Məzahir Pənahov

Mənbə: Foto: arxiv

Başlıq: Məzahir Pənahov

Məzahir Pənahov: Rekord sayda deputatlığa namizəd qeydə alınıb

Məqalə yeniləndi:  16 Yanvar 2020

Yanvarın 17-dən deputatlığa namizədlərin təbliğat kampaniyası başlanır

“Azərbaycanda fevralın 9-a keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Bunu seçkilərin təbliğat kampaniyasının başlanmasın həsr edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Təbliğat kampaniyası yanvarın 17-də başlayır və səsverməyə 24 saat qalmış, yəni fevralın 8-də bitir.

Məzahir Pənahov bəyan edib ki, bu seçkilərdə rekord sayda namizəd iştirak edəcək.

Ən çox namizəd 15 saylı Yasamal I seçki dairəsində qeydə alınıb, 44 nəfər. Ən az namizəd isə Naxçıvan Muxtar Respublikasının 1 və 3 saylı dairələrində qeydə alınıb, hər birindən 3 nəfər.

Namizədlər arasında hakim partiyanın 43 saylı Sumqayıt III seçki dairəsindən dəstəklədiyi Rusiya Federasiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının İdarə Heyətinin üzvü Emin Hacıyev var.

MSK-nin mətbuat xidmətinin rəhbəri Şahin Əsədli Meydan TV-nin bu barədə sorğusuna cavabında bildirib ki, Emin Hacıyev Azərbaycan vətəndaşıdır:

“Onun namizədliyinin irəli sürülməsi ilə bağlı atılan addımlar Seçki Məcəlləsinə uyğundur. Emin Hacıyevin fəaliyyətində qanunvericiliyin tələblərinə zidd heç bir hal yoxdur. Sadəcə, Emin Hacıyev Rusiya Federasiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının İdarə Heyətinin ictimai əsaslarla üzvüdür”.

Digər bir namizəd isə Rusiyada 17 il həbsxana həyatı yaşayıb. Bu, 98 saylı Şəmkir seçki dairəsindən namizədliyi qeydə alınan Müşfiq Şəmədovdur. Şahin Əsədli bildirib ki, bu məsələ araşdırılıb və namizədliyi ilə ziddiyyət təşkil edən ödənilməmiş məhkumluğu yoxdur.

MSK rəsmisi bəzi adamların bir neçə dairədə namizədliyini irəli sürmələrindən xəbərdar olduğunu söylədi.

Onun fikrincə, bəziləri əvvəl irəli sürdükləri dairədən imtina edib başqa dairəyə üz tutublar:

“Məsələn, Təbriz Əsgərzadə həm 41 saylı Sumqayıt, həm də 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi irəli sürüb. O, 41 saylıdan imza vərəqələri götürsə də, qaytarmayıb və müddət bitdiyindən onun həmin dairədən namizədliyinə baxılmayacaq. Yaxud Gültəkin Sadıqova həm YAP xətti ilə, həm də bitərəf kimi 61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb. Gültəkin Sadıqova bitərəf kimi namizədliyindən imtina edib və hakim partiya tərəfindən müdafiə edildiyi üçün burada qanunsuzluq yoxdur. Onsuz da seçkiyə 20 gün qalanda bütün namizədlərin siyahısı MSK-nin saytında yerləşdiriləcək. Bu gün, yanvarın 16-ı qeydiyyatın son günüdür. Sabah isə təbliğat kampaniyası başlanır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/93boi7

Ən çox baxılan