Meri Enninq – təkamül nəzəriyyəsi üçün “dosye” hazırlamış ilk paleontoloq qadın

Əvvəllər də ixtiozavrların qarın boşluğunda tapdığı daşlaşmış predmetlərin içində balıqpulları və balıq sümükləri aşkar edən Meri onların bərkimiş nəcis olduğunu məhz 1828-ci ildə il kəşf edir.

Source: meydan.tv



(birinci hissə)


“Paleontologiyanın şahzadəsi miss Enninqlə tanışlıqdan məmnun olduq. 28 yaşında, güclü və enerjili bir qızdır, günəş şüalarının qaraltdığı üzündə cəsur ifadə var. Hər səhər və hər fırtınadan sonra sahilə gedib Liyasın yamaclarına dırmaşır, dalğaların yuduğu qumda və uçub tökülən qaya parçalarında fosillərdən bir iz olub-olmadığını yoxlayır”.


Lüdviq Leyhqardt, almaniyalı geoloq

Meri Enninq – “oxumamış alim”. XIX əsrin əvvəllərində poleontologiya elminin yaranmasında böyük rol oynayıb; kökü kəsilmiş canlıların nəhəng skeletlərini aşkar etməklə növlərin təkamülü ideyasının ilkin bazasını formalaşdıranlardan, Çarlz Darvinin istinad mənbələrindən biri olub; Britaniya, Avropa və Amerikanın geoloji dairələrində söz sahibi olub; anatomiya üzrə məsləhətlərinə ehtiyac duyulub, amma qadın olduğu üçün Geologiya Cəmiyyətinə üzv qəbul edilməyib, kəşflərindən istifadə edənlər məqalələrində onun adını çəkməyiblər.

Meri Enninqin tapıntılarının böyük hissəsi şəxsi kolleksiyalarda və muzeylərdə olub – müəllifliyi qeyd edilmədən. O dövrün bir çox elm adamı belə gənc bir qadının, üstəlik, sosial statusu bu qədər aşağı olan birinin savadlı və bacarıqlı ola biləcəyinə inanmayıb, baxmayaraq ki, Meri ildən-ilə daha ciddi uğurlar nümayiş etdirib. Amma kəşfləriylə bağlı sənədləşmənin olmaması ucbatından zamanla tarixçilər də, elm cameəsi də onun adı unudub. Haqqında kitablar və məqalələr yazılsa da, haqqında “dünyanın indiyə qədər tanıdığı ən böyük fosil ovçusu” deyilsə də, paleontologiyaya verdiyi töhfələr barədə çox adam məlumatsız olub. Çünki o, “kişilərin İngiltərəsində qadın olub”.

Dostlarından birinə yazdığı məktubda Meri özü bu haqda belə yazıb: “Dünya məndən o qədər kobud şəkildə istifadə etdi ki, hər şeyə şübhəylə yanaşmaq məcburiyyətində qaldım”.

****

Meri Enninq İngiltərənin cənubundakı Laym-Recis qayalıqlarında ilk dinozavr-ixtiozavr skeletini aşkar edəndə cəmi 12 yaşı vardı (1811). Bu qeyri-adi tapıntıya qədər dünya canlı növlərinin kökünün kəsilə biləcəyinə inanmır, onların təkamülünü isə heç ağlına da gətirmirdi. Biologiya elminin populyar olmadığı o dövrdə Merinin qorxulu tapıntısı nəinki sadə insanları, hətta alimləri də heyrətə gətirmişdi. Bəziləri bir zamanlar mövcud olmuş bu fantastik varlıqların hələ də hardasa mövcud oluğunu iddia etsə də, elm canlı aləmin yaranış tarixinə baxışını dəyişmək məcburiyyətində qalmışdı. Çarlz Darvin “Növlərin mənşəyi” əsərini yazanda keçmişdə həyatın indikindən çox fərqləndiyinin inkaredilməz sübutu olaraq həm də Merinin aşkar etdiyi fosillərə istinad etmişdi.

