Mehman Hüseynov

Mənbə: Foto: Meydan tv

Başlıq: Mehman Hüseynov

Mehman Hüseynov polislərdən prokurorluğa şikayət edəcək

Məqalə yeniləndi:  29 Dekabr 2019

Blogerin ayaqlarından və boynundan xəsarət aldığı tibbi arayışla təsdiqlənib

Dekabrın 27-də gecə saatlarında bir qrup polis tərəfindən döyüldüyünü söyləyən video-bloger Mehman Hüseynov dünən “Semaşko” xəstəxanasından tibbi arayış alıb.

Rəydə onun ayaqlarında və boynunda xəsarət aldığı təsdiqlənib.

Məlumatı Meydan TV-yə Mehman Hüseynov özü verib.

Mehman Hüseynov bildirib ki, Respublika Prokurorluğuna şikayəti hazırlanır və bu işlə vəkili Fuad Ağayev məşğul olacaq.

Mehman Hüseynov dekabrın 27-də axşam saatlarında reper Pasterin (Pərviz Quluzadə) həbsi ilə bağlı etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıb. Özünün dediyinə görə, o, şəhər kənarına aparılıb və amansızca döyülüb.

DİN-nin mətbuat xidməti M.Hüseynovun "razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə" saxlanıldığını təsdiq edib, amma döyülmə faktını təkzib edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Ancaq Mehman Hüseynov həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu qeyd etmişdi.

2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apelyasiya Məhkəməsi də hakim Elşad Şamayevin sədrliyi ilə qüvvədə saxlayıb. Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunub.

Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.

2019-cu il yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edib.

Mehman Hüseynov 2019-cu ilin martında cəzasını bitirərək azadlığa çıxıb.

Mehman Hüseynov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində iştirak edib. O, gələn ilin fevralın 9-da keçiriləcək parlament seçkilərinə “Hərəkət” Seçki Blokundan qatılacağını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i87s5d

Ən çox baxılan