Məmur övladlarının törətdiyi qəzalar

Təkcə avqustun ilk həftəsində 2 belə qəza olub

Source:
Nail Allahverdiyev
Nail Allahverdiyev


Təkcə avqustun ilk həftəsində 2 belə qəza olub

“Gelandewagen” – Mercedes-Benz G-Class avtomobilləri ərəb şahzadələrinin sevimli oyuncağı kimi tanınır. Azərbaycanda isə bəzi məmur övladları Bakı küçələrində bir-birləri ilə ötüşmək üçün istifadə edir.

AzadlıqRadiosu-nun yerli media və Daxili İşlər nazirliyinin gündəlik kriminal xronikası əsasında apardığı qısa araşdırmadan belə məlum olur ki, qəzalar zamanı məmur övladları əsasən bu markalı avtomobili idarə ediblər.

Beləliklə avqustun ilk bir həftəsində 2 qəza olub.

6 avqust 2017-ci il: Lent.az yazır ki, Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu 11 yaşlı piyadanı vurub.

7 avqust 2017-ci il: dövlət qeydiyyat nişanlı “Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Hökumətə yaxın saytlar öncə bu xəbəri versələr də, sonradan siliblər. Sürücünün kimliyi isə hələki açıqlanmır.

3 avqust 2017-ci il: Bakıda Nərimanov rayonu ərazisində “Geländewagen” kimi tanınan markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən ağır qəza baş verib. Rəsmi məlumata görə, qəzanı törədən 22 yaşlı Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Əli Həsənov bunu inkar etməyib, yerli mediaya müsahibəsində ”hüquqi dövlətdə heç kim qohumuna görə məsuliyyət daşıya bilməz”, – deyib.

“Amerikanın səsi” yazır ki, Nail Allahverdiyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin kürəkənidir.

Hələlik Elçin Quliyevin nə özündən, nə də təmsilçilərindən bu barədə hər hansı reaksiya səslənməyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı orada yüksək sürətlə hərəkət edən ”Mazda” markalı avtomobilin sürücüsü Bakı sakini, 22 yaşlı Mirməhəmməd İsmayılov da saxlanıb. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“AFN.az” saytı yazır ki, “Maqa” ləqəbi ilə tanınan Mirməhəmməd İsmayılov Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin eks rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Onun qardaşı Rauf İsmayılov isə Nəsimi RPİ-nin 20-ci polis bölməsinin serjantıdır. Sayt yazır ki, Əlövsət İsmayılov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.

Adı çəkilən şəxslər hələlik bu iddiaları nə təkzib, nə də təsdiq ediblər.

2017-ci iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döydüyü haqda məlumat yayıldı. Hadisədən bir neçə gün sonra Novruzəli Orucov tutduğu vəzifədən uzaqlaşdırıldı. O, yerli mediaya müsahibəsində bildirdi ki, “prezident onu bu dəfə bağışlamadı”.

Bu hadisə Rüstəm Orucovla bağlı ilk olay deyildi. Bir neçə il öncə o, bir piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçdığı iddia olunur. Buna görə 2014-cü ildə 4 il azadlıqdan məhrum edilib. 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

Bunlar təkcə son 1-2 ayda baş verənlərdir. Yerli media isə zaman-zaman “məmur övladlarının” səbəbkarı olduğu yol qəzalarından yazıb. Bu hadisələrdən bəzilərinə qısa nəzər salaq:Qaynarinfo.azsaytının yazdığına görə, Kürdəmir rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğlu – 16 yaşlı Rahim Sadıqzadə idarə etdiyi “Hyundai Santafe” markalı maşınla 65 yaşlı bir qadını vurub. Qadın hadisə zamanı ölüb.

Yerli medianın ən çox müzakirə etdiyi qəzalardan biri 2014-cü ilin martında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovla bağlı olub. İdarə etdiyi “Geländewagen” markalı avtomobillə törətdiyi qəza nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilsə də 3 ildən sonra əfv olunub.

2014-cü ilin sentyabrın 27-də Türkan-Zığ yolunda Bakının Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi ”Mercedes S500” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə həmin vaxt ”Mercedes”də olmuş, ”McDonald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişib.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Yük maşının sürücüsünün atası isə məhkəmənin qərarından göz yaşları ilə danışıb. Oğlunun heç bir günahı olmadığını, qəzadan qurtulmağın mümkünsüz olduğunu deyib. Oğlunun yaralıları maşından çıxarmasına, təcili yardım çağırmasına baxmayaraq, kimsəsiz olduğundan ən ağır cəzanı aldığını vurğulayıb.

Sonradan Bakı Apelyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər heyəti hökmü İlham Əsgərli ilə bağlı hissədə dəyişərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirib. Əhliman Süleymanovun cəzası isə olduğu kimi saxlanılıb.

Keçmiş deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun adı isə idarə etdiyi “Geländewagen” markalı avtomobillə iki xanımın oturduğu maşına 8 dəfə atəş açması ilə hallanıb. Qızların yaxınlarını ”AzadlıqRadiosu”-na danışıblar ki, hadisənin araşdırılması üçün üz tutmadıqları qurum qalmayıb. Amma bir tədbir görülməyib.

Bu məlumatlar yerli mediada getmiş, konkret məhkəmə işləri və zərərçəkənləri olan işlər əsasında hazırlanıb.

Lakin bütün məlumatların mediaya sızmadığı halların da olması ehtimalı var.

Ana səhifəAraşdırmaMəmur övladlarının törətdiyi qəzalar