Miss Enninq Laym körfəzinədki Laym-Recis şəhərində, sahil kənarından topladığı fosilləri turistlərə satmaqla aylıq qazancını artırmaq istəyən kasıb dülgər Riçard Enninqin ailəsində dünyaya gəlmişdi. Onlar sahilə o qədər yaxın yaşayırdılar ki, fırtına zamanı dəniz suyu evlərinin kandarına qədər gəlib çatırdı və bir dəfə hətta içəri də dolub onları pəncərədən çıxıb qaçmağa məcbur etmişdi.

Ailədə 10 uşaq doğulmuş, ancaq yalnız ikisi – Meri və qardaşı İosif yetkinlik yaşına çata bilmişdi. Çünki 19-cu əsr İngiltərəsində 5 yaşına qədər uşaqların, demək olar ki, 50%-i çiçək və qızılça xəstəlikləri ucbatından vəfat edirdi.

Meri də bir dəfə ölümlə burun-buruna gəlmişdi – 1800-cü ildə, bir yaş üç aylıq olanda. Səyyar atçıların şousuna baxmağa gedən qonşu qadın onu da özüylə aparmış, tamaşa vaxtı başlayan yağış onu və daha iki qadını yol kənarındakı bir ağacın altına sığınmağa məcbur etmişdi. Amma az sonra ağacı ildırım vurmuş, qadınların üçü də ölmüşdü. Yaxınlıqdakı adamlar özündən getmiş Merini tələsik evə gətirmiş və isti su dolu vannaya salaraq “diriltmişdilər”. Yerli həkim bunu möcüzə adlandırmışdı. Əvvəllər zəif və çox vaxt da xəstə olan qızcığaz bu hadisədən sonra xeyli dirçəlmişdi. Ailəsinin mənsub olduğu protestantlar icması Merinin sonrakı illərdə nümayiş etdirdiyi oxumaq-öyrənmək həvəsini və qabiliyyətlərini uzun müddət bu insidentin nəticəsi kimi qiymətləndirmişdi.

Meri çox dar çərçivədə təhsil almışdı – icmanın “bazar günü məktəbi”ndə oxumaq-yazmaq öyrənmişdi, vəssalam. Amma sonrakı illərdə o, tapdığı fosilləri araşdırmaq və analiz edə bilmək üçün arxeologiya və geologiyaya aid xeyli elmi ədəbiyyat oxuyacaq, skeletləri və digər heyvan qalıqlarını alimlərdən əvvəl özü təsnifləndirəcəkdi.

****

Əslində, Laym-Rec sahillərində “qəribə şeylər” axtarışı XVIII əsrin sonlarından başlamışdı. Fransa inqilabının “ixracından” qorxan Avropa ölkələriylə Fransa arasında başlamış müharibələr materikə səyahəti təhlükəli hala gətirmiş, varlı ingilislərin yerli kurortlara üz tutmasına səbəb olmuşdu. Şəhər sakinləri bu fürsətdən yararlanıb sahildən tapdıqları “ilan daşlarını” (ammonit), “şeytan barmaqlarını” (belemnit) və “onurğalıları” (onurğa sümükləri) onlara satmağa başlamışdılar. İlk vaxtlarda daha çox kolleksiyaçıların diqqətini cəlb edən bu dəb bür müddət sonra geoloji və biolji elmi araşdırmalar baxımından əhəmiyyət qazanmışdı.

Tapıntıların böyük əksəriyyəti Yura dövründə (210-195 milyon il əvvəl) formalaşmış, əhəngdaşı və dağ suxurlarından ibarət sahilkənarı “Mavi Liya” qayalıqlarından toplanırdı. Qış aylarında – yağıntı suları torpaq sürüşmələrinə gətirib çıxaranda onları tapmaq daha asan olurdu. Amma bu, həm də çətin dövrüydü, çünki sürüşmə bütöv qaya parçalarının qopub düşməsiylə nəticələnə bilirdi.

