Metroda sərnişinlərin sayı azalıb

Bakı Metropoliteni hesab edir ki, azalma metronun işi ilə bağlı deyil

Source:


Bakı Metropoliteni hesab edir ki, azalma metronun işi ilə bağlı deyil

2016-cı ilin yanvarında Bakı metrosunda sərnişin axını 8,2 faiz azalıb.

Metro üzrə sərnişin daşımanın azalma tendensiyası 2011-ci ildən bu yana ilk dəfə qeydə alınır. Belə ki, o zaman metroda gediş haqqı üç dəfə artırılıb (0,05-dən 0,15 manatadək).

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda Bakı Metropolitenində 16,8 mln. sərnişin daşınıb. Halbuki, bir ay öncə metro xidmətindən 20 mln. nəfər istifadə edib.

“Bakı metropoliteni” QSC-nin mətbuat xidmətindən “Turan IA”-a bildirilib ki, yanvarda metronun iş qrafikində, hərəkətində dəyişiklik olmayıb. “Metro ilə hərəkət etmək istəyən sərnişinlərə hər hansı məhdudiyyət qoyulmayıb. Odur ki, qeyd olunan azalmanın Bakı metrosunun fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur”, – agentliyin informasiya sorğusuna cavab olaraq bildirilib.

“Turan IA” metro ilə sərnişin daşımanın azalmasının səbəbləri ilə bağlı bakılılar arasında qısa sorğu keçirib.

Respondentlərin əksəriyyəti hesab edir ki, bu, əhalinin geriyə – Bakıdan regionlara axınının nəticəsidir. Belə ki, ticarət, iaşə, tikinti sahələrində iş yerlərinin itirilməsi ilə əlaqədar işçi qüvvə evlərinə – rayonlara qayıdır. Həmçinin ali məktəblərdə uzunmüddətli tətil də rol oynayıb.

2015-ci ildə metro ilə 222 mln. adam daşınıb ki, bu da əvvəlki ildə olduğundan 3,5 faiz çoxdur.

Ana səhifəXəbərlərMetroda sərnişinlərin sayı azalıb