Meydan TV əməkdaşlarının həbsxanadan çağırışı

“Meydan TV işi”nə görə həbs olunanlar. Foto-kollaj: Meydan TV

“Baş verən haqsızlıqları “xalça altına ötürən” hökumət hələ anlamır ki, bir gün üfunət iyindən özü boğulacaq”

Meydan TV-nin həbsdə olan əməkdaşları 3 May – Beynəlxalq Mətbuat Azadlığı günü ilə bağlı ictimaiyyətə çağırış ediblər. Həmin çağırışı olduğu kimi təqdim edirik:

“3 May Beynəlxalq Mətbuat Azadlığı günüdür. Biz bu günü tikanlı məftillər arxasında qeyd edir, qapalı kameralarımızdan ölkəmizə və beynəlxalq aləmə səslənirik: Varlığımızla, fəaliyyətimizlə bütün basqıcı rejimlərə meydan oxumağa davam edirik. Bizi həbsxanaya salıb susdurduğunu zənn edənlər, həbsxananın özgürləşdirici gücündən xəbərsizdir. Daha heç bir narahatlıq yoxdur, həbs edilmişik, səsimiz buradan daha gur çıxacaq, daha çox duyulacaq.

Bu gün ölkə hakimiyyətinin müstəqil mediaya illərlə davam edən basqısı nəhayət öz nəticəsini verib və Azərbaycanda bir azad media nümunəsi belə qalmayıb. Müstəqil jurnalistlər həbs olunub və xarici mediaların nümayəndəlikləri ləğv edilib. Nəticədə ölkədə Prezident Administrasiyasının tezisləri ilə fəaliyyət göstərən cib mediası qalıb. Vəziyyət o həddədir ki, jurnalistlərin məhkəmələrdən hazırladıqları materiallar DTX-nın əməkdaşının redaktəsindən sonra dərc edilir. “Baku TV”, “Real TV” kimi özünü xalqın mediası kimi qələmə verənlər ifşa və təhdid dilini seçir. Vətəndaş cəmiyyətinin təqib və həbs xəbərləri tərəf olaraq paylaşılır.

İstintaq materialları rahatlıqla dərc edilir. Bəli, artıq həmin medialar bariz formada hakimiyyətin silkələnən barmağı rolunu oynayır. Məqsəd və missiyası xalqla iqtidar arasında körpü rolunu oynayan, hakimiyyəti təşviq, gizlinləri ifşa edən müstəqil medianın sıradan çıxarılması xalqla hakimiyyəti üz-üzə qoyub. Bu səbəbdən yerli mediaya qaz, yol kimi məişət problemlərini işıqlandırmaq icazəsi verilsə də, sosial ədalətsizlik, hüquq-mühafizə orqanlarında baş verən qanunsuzluqlar, məhkəmə sistemində yarıtmazlıq gözardı edilir. Baş verən haqsızlıqları “xalça altına ötürən” hökumət hələ anlamır ki, bir gün üfunət iyindən özü boğulacaq. Buna inanmayan və gücünə güvənən İlham Əliyev onu unudur ki, heç bir xof xalqın səsini batıra bilməz və müvəqqəti sükut heç də firavanlığın, razılığın göstəricisi deyil. Demokratiyanın təməli olan müstəqil mətbuatın yox edilməsi, jurnalistlərin kütləvi həbsi, məhz Azərbaycan xalqına verilən “Sus” mesajıdır. Bu cinayət hamımıza qarşı işlənilir. Bütün hüquqları əlindən alınan, görməzdən gəlinən Azərbaycan xalqı bilsin ki, həqiqəti göstərmək, iqtidarın korrupsiya cinayətlərini, qanunsuzluqlarını üzə çıxarmaq üçün həbsxanada dirənən jurnalistlər var!

Biz ifadə azadlığını qəsb edənlərin məhbusları, beynəlxalq təşkilatlara, söz azadlığının keşiyində duranlara çağırış edirik! Müharibələrlə çalxalanan dünyada ifadə azadlığının boğulmasını gözardı etməyin. Əks halda diktatorların əzdiyi cəmiyyətlərin dairəsi genişlənəcək! Biz – İstintaq Təcridxanasının az qala hər “qarmoşka”sından boylanan jurnalistlər haqqımız olan azadlığımızı tələb edirik!”, – çağırışda belə deyilir.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs olunub. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də həbs edilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs edilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəMeydan TV işiMeydan TV əməkdaşlarının həbsxanadan çağırışı