Meri Enninq ölüm təhlükəsiylə ikinci dəfə burda rastlaşmışdı – böyük bir daş parçası onun düz yanına, eitbarlı yol yoldaşı olan sevimli itinin üstünə düşmüşdü.

Əvvəvlər Meri və İosif fosil axtarışlarına atalarıyla birlikdə getmiş, vərəm xəstəsi olan Riçard Enninqin erkən ölümündən (1810) sonrasa ondan qalan borcları ödəmək və analarına kömək etmək üçün bu işlə təkbaşına məşğul olmaq məcburiyyətində qalmışdılar. Hərçənd qarşıdakı illər də iş tapmaq baxımından onlara böyük perspektivlər vəd etmirdi, çünki anqlikan kilsəsinə aid olmayanları bir çox peşələrə, o cümlədən, universitetlərə və hərbi xidmətə götürmürdülər.

****

Fosil ovunu ailə olaraq davam etdirən Enninqlər yerli mehmanxananın yaxınlığına bir masa qoyub orda alver etməyə başlayırlar. Bir il sonra İosif naməlum dəniz canlısına aid 1,2 metrlik kəllə skeleti tapır, bir neçə ay sonra isə Meri skeletin 5,2 metrlik bədən hissəsini aşkar edir. Laym-Recis yaxınlığnda yaşayan lord Henri Host 23 funt sterlinq verib fosili onlardan alır və daha baha qiymətə məşhuir kolleksioner Uilyam Balloka satır. Sonuncunun Londonda nümayiş etdirdiyi fosil böyük maraq doğruraraq canlıların və Yerin özünün tarixi barədə suallar yaradır. Çünki o vaxta qədər ingiltərəlilərin çoxu dünyanın yaşıyla bağlı “Bibliya”da yazılanlara – Yerdə həyatın bir neçə min əvvəl yarandığına inanırdı.

Bir müddət sonra həmin fosili 45 funt 5 şillinqə satın alan almaniyalı naturalist Çarlz Keniq onu “ixtiozavr” (balıq-kərtənkələ) adlandırır.

1815-1819-cu illərdə Meri müxtəlif ölçülü və demək olar ki, bütöv qalmış bir neçə ixtiozavr skeleti aşkar edir. 1821-ci ildə London Geologiya Cəmiyyətinin üzvləri Uilyam Konibir və Anri de la Beç araşdırmalar nəticəsində bu qənaətə gəlirlər ki, skeletlər indiyə qədər məlum olmayan növlərə aiddir və onların tapılmasıyla ən azı üç yeni növ aşkar edilib. Ancaq alimlər fosilləri tapanın adını çəkmirlər və bu, Meri Enninqə qarşı haqsızlıq edilən sonuncu hadisə olmayacaqdı…

mary_anning-1043×700.jpg
Meri Enninq

1820-ci ildə Merinin çox da əhəmiyyətli kəşfləri olmadığına görə ailə maddi baxımdan böyük problemlərlə üzləşir, hətta kirayə haqqını da ödəyə bilmir və buna görə Enninqlər evin mebellərini satmalı olurlar. Ailənin daimi müştərilərindən olan varlı kolleksiyaçı Tomas Ceyms Briç onlara kömək məqsədilə daha əvvəl Meridən almış olduğu fosilləri auksiona çıxarır. “Elmi araşdırmalara təqdim edilən, demək olar, bütün gözəl fosilləri bu ailə tapıb. Ola bilsin, mən bir də heç vaxt belə kolleksiyaya sahib olmayacam, ancaq əldə olunan pulların nəyə xərclənəcəyini bilməyim məni məmnun edir” – poleontoloq Giedon Mantellaya ünvanladığı məktubda Briç belə yazır.

