Milli Məclis qanun dəyişikliklərini təsdiqlədi: Vergi, yol hərəkəti, inzibati xətalar

İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, artıq sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi olmayacaq

Source: Foto: Azertac


İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, artıq sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi olmayacaq

Milli Məclisin iclasında bir sıra qanun layihələri III oxunuşda səsverməyə çıxarılaraq təsdiqlənib.

“Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunması barədədir.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olunub.

Lakin hazırda qəbul edilmiş dəyişikliyə görə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir.

Həmçinin kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edillib.

Digər dəyişikliklə Azərbaycanda bir neçə mala aksiz dərəcələri tətbiq edilməsi barədədir:

– Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

– Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Bundan başqa bir neçə aksizli malların dərəcələri artırılır.

Dəyişikliklə siqarillanın (nazik siqarlar) 1 000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 100 manata qaldırılır.

Məcəlləyə başqa dəyişikliklə isə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətində vergidən azad olunacaq.

Həmçinin Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.

Dəyişiklik nəzərdə tutulan digər müddəa ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi daha 2 il müddətinə ƏDV-dən azad ediməsidir.

İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, artıq sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi olmayacaq.

Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Bundan başqa, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyəcək.

İnzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı vəzifəli şəxslər üçün cərimə tətbiq olunacaq.

İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmır.

Dəyişikliyə əsasən, bu halda vəzifəli şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxararsa, o,150 manatdan 200 manatadək cərimə olunacaq.

Bundan başqa, dəyişikliyə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilməyəcək.

Digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdıran və nəqliyyat vasitələrinin nasazlıqları sırasına şüşəyə jalüz çəkilməsi də daxil edilir.

Hazırkı qanunvericiliyə görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxildir. Dəyişikliklə isə, bu sıraya jalüz çəkilməsi də aid olacaq.

Bundan başqa, qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi.

Layihəyə əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.

Həmçinin ürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Qüvvədə olan qanuna əsasən, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilib. Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qanunun bu müddəası qüvvədən düşəcək.

Ana səhifəXəbərlərMilli Məclis qanun dəyişikliklərini təsdiqlədi: Vergi, yol hərəkəti, inzibati xətalar