MƏNƏVİ TƏNƏZZÜLÜN AQİBƏTİ

Millətlər arasında ərazi və təbii sərvətlər, bazarlar, elmtutumlu istehsal uğrunda kəskin çarpışma gedir.

Foto: Meydan.tv

Əhalinin sayı artdıqca, keyfiyyəti düşür

Həyat təcrübəmdə bir neçə dəfə cəmiyyətin mənəvi tənəzzülünün dövlətin süqutuna gətirdiyini görmüşəm. Məhz buna görə müasir Azərbaycan cəmiyyətində müşahidə etdiyim mənəvi tənəzzül əlamətləri məni dərindən narahat edir. Məndə heç bir şübhə yoxdur ki, bu əlamətlər dövlətin yaxınlaşan süqutundan xəbər verir.

Oxucum mənə inanmaya bilər, haqqıdır. Qoy Az.TV-yə baxsın və Əliyev rejiminin aramsız uğur və qələbələrinə sevinsin.

Ən cahanşümul və gürultulu süqut SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) adlı qüdrətli dövlətin payına düşdü. İçi bəndəniz olmaqla əhalimizin azı yarısı bu dövlətdə yaşayıb və mənim nə demək istədiyimi heç olmasa təxmin edə bilər.

Sözümün canı sadədir: mənəvi tənəzzül o zaman təhlükəyə çevrilir ki, cəmiyyətin səsi dövlətə çatmır. Sıravi vətəndaşlar əmin olurlar ki, bu dövlət onların deyil, zira onların sözünün qara qəpiklik dəyəri yoxdur. Dövlət rəhbərlərinin nitqlərində həqiqət və ədalət faizi mütləq sıfra yaxınlaşır. Bunu hamı görür və anlayır, bunu deyənin ağzını dövlət yumur və cəzalandırır. Cəmiyyətin əksəriyyəti bu cəzanı haqlı sayır və deyir ki, “özü günahkardır, ağzını farağat saxlayaydı”. Yəni cəmiyyət üçün həqiqətin dəyəri sıfra yaxınlaşır.

Həqiqət olmayan yerdə isə heç bir əşyanın və məfhumun, o cümlədən dövlətin və quruluşun da dəyəri olmur. Bu, aksiomadır və sübuta ehtiyacı yoxdur.

1991-ci ildə Sov.İKP-nin üzvlərinin sayı 18 milyonu keçmişdi. Hamı hər ay üzvlük haqqı verirdi. Milyonlar aramsız sel kimi partiya xəzinəsinə daxil olurdu. Bu pula partiya qəzet və jurnallar, kitablar çap edirdi, seminarlar, konfranslar keçirirdi. Bu qəzetlərdə, jurnallarda, kitablarda, seminar və konfranslardakı nitqlərdə həqiqət yox idi, həqiqət yasaq idi.

Bəs nə var idi? Rəhbərliyin xalqa yedirtdiyi yalanların təkrarı və tərifi.

Riyakarlıq cəmiyyəti və dövləti hörümçək toru kimi bürüyüb tərpənməyə qoymurdu. Hamının gördüyü-bildiyi həqiqəti deyəni dövlət də, cəmiyyət də inkar edirdi. İkiüzlü, sırtıq, yalançı, məddah, oğru və həyasız zəmanənin qəhrəmanına çevrilmişdi. Vicdanlı və təmiz insanların ədalətsizlikdən və zülmdən bağrı çatlayırdı.

Dövlətin yuxarı səfi buqələmun, məsləksiz və əqidəsiz kadrlarla dolu idi. Sistem elə qurulmuşdu ki, vicdanlı və cəsarətli insan yuxarı heç cür düşə bilməzdi. Məhz buna görə dövlətin süqutu zirvəsinə çatanda, total böhran halında yuxarıda bircə nəfər də müşkülləri çözmək qabiliyyəti olan şəxs tapılmadı. Dövləti canla-başla dağıdan qorbaçovlar, yeltsinlər və çubayslar tapıldı, dövlətin xilaskarı tapılmadı. SSRİ çökdü və dağıldı.

Onun yerində peyda olmuş dövlətciklərin taleyi müxtəlifdir. Üç Baltikyanı dövlətcik tez-tələsik Avropa İttifaqına pərçim olub mühüm müşküllərin məsuliyyətini Brüssel məmurlarına həvalə etdilər və “ölüm, ya qalım” sualının cavabını tapmaq məsuliyyətindən guya ki, xilas oldular.

Mərkəzi Asiya dövlətcikləri geriyə, orta əsrlərə təbii dönüş mərhələsini yaşayıb bir böhrandan digərinə dığırlanır və talelərinin necəliyini heç cür təsəvvür edə bilmirlər. Onların gələcəyi xalqdan deyil, hakimiyyətdə kimin olmasından çox asılıdır.

