbi mütəxəssisini məmnuniyyətlə qəbul etdi.

Bu qədər böyük sayda hərbi mütəxəssisin işini təmin etmək üçün SSRİ-də bütün az-çox ərəb dilini bilən adamları yığıb ərəb dövlətlərinə göndərdilər.

Mən Misrə düşdüm. Burada artıq fakultəmizin azı 30 məzunu işləyirdi. Aramızda ərəb dilini güclü bilən də var idi, zəif bilən də. Rus dilini güclü bilən də var idi, zəif bilən də.

Tək Mübariz Əsədov rus dilində danışmaqdan, ərəblərin nitqini rus dilinə tərcümə etməkdən qəti imtina edirdi.

Hörmətli oxucum mənə inanmayıb gülə bilər, fəqət rəfiqimiz Mübariz Əsədov öz rus komandirindən tələb edirdi ki,  Azərbaycan dilini öyrənsin.

Vəziyyəti təsəvvür edin: qanlı müharibə gedir. İsrail aviasiyası hər gün Misir hərbi hissələrini bombalayır.  Moskvadan Misrə ezam olunmuş podpolkovnikə əmr verilib ki, öz məsləhətləri ilə misirli zabitə bir hərbi briqadanın döyüş qabiliyyətini yüksəltməyə kömək etsin. Bədbəxt rus podpolkovniki iki dili mükəmməl bilir: rus dilini və söyüş dilini. Başqa dil bilmir. Komandanlığa yalvarır ki, mənə ərəb dili bilən bir mütərcim verin. Komandanlıq ona deyir ki, ərəb dili mütərcimi yoxdur, hətta generallar gündüz çıraqla axtarırlar, tapammırlar. Podpolkovnik çox yalvarır, axırda ona muştuluq verib deyirlər ki, Moskvadan bir mütərcim göndərilib, onu sənə veririk.

Budur ha, Süveyş kanalı boyunca uzanan cəbhə xəttində yerləşən hərbi hissəyə təşrif buyurur mütərcim və baxır podpolkovnikə, podpolkovnik baxır ona və mütərcim podpolkovnikdən sınıq-salxaq rus dilində soruşur ki, “sən Azərbaycan dilini bilirsən”? Podpolkovnikin gözü bərəlir və deyir ki, “bilmirəm”. Mütərcimin qanı qaralır və deyir ki, “olmadı da, onda mən səninlə işləyəsi olmadım, çünki mən ərəb dilindən yalnız Azərbaycan dilinə tərcümə edə bilirəm”. Rus podpolkovnikinin cin vurur başına, açır ağzını və keçir mükəmməl bildiyi söyüş dilinə. Mütərcim gözləyir komandirin nitq fəvvarəsinin tükənməsini və sonda ona soyuqqanlı baxıb deyir ki, “niçeqo ne ponyal”.

Müxtəsər, Misirdə işləyən və hərbçilər arasında öz bilik və bacarığı sayəsində müstəsna hörmət qazanmış azərbaycanlı mütərcimlər bu Mübariz Əsədova çox yalvardılar ki, bu məzlum və bədbəxt podpolkovnikə öz sınıq-salxaq rus dilində bir kaç kəlmə tərcümə etsin, mətin milli kadromuz dedi ki, “öldü var, döndü yox, podpolkovnikin canı çıxsın, Azərbaycan dilini öyrənsin”.

Komandanlıq ərəb dili mütərcimlərinin amansız qıtlığı şəraitində diplomunda  “ərəb dili mütərcimi” yazılmış bir adamın geriyə, Moskvaya qaytarılmasını öz hərbi karyerasına və paqonlarına qona biləcək ulduzların sayına böyük təhlükə sayaraq gecə-gündüz zarıyan və ahu-nalə çəkən podpolkovnikə elə-hey məsləhət görürdü ki, “mütərcimlə işləsin, ona rus dili öyrətsin”.

Mən ömrümdə Mübariz Əsədov qədər ana dilini sevən, onun təəssübünü çəkən, onun şənini göylərə qaldırmağa çalışan ikinci azərbaycanlı tanımıram. Mərd, vətənpərvər insan idi bu mütərcim Mübariz Əsədov! İki il Misirdə işlədi, o rus podpolkovnikə ərəb dilindən bircə cümlə belə rus dilinə tərcümə etmədi, iki ildən sonra maşın pulunu yığıb vətəninə qayıtdı.

Etiraf etməliyəm ki, Mübariz Əsədov bir məsələdə uğur qazana bilmədi: rus podpolkovnik Azərbaycan dilini öyrənmədi ki, öyrənmədi.

Sözümün canı indi nədir, bilirsinizmi? Niyə, hansı səbəbdən mən yarım əsr bundan əvvəl baş vermiş bu gözəl və ibrətamiz hadisəni xatırlayıram? Baxıram Ukrayna “Youtube” kanallarına. Əhalimizin mütləq əksəriyyəti kimi, Ukraynaya azarkeşlik edirəm. Bütün müsahibələrimdə Rusiyanı tənqid edirəm. İş o yerə çatıb ki, o gün təsərrüfat malları dükanına girib qayçı istəyirəm, satıcı mənə deyir ki, Çin və Ukrayna istehsalı olan qayçılar var, mənim Ukrayna təəssübümü nəzərə alıb mənə yalnız Ukrayna qayçısı sata bilər. Dinməyib pulu verirəm və Ukrayna qayçısı alıram.

Bəzi Ukrayna aparıcıları, onları öldürsən də, rus dilində danışmırlar. Müsahibi rusca danışır, o isə sualını və şərhini Ukrayna dilində verir. Bu kanalların tamaşaçılarının əksəriyyəti, məlum məsələdir ki, Ukrayna dilini bilmir. Mənanı tutmağa çalışsa da, böyük çətinlik çəkir. Fəqət ukraynalı aparıcılar yalnız öz dillərində danışır.

Hansı səbəbdən?

1.Rus xalqına və rus dilinə nifrət edirlər. Nolar, haqları var. Bəs onda niyə yalnız rus dilində danışan insanlardan müsahibə alırlar? Axı onların Ukrayna dilində verdikləri suallara müsahibləri yalnız rus dilində cavab verir. Deməli, onların verilişində rus dili səslənə bilər, lakin onların ağzından və dilindən yox. Qorxurlar ki, ukraynalı vətənşivənlər onları milli naqislikdə ittiham edərlər?

2.Müsahiblərinə bir-iki çəkiliş əsnasında Ukrayna dilini öyrətmək istəyirlər. Olmadı da! Mübariz Əsədovun iki ilə bacarmadığı işi bir-iki verilişə görmək mümkün deyil.

Dil vacib məsələdir. Dilə verilmiş tərif deyir ki, “dil – ünsiyyət vasitəsidir”.

ÜNSİYYƏT.

Ana səhifəMənim FikrimcəMilli natamamlıq sindromu