“Qobustan həbsxanasında ona qarşı təzyiqlər var”
Qobustan həbsxanasında saxlanılan məhkum Cahad Babakişizadə təzyiqlərə məruz qalıb.
Bu barədə Meydan TV-ə onun qardaşı Məmmədrza Babakişizadə danışıb.
Cahad Babakişizadə “Nardaran” işinə görə 14 il 6 ay azadlıqdan məhrum edilib.
Məmmədrza Babakişizadə bildirib ki, qardaşı bir il əvvəl daxili qaydaları pozduğuna görə 3 il qapalı rejimdə saxlanma cəzası alıb:
“Kamera yoldaşının anası bizə zəng edib dedi ki, Cahad Babakişizadə ailəsi ilə əlaqə saxlaya bilməyəcək. Ona qarşı təzyiq var və əlaqə saxlamağa məhdudiyyət qoyulub. Amma qadın əlavə məlumat ala bilməyib. Belə ki, onun oğlu ardını demək istəyəndə, telefon danışığını kəsiblər. Qardaşım haqqında heç bir məlumat yoxdur və evlə də əlaqə saxlamadığı üçün narahatıq”.
Məmmədrza Babakişizadə bildirib ki, sonuncu dəfə qardaşı ilə sentyabrın 10-da görüşüb və 3 gün yanında qalıb:
“Qardaşım mənə ədalətsiz münasibətdən və hər şeyə məhdudiyyət qoyulduğundan şikayətlənirdi. Otaqda saat yoxdur. Namaz üçün saatı soruşub və töhmət alıb”.
2015-ci ilin noyabrında həbs olunan Cahad Babakişizadə 2017-ci ilin 25 yanvarında adam öldürmə də daxil olmaqla Cinayət Məcəlləsinin 21 maddəsi ilə ittiham olunub. O, hadisə zamanı güllə yarası alıb və 3 gün komada olub.