Saparmurad Türkmənbaşının Türkmənistana vurduğu möhürü Qurbanqulu Berdımühəmmədov sildi, onun möhürünün də silinəcəyi heç bir şübhə doğurmur.

Ruslar kolxoz sədri İmaməli Rahmonovu Tacikistanın rəhbərliyinə 80 min insanın həyatına son qoymuş vətəndaş müharibəsindən sonra gətirib qoydular. Ölkə indi dönüb olub kolxoz, bütün vəzifələrdə Rahmonovun kəndliləri və ailə üzvləri əyləşib MDB-nin ən kasıb ölkəsinin var-yoxunu ciblərinə doldururlar.

Qırğızıstanda dövlət çevrilişlərinin adını inqilab qoyub ölkəni qarət etmək naminə müxtəlif tayfaların dava-dalaşına “demokratiya uğrunda mübarizə” kimi uydurma ad qoşdular. Birinci prezident Rusiyada, ikincisi Belarusda, üçüncüsü zindanda yaşayır, dördüncünün aqibəti sonradan bilinəcək.

Özbəkistanın rəhbərinin ailəsi İslam Kərimov hələ sağ ikən dağılmağa başladı, indi bəziləri xaricdə, bəziləri ev dustağı, ölkənin gələcəyi yenə birinci şəxsin məzacından asılıdır.

Az-çox uğurla son 30 ili yaşamış dövlətcik Qazaxıstandır ki, onun da aqibəti Nursultan Nazarbayev hakimiyyətdən gerçəkdən gedəndən sonra bəlli olacaq.

Mərkəzi Asiya dövlətcikləri üçün ümumi olan qohumbazlıq, yerlibazlıq, qarət, yalan, zülm və rüşvətxorluqdur ki, yerli əhalinin ümumi mədəniyyətini açıb ortaya qoymuşdur.

Təbii ki, üzdə rəsmi təbliğat bu dövlətciklərin “analoqu olmayan inkişafı” barəsində saysız yalan-palan kitablar, filmlər və verilişlər yaymaqdadır.

Moldova, Azərbaycan, Gürcüstan və Ukrayna hakim zümrələrin kütbeyinliyi və əhalinin zır savadsızlığı ucbatından ərazisinin əhəmiyyətli və müstəqilliyinin ciddi hissəsini itirmişdir.

Bu, faciədirmi? Həqiqəti anlayan vətənpərvər insanlar üçün bu, faciə sayıla bilərdi, lakin xoşbəxtlikdən əhalinin mütləq əksəriyyəti gerçəkliyi dərk etmək qabiliyyətindən tam məhrumdur və buna görə şad-xürrəm zindəganlıq edir.

Ermənistan müstəsna vəziyyətdədir. O, yeganə sabiq müttəfiq sovet respublikasıdır ki, öz sabiq müttəfiq respublika statusunu qoruyub saxlayıb. Yəni xarici sərhədlərini rus sərhədçiləri qoruyur, ərazisində xərcini özü ödədiyi rus hərbi bazası durur, nəfəsini dərəndə Kremldən icazə istəyir. Bütün bu acınacaqlı və rişxənd doğuran zillətə rəğmən erməni xalqı xoşbəxtdir və qürur hissindən az qala qəşş edir, zira Rusiya Qarabağı Azərbaycandan alıb Ermənistana verib, həm də bu yaxınlarda Yerevan klanı çevriliş edib Qarabağ klanını hakimiyyətdən kənarlaşdırıb və indi kütlə ümid edir ki, dövlətcik səmtini artıq demokratiyaya tutub.

İndi erməniyə izah etməyə başlasan ki, onlarınkı kimi cəmiyyətlərdə demokratiya mümkün olan şey deyil, deyəcək ki, turkesin gözü bizim uğurları götürmür. Odur ki, heç zad deməyib sadəcə onların qaçılmaz acı aqibətini gözləmək lazımdır.

Qayıdaq Azərbaycana. Bizim dövlətcik nümunəvi uğursuz dövlətdir. Xoşbəxtlikdən, cəhalət əhaliyə bunu dərk etməyə mane olur. Odur ki, əhali tikdikləri çoxsaylı şadlıq saraylarında durmadan atılıb-düşür və neft pullarını xəzəl kimi xərcləyir.

Mənəvi tənəzzülün ilk və danılmaz əlaməti odur ki, hakimiyyət əhaliyə durmadan yalan deyir, əhali bunu gözəl bilir və qəbul edir. Yalan dövlətin təməlində durur və bütün sahələri əhatə edir. Ənənəvi müxalifətin əhaliyə danışdığı hekayə büsbütün yalan üzərində qurulub. Bu yalan hekayənin bir hissəsi hakimiyyətə əl verir və o da bu yalana dəstək verib öz yalanını quraşdırır.

