Məzahir Pənahov

Mənbə: Foto: arxiv

Başlıq: Məzahir Pənahov

Məzahir Pənahov namizədlərdən əmlakları barədə məlumat vermələrini istədi

Ekspert: “İstənilən jurnalist müraciət etməklə, həmin məlumatları əldə edə bilməlidir”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərə qatılmış namizədləri əmlakları barədə məlumat verməyə dəvət edib.

Bu barədə “Turan” İnformasiya Agentliyinə (http://turan.az/ext/news/2020/1/free/politics%20news/az/86362.htm) Mərkəzi Seçki Komissiyasından məlumat veriblər.

Məzahir Pənahov vurğulayıb ki, deputatlığa namizədliyini irəli sürmüş şəxslər öz əmlaklarını gizlətməməlidirlər:

“Əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Meydan TV-yə deyib ki, əslində bütün seçkilərdə namizədlər son 1 illik gəlirləri və onun mənbələri barədə məlumat açıqlamalıdırlar. Eyni zamanda, onlar var olan daşınar və daşınmaz əmlaklarını da bəyan etməlidirlər:

Akif Qurbanov

Akif Qurbanov

Mənbə: Foto: Meydan tv

“Bu məlumatlar gizli deyil, açıq olmalıdır. İstənilən media orqanı seçki qurumuna informasiya sorğusu göndərərək, bu məlumatları əldə edə bilməlidir. Çünki bu, namizədin cəmiyyət qarşısında şəffaflığı üçündür. Xalq bilməlidir ki, namizəd seçilməmişdən öncə nələrə sahib idi və seçildiyi dövrdə əldə etdiyi nəticələr nədən ibarətdir”.

Akif Qurbanov deyir ki, bu, bir növ ictimai nəzarət üçündür:

“Namizədlər gələcəkdə seçiləcəkləri postdan sui-istifadə edərək əmlaklarını və gəlirlərini artıracaqlarmı, ya yox – buna nəzarət üçündür. Bu baxımdan hesabatın verilməsi vacibdir”.

Seçki eksperti Bəşir Süleymanlı isə deyir ki, əvvlki seçkilərdə Məzahir Pənahovun belə bir çağırış etdiyini xatırlamır.

“Ancaq Seçki Məcəlləsində belə bir tələb var. Namizədlər öz gəlirlərinin miqdarı və mənbələri, eyni zamanda sahib olduqları mal varlığı barədə məlumat verməlidirlər”, – deyə Bəşir Süleymanlı bildirir.

Bəşir Süleymanlı deyir ki, bu proses həmişə qeyri-şəffaf aparılıb. Əvvəlki dövrlərdə bunu müşahidə etmək mümkün olmayıb:

Bəşir Süleymanlı

Bəşir Süleymanlı

Mənbə: Foto: Meydan tv

“İstər parlament, istərsə də prezident seçkiləri olsun. Heç birində mal varlığı və gəlirlərlə bağlı şəffaf açıqlama görməmişik. Açıqlasalar belə, onların əmlakları ilə bağlı monitorinq aparmaq mümkün olmayıb. O cümlədən də, namizədlərin bəyan etdikləri məlumatların nə dərəcədə doğru olduğunu araşdırmaq kimi bir şansımız yoxdur”.

Bəşir Süleymanlı deyir ki, sonuncu prezident seçkilərində bu məsələ qaldırılmışdı. O zaman Mərkəzi Seçki Komissiyası (MSK) açıqlama vermişdi ki, namizədlər məlumatları veriblər, ancaq onlar açıqlamır: “MSK bunun gizli qalmalı olduğunu düşünürdü. Mən isə hesab edirəm ki, bu, şəffaf olmaldır. Bundan əlavə, MSK bütün namizədlərin əmlakları ilə bağlı məlumat açıqlamasını istəyirsə, bunu hər kəsə şamil etməlidir. Bütün namizədlərdən məlumatlar alınmalı və proses şəffaf aparılmalıdır. İstənilən jurnalist müraciət etməklə, həmin məlumatları əldə edə bilməlidir. Bir sözlə, aşkarlıq prinsipi qorunmalıdır. Təəssüflər olsun ki, bu məsələ dəfələrlə qaldırılsa da, şəffaflığı görmürük”.

2019-cu ilin noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Bir gün sonra, prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/khe7q0

Ən çox baxılan