15 may 1820-ci ildə auksiona çıxarılan eksponatların üç gün davam edən satışı 400 funt sterlinqlik gəlirlə nəticələnir. Tədbirə Paris və Venesiyadan da mütəxəssislərin gəlməsi Merinin geologiya sahəsindəki nüfuzunu artırır.

1821-ci ildə o, 6,1 metrlik ixtiozavr skelti aşkar edir və beləliklə də paleontologiya elmi “Ichthyosaurus platydon” adlandırılacaq daha bir yeni növlə zənginləşir.

1823-cü ildə “Bristol güzgüsü” qəzeti Meri Enninq haqqında yazır:

“Bu əzmkar qadın uzun illər boyu hər gün Layma qayalarının altında qədim heyvanların qalıqlarını axtarmaqla məşğul olub. Qayalardan qopub düşən böyük parçalarda qədim həyatın qiymətli izini tapmaq üçün onların altında qalmaq riskiylə çalışıb. Çünki fosilləri dalğalar o parçaları dağıdana qədər görə bilmək vacibdir. Bu gün bütün böyük kolleksiyalardakı möhtəşəm fosil nümunələrinə görə biz ona borcluyuq”.

Həmin ilin sonunda Meri daha bir böyük uğura imza atır – bütöv qalmış ilk peliozavr skeleti aşkar edir. Bu, həqiqətən əhəmiyyətli kəşfiydi, çünki fosil o qədər əcaib quruluşa malikiydi ki, bəzi alimlər nə zamansa belə bir heyvanın mövcud olduğuna inanmaq belə istəmirdilər: başı kərtənkələyə, dişləri timsaha, qabırğaları biqələmuna, bədəninin və quyruğunun proporsiyaları meymuna, üzgəcləri və ya kürəkləri balinaya aid olana oxşayırdı, uzun-nazik boynu ilanı xatırladırdı.

****

Sonrakı illərdə Merinin qardaşı İosif mebel istehsalı sahəsinə yönəlir və 1825-ci ildən etibarən Meri eksponat satışıyla bağlı ailə biznesini təkbaşına idarə etməyə başlayır.

Vur-tut üç il sonra o, bir ilin içində bir neçə böyük kəşfə imza atır. Əvvəlcə belemnoidealara (kəsəkbalığının əcdadı) aid daşlaşmış mürəkkəb kisələr aşkar edir və beləliklə də bu canlıların özlərini müdafiə üçün suya mürəkkəb buraxması faktını ilk dəfə o kəşf etmiş olur. Həmin mürəkkəbin hələ də istifadəyə yararlı olmasını da Meri üzə çıxarır. Bu, Laym-Recisə gələn turistlərin sayını artırır – insanlar təbiətin bu qədim möcüzəsinə baxmaq istəyirlər. Şəhər rəssamları fosillərin şəklini belemnoieda mürəkkəbiylə çəkməyə başlayırlar.

Əvvəllər də ixtiozavrların qarın boşluğunda tapdığı daşlaşmış predmetlərin içində balıqpulları və balıq sümükləri aşkar edən Meri onların bərkimiş nəcis olduğunu məhz 1828-ci ildə il kəşf edir. Bu, alimlərə heyvanların milyonlarla il əvvəlki qida rasionunu haqda fikir yürütmək imkanı yaradır.

Yorulmaz və cəsur foail ovçusu pterozavrların (uçan əjdaha) – qanadlı sürünənlərin İngiltərə ərazisindəki ilk nümunəsini də həmin il aşkar edir. Bir müddət sonra fosil Britaniya muzeyinə qoyulur.

Akulaların əcdadları olan kimeralardan birinin – skvaloraja balığının skeltini isə Meri sonrakı il tapır. Onun 1829-cu ildəki daha bir tapıntısı ikinci pleziozavr skeleti olur – budəfəki fosil 6 il əvvəlkindən daha yaxşı vəziyyətdəydi.

Ana səhifəXəbərlərMeri Enninq – təkamül nəzəriyyəsi üçün “dosye” hazırlamış ilk paleontoloq qadın