Milli cəhalətin ənginliklərində

Milləti qoyaq karıxıb durduğu yerdə və üz tutaq cibişdan məsələlərinə, zira milləti ondan cox maraqlandıran məsələ yoxdur.

Foto: Meydan.tv

Siyasi sinfimizin barəkəllah ağlına!

Zahirlə batini fərqləndirmək və müqayisə etmək bacarığı faydalı şeydir.

Zahirimiz gözəldir, batinimiz bərbad.

İnsanın və cəmiyyətin mövcudluğu üçün nə daha vacibdir, özünüz deyin.

Dövlətin və millətin qarşısında duran vəzifələrin heç biri həllini tapmayıb və heç bir ümid yeri də yoxdur ki, tapsın.

REAL-ı istisna etsək, nə yuxarıda, nə aşağıda bu vəzifələri tam mürəkkəbliyi ilə dərk edən qüvvə və insanları görmürəm.

Əgər Milli Elmlər Akademiyası millətimizin zəka potensialının göstəricisi sayılırsa, vay Azərbaycanın halına və gününə!

Son yarım əsr cəmiyyətimiz üzərində aparılan qorxunc təcrübə öz qaçılmaz nəticəsini nümayiş etdirməkdədir: əks işarə ilə formalaşan hakim siyasi sinif cəmiyyətin gerçək müşküllərinin həllini tapmaqda acizdir. Nə əqli, nə mənəvi cəhətdən buna qadir deyil.

Əqli cəhətin kasadlığı kinayə doğurur. İstənilən mövqe və hadisəyə münasibətdə milli şüurun təzahürü labüd məğlubiyyətdən xəbər verir.

Ən sadə və danılmaz sübut?

1988-1991-ci illərdə respublikaya rəsmən rəhbərlik etmiş nomenklatura marallarının siyasi cəhaləti və mənəvi yoxsulluğu Moskvadakı ağalara zəmanət verirdi ki, arxayın olsunlar: Bakıda, AKP MK-da bir nəfər kişi tapılmayacaq ki, Azərbaycanı məhvə sürükləyən qərarlara etiraz etsin və hüquqi səlahiyyətlərdən istifadə edib Moskvanın bu qanunsuz qərarlarını rədd etsin!

Pribaltika kommunist rəhbərlərinin əqli və mənəvi keyfiyyətləri imkan verirdi ki, onlar tarixin hökmünün və öz xalqlarının tərəfində durub Moskva ağalarına “yox” desinlər.

Məhz buna görə bəndəniz 1991-ci ilin yazında sonuncu Estoniya Kommunist Partiyasının Birinci katibi Vyalyası Tallində küçədə tək və asudə piyada gəzən görəndə eston xalqına həsəd aparmışdı.

Heç kimin ona yaxınlaşıb güldən ağır söz deməyə haqqı yox idi.

Azərbaycan Kommunist Partiyasının son iki Birinci katibləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov isə Azərbaycandan Moskvaya qaçaraq canlarını onları parçalamağa hazır olan kütlənin əlindən zorla qurtara bilmişdilər. Elçibəy də qaçmışdı, lakin Moskvaya deyil, Kələkiyə qaçmışdı.

Əsla demək istəmirəm ki, respublika rəhbərlərini parçalamağa hazır olan kütlə haqlı idi. Azərbaycanın daha böyük faciəsi onda idi ki, bu kütləyə rəhbərlik edən zümrənin əqli səviyyəsi və mənəvu yoxsulluğu hakim nomenklaturada olandan qat-qat aşağı idi! Nə kütlənin özünün, nə də kütlənin sevib səcdə etdiyi liderlərin əqli səviyyəsi və mənəviyyatı Azərbaycana zərrə qədər macal qoymurdu ki, işlərimizin düzgün və uğurlu getməsinə ümid edək.

Kütlə? Meydanda gurlayıb çağlayan kütlə həmin vaxt hədsiz ruh yüksəkliyi ilə “Biz erməniləri tüpürcəyimizlə qovacağıq” bağıran şair Xəlil Rza Ulutürkü alqışlayırdı. Kütlə “Erməniləri biz çıxdıqları yerə qədər qovajayıx” deyən İsgəndər Həmidovu görkəmli siyasətçi və qəhrəman sayırdı. Kütlə “Ermənilərin dizi üçcə aya qatlanajax” vədini verən Əbülfəz Əliyevə səs verirdi. Kütlə “Bir azdan hamının cibi pulla dolacaq” vədini verən İsa Qəmbəri hədsiz ağıllı siyasətçi sayırdı.

Bu, kütlə idi. Bəs müxalif siyasi sinfin başbilənləri hansı meyarlarla düşünürdü? Onların məqsəd və niyyətləri nə idi? Onların millətə verdikləri vəd və şüarlar nə deyirdi?

“XXI əsr türk əsri olacaq!”, “Baykal gölündən Aralıq dənizinə qədər böyük türk imperiyası yaranacaq!”, “İran, Çin və Hindistan dağılacaq!”

