Məişət zorakılığı pandemiyası

Karantin dövründə bütün dünyada olduğu kimi Azərbaycanda da ailədaxili zorakılıq hallarının artdığı müşahidə edilir.

Source: Иллюстрация Мейдан ТВ


Karantin dövründə bütün dünyada olduğu kimi Azərbaycanda da ailədaxili zorakılıq hallarının artdığı müşahidə edilir. İzolyasiya şəraiti və eləcə də qurbanlara yardım imkanlarının məhdud olması onların lazımı kömək almasını çətinləşdirir.

COVİD 19-la mübarizə məqsədi ilə tətbiq edilən karantinin elə ilk həftələrindən bəzi Avropa Birliyi və eləcə də digər ölkələrdə ailədaxili zorakılığın üç dəfə artığı müşahidə edilib. Azərbaycanda izolyasiya şəraitində maişət zorakılığının artması ilə bağlı hələ də rəsmi statistika mövcud olmasa da, sığınacaqlara müraciətlərin artması durumun çətinləşməsindən xəbər verir.

İzolyasiya zorakılar üçün ideal şəraitə çevrilə bilər

Təcavüzkarla bir izolyasiyada və bunun fəsadları

«Hələ də indi bərk bir kişi səsi gələndə bütün bədənim əsir, o qorxu hələ də mənim öz içimdədi» – deyən Gülnaz (ad şərtidir) əri tərəfindən amansız şiddətə məruz qaldığına görə may ayında Bakıdakı sığınacağa üz tutan 9 qadından biridir. Gülnaz deyir ki, əri ona əvvəllər də mütəmadı olaraq şiddət göstərirdi, lakin karantində izolyasiya şəraitində vəziyyət daha dözülməz həddə çatıb və tək onun üçün deyil:

«Karantin olmayanda evdə çox olmurdu, gecə gəlirdi və şiddət də bir o qədər çox deyildi. Karantin başladıqdan sonra evdən çölə çıxmadı, bütün günü evdə olurdu. Əsəbləri daha da korlanmışdı. Elə mənim özümün və uşaqlarımın da. Çünki ondan o qədər şiddət görmüşdük ki, bütün günü bir evdə olmaq bizə çox çətin idi, çox qorxurduq ondan. Çalışırdıq hər işimizi düzgün edək ki, bizə heç bir iradı olmasın. Amma xeyri yox idi, özü bir bəhanə tapırdı və şiddətini edirdi».

Untitled_Artwork 3.jpg
Zorakılıq illustrasiya

BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk günlərdən karantin rejiminin dünyanın bütün ölkələrində ailədaxili zorakılığın artmasına səbəb olacağını bildirirdilər. ÜST-ün məlumatına əsasən qadınlara dəstək xidmətlərinə ərləri və ya partnyorları tərəfindən zorakılığa məruz qalmaları haqda müraciətlər ötən ilin aprel ayı ilə müqayisədə 60 faiz artıb. “Qaynar xətt”lərə müraciətlər isə ümumilikdə beş dəfə çoxalıb.

ÜST-nın nümayəndəsi Hans Klüqenin sözlərinə görə, iş yerlərinin itirilməsi, alkoqol istidafəsinin artması, eləcə də çoxunu narahat edən stress, qorxu və həyəcan uzunmüddətli ağır nəticələrə səbəb ola bilər.

