Məmməd İbrahimlə Fuad Qəhrəmanlının cinayət işindən dövlət çevrilişi ittihamı götürülüb

Qarabağ yürüşündən sonra AXCP-nin 45-dən artıq fəalı saxlanılıb.

Source: Meydan TV


Əvəzində AXCP üzvlərinə yeni ittiham verilib

Qarabağ yürüşünə görə həbs olunan AXCP üzvlərinin cinayət işindən dövlət çevrilişi ittihamı götürülüb. Amma əvəzində cəbhəçilərə qarşı yeni ittiham irəli sürülüb. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

Qarabağ yürüşünə görə cinayət məsuliyyətinə cəlb edilən cəbhəçilərə qarşı Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. AXCP Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bu ittihamlarla yanaşı, 278-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlamağa yönəlik hərəkətlər) maddə ilə də ittiham verilmişdi.

fuad.png
Fuad Qəhrəmanlı

“Cinayət Məcəlləsinin 278-ci maddəsilə verilən ittiham götürülsə də, əvəzində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) ittihamı irəli sürülüb. Bizdə olan məlumata görə, təkcə Məmməd İbrahim və Fuad Qəhrəmanlı deyil, digər cəbhəçilərə də 127-ci maddə ilə yeni ittiham verilib. Həmçinin 186-cı maddə ilə olan ittiham da ağırlaşdırılıb. Əvvəl 186.1 idi, indi dəyişin 186.2.2 eləyiblər. Birinci bəndi olanda iki ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, 186.2.2 maddəsinin sanksiyası 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmədir”, – deyə partiyadan bildirilib.

Bu iş üzrə həbs olunan cəbhəçilərin vəkilləri də məlumatı təsdiqləyib. Vəkillərdən biri Meydan TV-yə bildirib ki, Qarabağ yürüşünə görə həbsdə olan AXCP üzvlərini sentyabrın 7-də Baş Prokurorluğun İstintaq İdarəsinə gətirərək, ittihamlarla bağlı dəyişiklikləri elan ediblər.

Məmməd İbrahim
Məmməd İbrahim

Qarabağ yürüşündən sonra AXCP-nin 45-dən artıq fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında Qarabağ yürüşü ilə əlaqədar cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

Ana səhifəSiyasətMəmməd İbrahimlə Fuad Qəhrəmanlının cinayət işindən dövlət çevrilişi ittihamı götürülüb