Özünü respublika adlandıran, əslində isə klassik istibdad olan bu dövlətcikdə heç bir qurum səmərəli işləmir və işləyə də bilməz. Vicdan və qanunla işləmək istəyən prokuror Səfərovun taleyi nə oldu? Şərləyib həbs etdilər və çıxdaş edib cəmiyyətin təkinə atdılar. Niyə? Çünki prokurorluq qurumu büsbütün, aşağıdan yuxarı, zülm və rüşvət üzərində qurulub, qayəsi də xalqı əzib həqiqəti susdurmaqdır.

Kim cəsarət edib deyər ki, bizim məhkəmə sistemində bir nəfər vicdanlı və müstəqil hakim var? Beləsi tapılsa, onu mütləq həkimə göstərmək lazımdır.

Kim deyər ki, bizim səhiyyə sistemi əhalinin sağlamlığını qoruyur? Desə, qafildir, vəziyyətdən bixəbərdir. Səhiyyə sistemi xalqı soyan və xəstələrin taleyinə tam biganə bir qurumdur, onu tapşırıblar prezidentin yaxın qohumuna və heç kim onun bəd rəhbərliyinə söz də deyə bilməz.

Bizim təhsil sistemi əsasən səmərəsiz işləyir, səbəb də gün kimi aydındır: dövlət və cəmiyyət təhsil sistemindən savadlı, cəsarətli və vətənpərvər məzunlar deyil, ələbaxan, sözəbaxan, gözüqırpıq və daxilən sınmış məxluqlar gözləyir.

Sifariş qəbul edilib və yerinə yetirilir.

Bizim ictimai elmlərin əsas vəzifəsi hakimiyyətin yalanlarını bəzəyib xalqa həqiqət kimi çatdırmaqdır. Bu işlə bizim media da ciddi-cəhdlə məşğul olur.

Bütün dünyada qeyri-hökumət təşkilatlarını cəmiyyətin “keşik köpəkləri” adlandırırlar, çünki onların vəzifəsi cəmiyyətə ziyan gətirə biləcək istənilən qanunsuzluğu aşkar və faş etmək, hürüb əhalini duyuq salmaqdır. Qayəsi xalq malını qarət edib yağmalamaq olan hakimiyyətimiz belə QHT-lərə qarşı səlib yürüşü başladı və uğurla apardı. Nəticədə bir-iki özəyi və insanı çıxmaq şərtilə Azərbaycan vətəndaş cəmiyyəti sayıq və cəsarətli “keşik köpəkləri”ndən deyil, qorxaq və ələbaxanlardan ibarətdir.

Bu dövlətciyin parlamenti yoxdur, çünki orada əyləşənlərin heç birini əhali seçməyib, hamısı Prezident Aparatında təsdiq olunub və söz demək icazəsini almadan cınqırını belə çıxara bilməzlər.

Bu dövlətciyin nazirlər kabineti içi boş müqəvvadır, heç bir səlahiyyəti yoxdur və belə səlahiyyətə iddia etməyə cəsarəti də çatmaz.

Bu dövlətciyin ərazisində yaşayanların heç bir vətəndaş hüququ yoxdur, quru kağız parçası olan Konstitusiyada yazılmış heç bir hüququndan istifadə edə bilməz. Xoşbəxtlikdən, əksəriyyət bu hüquqlardan bixəbərdir və özünü xoşbəxt sayır.

Müasir zəmanə amansız rəqabət dünyasıdır. Millətlər arasında ərazi və təbii sərvətlər, bazarlar, elmtutumlu istehsal uğrunda kəskin çarpışma gedir. Azərbaycan əhalisi bu çarpışmadan kənardadır, əksəriyyətin bundan heç xəbəri belə yoxdur. Vəziyyətdən hali olan və az-cox qabiliyyəti olan kəslər başlarını götürüb bu sevgili diyardan köçüb gedirlər, zira böhrandan çıxış yolu tapmaq üçün cəmiyyətdə heç bir təpər, potensial görmürlər.

Beləliklə, cəmiyyətin qaymağı götürülür.

Nəzərə alsaq ki, bi qaymaq götürülmə əməliyyatı Azərbaycanda 50 ildən artıqdır ki, davam edir, deyəsən, daha götürülməyə heç zad qalmayıb.

Əhalinin sayı artdıqca, keyfiyyəti düşür. Yalanla həqiqət arasında uçurum dərinləşdikcə, naümidlik artır və çarəsiz insanların köçmək qətiyyəti də möhkəmlənir.

Keyfiyyətsiz hakim zümrə və toplum qaçılmaz böhranın çarəsini tapa bilməyəcək və dövlətcik SSRİ-nin taleyini təkrar edəcək.

Ana səhifəXəbərlərMƏNƏVİ TƏNƏZZÜLÜN AQİBƏTİ