Bakıdakı Qadın və Uşaq Sığınacağına isə karantin dövrü başlayandan 14 qadın müraciət edib və onların əksəriyyəti may ayında bura üz tutanlardır. Sığınacağın rəhbəri Mehriban Zeynalova deyir ki, Azərbaycanda karantin dövründə məişət zorakılığı hallarının üzə çıxması bir qədər gec mümkün oldu:

«Baxmayaraq ki, artıq karantinin ilk günlərindən başqa ölkələrdən məişət zorakılığının artması ilə bağlı xəbərlər gəlirdi, həmin dövürdə Azərbaycanda dünyadan fərqli olaraq məlumat azlığı var idi. Bəlkə də hadisələr var idi, bəlkə də hansısa zorakılıq faktları var idi, amma bu faktların üzə çıxması üçün izolyasiya müəyyən bir məhdudiyyət yaratdı».

mehriban.png
Sığınacağın rəhbəri Mehriban Zeynalova

İzolyasiya – zorakılar üçün ideal şərait

«Adi qapıya kilid vurmaq üçün istifadə edilən yekə zəncirlər var, bax onu boğazıma keçirib, it kimi həyətə bağlayırdı. Səhərəcən həyətdə o cür vəziyyətdə gecələyirdim”, – Gülnaz izolyasiya şəraitində başına gələn dəhşətləri danışır: – “Məni lüt soyundurdu, əlimi-qolumu arxadan bağladırdı, uzadırdı yerə. Deyirdi, başını qaldırma. Nə qədər başımı qaldırıramsa, bir o qədər pol ağacı ilə başıma vururdu».

Azərbaycan COVİD 19 səbəbindən sərt karantin rejimi tətbiq edilən ölkələrdəndir. Mayın 18-nə kimi küçəyə polis icazəsi ilə yalnız üç saatlığına çıxmaq mümkün idi. Şəhərləraraşı gediş-gəliş isə hələ də qadağandır. Rayonlardan məişət zorakılığı qurbanlarını yalnız polisin köməyi ilə sığınacağa gətirmək mümkün olub.

«Çünki yollar bağlı idi, rayondan gətirmək çətin idi, icazə almaq lazım idi. Bu məsələdə Daxili İşlər Nazirliyi operativ kömək etdi», – Mehriban Zeynalova qeyd edir.

Azərbaycanda qadınlara qarşı şiddət və məişət zorakılığı ilə bağlı

durum

həmişə ağır olub. Yalnız 2019-cu ildə kişi ailə üzvləri tərəfindən 184 qadına qarşı cinayət törədilib, onlardan 54-ü həlak olub. Bu, yalnız rəsmi məlumatlardır. Azərbaycanda feminist hərəkatının koordinatoru Gülnara Mehdiyeva karantin şəraitinin belə cinayətlərə əlverişli şərait yaratdığını hesab edir:

«Adətən zorakı şəxslər daha asan zorakılıq edə bilmək üçün qurbanları təcrib etməyə çalışırlar. Məsələn, dostları, ailə üzvləri ilə görüşləri məhdudlaşdırırlar, işləməyə icazə vermirlər. Belə olduqda qadın dəstəkdən məhrum olur. Karantin isə zorakılar üçün daha da ideal hal alıb. Qurbanlar tam ətrafdan izolə olunurlar. Və əgər qadınlar zorakılığa məruz qalarsa, onun izlərini də heç kim görməyəcək və heç kim bilməyəcək ki burda zorakılıq baş verib. Bu da zorakının işini daha da arxayınlaşdırır, zərərçəkəni isə daha köməksiz vəziyyətə salır».

gulnara.jpg
Azərbaycanda feminist hərəkatının koordinatoru Gülnara Mehdiyeva

Psixoloq Cəmilə Rəhimli isə qeyd edir ki, izolyasiya şəraiti, ümumilikdə, ailənin psixoloji durumuna ciddi mənfi təsir edir:

«Normalda əgər ailə üzvlərinin bir-birini görməmək, özlərinə vaxt ayırmaq üçün, öz sərhədlərini müəyyənləşdirmək üçün şansları daha çox idisə, karantin vaxtında bu imkanlar azalmış olur. Və birlikdə keçirilən vaxtın çoxluğu birlikdə həm də daha çox problem yaşamaq deməkdir. Uzun müddət basdırılarsa, əgər o biri-birinə qarşı duyulan narahatlıq, narazılıq halları, karantin durumunda o ifadə edilməmiş hisslər fiziki zorakılıq olaraq özünü göstərə bilər».

