“Mərkəzi Seçki Komissiyası nəticələri saxtalaşdıracaq”

“Həmin şəxslər səsvermə bülleteni alarkən seçici siyahısında başqa şəxslərin əvəzinə imza atmalıdırlar”

Mərkəzi Seçki Komissiyası, Foto: Mərkəzi Seçki Komissiyası


Deputatlığa namizədlər bəyanat verdilər

Deputatlığa namizədlər – 41 saylı Sumqayıt Birinci seçki dairəsindən qeydə alınmış Vasif İsmayıl, eləcə də 10 saylı Binəqədi Üçüncü seçki dairəsindən deputatlığa namizədlər Qorxmaz İbrahimli və Rəbiyyə Məmmədova bəyanat yayıb.

Vasif İsmayılın seçki qərargahından ölkə başçısı İlham Əliyevə, kütləvi informasiya vasitələrinə və o cümlədən ictimaiyyətə ünvanlanan bəyanatda deyilir ki, indiyə qədər keçirilmiş seçkilərdə pozuntuların qabardılmasına baxmayaraq, ümidli bir şəxs, komanda kimi bu seçkiyə qoşulmağı hədəfləyiblər, amma saxtakarlıq ehtimalları da nəzərə alınıb:

“İki saat bundan əvvəl almağa başladığımız duyumlara görə Mərkəzi Seçki Komissiyası tərəfindən keçmiş iyrənc seçki ənənələrinə uyğun, seçkilərin nəticəsindən asılı olmayaraq mənim adımın ikinci yazılacağı anlaşılmışdır. Bu ədalətsizlikdir.

Namizəd olduğum dairədə bütün məntəqələrdə peşəkar seçki müşahidəçilərimiz vardır. Sizin islahat proqramınızda müvəffəq olmağınız üçün seçkilərin şəffaflığı uğrunda bütün mümkün vasitələrdən istifadə edəcəyik. Heç bir saxtakarlığa göz yummayacağıq. Bütün mümkün vasitələr gözə alınmışdır, müşahidəçilərimizlə bütün məlumatları paylaşırıq və seçkinin saxtakarlaşdırılmasına maksimum dərəcədə əngəl olacağıq”.

Bəyanatda daha sonra deyilir:

“Bizim heç bir inzibati resursumuz yoxdur. Ona görə də Sizdən xahiş edirik ki, seçkilərin tam və ədalətli keçirilməsi, seçki prosesinə uzanmış gizli əməllərin əngəllənməsi, sızdırılmış məlumatların gerçəkləşməməsi üçün göstərişlər verəsiniz”.

Qorxmaz İbrahimli və Rəbiyyə Məmmədovanın birgə bəyanatında isə deyilir:

"Bəzi məntəqə seçki komissiyalarından daxil olan məlumatlara əsasən, 10 saylı Binəqədi Üçüncü seçki dairəsinin sədri İsgəndər Əliyev dairə üzrə seçkilərin nəticələrini hazırkı deputat Madər Musayevin xeyrinə saxtalaşdırmaq barədə məntəqə seçki komissiyalarının sədrlərinə bir sıra göstərişlər verib. Həmin göstərişlərə əsasən, M.Musayevə veb-kameralar quraşdırılan məntəqələrdə 40%, digər məntəqələrdə isə 50%-dən çox səs yazılmalıdır və o, seçki dairəsi üzrə seçilmiş elan olunmalıdır. Seçki dairəsi üzrə 2-ci yer YAP-ın namizədi Anar Əliyevə məxsus olmalıdır. Digər namizədlərə isə yaşadıqları məntəqələrə uyğun neçə faiz səs yazılacağı barədə göstəriş seçki günü veriləcək".

"Bundan başqa, seçki dairəsi üzrə məntəqələri gəzərək M.Musayevin lehinə səs vermək üçün, təxminən 20 nəfərlik qrup yaradılıb və həmin şəxslər haqqında məlumatlar məntəqə seçki komissiyalarının sədrlərinə verilib. Həmin şəxslər qrup şəklində səsvermə otağına daxil olarkən onların barmağının işarələnməsini yoxlamalı olan komissiya üzvü ultrabənövşəyi lampanı işə salmadan onların sol əlinin baş barmağına və ya gözəgörünməz mürəkkəb vurulmayan hissəyə yönəltməlidir. Həmin şəxslər səsvermə bülleteni alarkən seçici siyahısında başqa şəxslərin əvəzinə imza atmalıdırlar", – bəyanatda deyilir.

secse.jpg
Səslərin sayılması prosesi

Məlumatda həmçinin bildirilir ki, İsgəndər Əliyev məntəqə seçki komissiyalarının sədrlərinə Qorxmaz İbrahimlinin və Rəbiyyə Məmmədovanın təyin etdiyi məşvərətçi səs hüquqlu komissiya üzvlərini və onun maraqlarını təmsil edən müşahidəçiləri nəyin bahasına olursa-olsun zərərsizləşdirməyi tapşırıb:

"Bu məqsədlə idmançı gənclərdən ibarət xüsusi qrupun hazırlandığını və istənilən vaxtda məşvərətçi səs hüquqlu komissiya üzvlərinə və müşahidəçilərə zor tətbiq edəcəklərini də bildirib".

"İsgəndər Əliyev, həmçinin seçki dairəsinin ərazisində yerləşən hərbi hissə rəhbərlərinə, hərbi qulluqçular M.Musayevdən başqa digər namizədlərə səs verəcəkləri halda onların ciddi şəkildə cəzalandırılacaqlarını deyib.

Qorxmaz İbrahimlinin və Rəbiyyə Məmmədova 10 saylı Binəqədi üçüncü seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması üçün görülən hazırlıqları müvafiq qurumların nəzərinə çatdırmaqla, onlardan bu qanunsuz müdaxilələrin və saxtalaşdırmaların qarşısını almaq, saxtalaşdırma hazırlıqlarını görən şəxsləri qanunauyğun şəkildə cəzalandırmaq üçün ciddi tədbirlər görməyi təkidlə tələb edirlər", – bəyanatda vurğulanır.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli bu barədə suallarımızı emailə göndərməyimizi məsləhət gördü. Təəssüf ki, 2 saatlıq gözləntimiz və əlaqə saxlamaq cəhdlərimizə baxmayaraq, Ş.Əsədli telefon zənglərimizə cavab vermədi.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasət“Mərkəzi Seçki Komissiyası nəticələri saxtalaşdıracaq”