Siyasi başbilənlər hakimiyyət duzunu yalayıb elə bilirdilər ki, ona sahib çıxacaqlar. Məlum oldu ki, onlara da, kütləyə də “tuzaq” qurulubmuş! Milli cəhalətdən barınmaq yarışında Ulu öndər hamıdan cəld və zirək tərpəndi.

Siyasi sinfimizin barəkəllah ağlına! Və barəkəllah milli ağlımıza!

Gün keçdi, il dolandı. Müstəqilliyimizin 28-ci ilidir. Qarabağ yoxdur. Sənaye yoxdur. Elmin əsas şərti olan azad fikir yasaq altda. Xalq Ulu öndərin və akademik Ramiz Mehdiyevin müasir zəmanə ilə tam uyğun dürlü kəlamları ilə kifayətlənir. Milli siyasət səhnəsində əcaib məntiqli hökmlər eşidirik.

Məsələn, bir vücud əllaməlik edib millətə buyurur ki, Azərbaycanda elm sürətlə inkişaf edir və ya etməlidir. Nəzərə alsaq ki, ölkəmizdə gerçəkliklə istək arasında sərhəd yoxdur, bu kəlamı istənilən tərəfə yozmaq olar, yəni, elmimiz var və inkişaf edir.

Bir nəfər də demir ki, tətbiqi olmayan elm quru sxolastikadır, yəni əgər Azərbaycanın sənayesi yoxdursa, deməli, bu Azərbaycan elminin nəticələrinin tətbiq ediləsi meydançası yoxdur. Əgər tətbiq yoxdursa, bu milli elmin millətə və ölkəyə qara qəpiklik xeyri yoxdur. Əgər xeyir yoxdursa, onda nə ilə qürrələnirik və öyünürük? Əgər mənasız yerə və əbəs öyünürüksə, bəlkə başımız xarabdır? Bəlkə əqli həkimlərə müraciət edək?

Bunu heç kəs demir. Desə, cəmi millət onun üstünə tökülüşüb onu ittiham edər ki, sən millətin düşmənisən. Necə ki, vaxtilə ulu və şanlı babalarımız Mirzə Fətəlini, Həsən bəyi, Mirzə Ələkbəri, Mirzə Cəlili ittiham edib bu binəvaların həyatlarını cəhənnəmə döndərmişdilər.

Bəli, dəyərli hakimiyyət maralları millətə elan edir ki, qurtardı, korrupsiyaya yaşıl işıq zamanı bitdi, hakimiyyət innən belə korrupsiya ilə amansız mübarizə aparacaq.

Pulu əl çalmaqdan çıxan yazarlar və siyasilər analoqu olmayan coşqunluq və ruh yüksəkliyi nümayiş etdirib özləri sevinirlər və milləti sevinməyə haylayırlar.

Millət yeni darvaza görmüş davar kimi duruxub durur, bilmir sevinsin, ya rüşvət üçün qapını kəsmiş məmurun haqqını və şirinliyini versin.

Milləti qoyaq karıxıb durduğu yerdə və üz tutaq cibişdan məsələlərinə, zira milləti ondan cox maraqlandıran məsələ yoxdur.

Prezident milli sıravi fərdlərin millətin yeganə gəlir mənbəyi olan neftdən almalı olduğu payı artırmaq barədə sərəncam imzaladı.

Paho-o! Milli şadyanalıq üçün necə də gözəl fürsət!

Hakim siyasi sinfin özünüqoruma instinkti gözəl işlədi və sərəncamla alınası faizə uyğun qiymət artımı mexanizmi təzə alman və ya yapon maşınının mühərriki kimi səssiz işə düşdü.

Sıravi vətəndaş bu pulu, türkün məsəli, əlinə alana kimi, bu artımın onun qanuni sahiblərinə çatması üçün tələb olunan mexanizm öz işini uğurla artıq görməyə başlamışdır.

Əlahəzrət zati-aliləri cənablarına çatası payda çatışmazlıq aşkarlansa, devalvasiya fəndinin işə salınmasının labüdlüyünə heç kəs şübhə etməsin. Necə ki, keçən iki dəfə sıravi vətəndaşın payının tənzimlənməsi əməliyyatı zamanı manat ucuzlaşıb indiki zəlil səviyyəyə düşmüşdü.

Bu, həyatımızın bəzilərin bildiyi, fəqət hamının yaşadığı qanunlarıdır. Qanun isə ölüm kimi bir şeydir, yəni qaçılmazdır.

Həmin bu qanun deyir ki, millətimizin əksəriyyəti bu qanunları nəinki bilmir, heç bilmək belə istəmir. İstəmir və milli cəhalət ümmanının ənginliklərində şad-xürrəm üzüb “Azərbaycan” gəmisinin hara, hansı səmtə yönəlməsi ilə əsla maraqlanmır.

Ana səhifəXəbərlərMilli cəhalətin ənginliklərində