psixoloq.png
Psixoloq Cəmilə Rəhimli

Məişət zorakılığı qurbanlarına tövsiyələr

Moldovanın ZDG nəşrinə

müsahibəsində

hüquqşünas Arina Çurkan izolyasiya şəraitində təhlükəsizlik və qorunma səviyyəsini artırmaq məqsədi ilə qurbanlara mobil telefonlarını hər zaman üzərlərində daşımağı tövsiyə edir. Eyni zamanda qadınlara bu ərəfələrdə etibar edə biləcəkləri dostları və qonşuları ilə davamlı ünsiyyətdə qalmaq da məsləhət görülür. Onlarla birlikdə krizis situasiyaları üçün plan qurmaq lazımdır ki, onlar təcili yardıma ehtiyac yarandığı təqbirdə nə edə biləcəklərini müəyyənləşdirsinlər. Məsələn, birlikdə hansısa siqnal müəyyən edə bilərlər ki, bu, onları qurbanın köməyə ehtiyacı olduğunu anlayıb polisə zəng vursunlar və ya qapının zəngini çalsınlar.

Moldova fəaliyyət göstərən «La Strada» qeyri-hökumət təşkilatı isə məcburi izolyasiya şəraitində hər kəsə qarşı diqqəti artırmağı, qonşulara, qohum və yaxınlara qarşı daha diqqətli olmağı

tövsiyə

edir: «Hazırda, bu, məhz elə bir məqamdır ki, qonşu divarı və ya hasarı arxasından gələn səslərə qulaq vermək tərbiyəsizlik əlaməti deyil və əksinə, kimlərinsə həyat və sağlamlığının xilası edə bilər”.

“Hromadske”yə

müsahibəsində

psixoloq-psixoteropevt Vladimir Stançişin isə izah edir ki, davamlı məişət zorakılığından əziyyət çəkən qadınlarda bir növ dayanılmış köməksizlik sindromu var: «Onlar inanmırlar ki, kimsə kömək edə bilər. Bu səbəbdən də zorakılıqdan xəbər tutan ətrafdakı insanlar qurbanı inandırmalıdılar ki, dözmək olmaz. Və ilk olaraq polisə müraciət etmək gərəkdir».

Qadın və uşaq sığınacaqları Azərbaycanın yalnız üç böyük şəhərində – Bakı, Gəncə və Sumqayıtda mövcuddur. Onlar ictimai təşkilatlar tərəfindən yaradılıb. Bakıdakı Qadın və Uşaq Sığınacağı 30 nəfər üçün nəzərdə tutulsa da, hazırda burada 23 qadın və 22 uşaq qalır.

Ölkədə məişət zorakılığından əziyyət çəkənlər üçün “qaynar xətt”lər də mövcud deyil. Mehriban Zeynalova hesab edir ki, dövlət ölkənin müxtəlif bölgələrində xüsusi konsultasiya mərkəzləri yaratmalı və orada ailədaxili zorakılıq qurbanlarına hüquqi, psixoloji və sosial yardımlar göstərilməlidir.

Kömək üçün hansı qurumlara müraciət etmək olar?

Məişət zorakılığı ilə üzləşdiyiniz halda ilk olaraq polisə

102

xidmətinə, təcili tibbi yardıma

103

xidmətinə və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin

152

xidmətinə müraicət edə bilərsiz.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dərc etdiyi ailədaxili zorakılıq qurbanlarına yardım edə biləcək təşkilatların siyahısı:

Screenshot at May 25 15-22-20.png
Təşkilatların siyahısı
Screenshot at May 25 15-23-42.png
Təşkilatların siyahısı
Screenshot at May 25 15-24-08.png
Təşkilatların siyahısı


«Mediaşəbəkə»nin dəstəyi ilə

Ana səhifəSosialMəişət zorakılığı pandemiyası