Məhkum hüquqşünas Ali Məhkəmədə şikayətinə baxılacaq prosesə aparılmayacağını bildirib

Bu əsaslara da istinad edib kassasiya şikayəti vermişik.

Source: Foto: arxiv


Vəkil: “Bu qanunsuzdur”

Ali Məhkəmə oktyabrın 23-də hüquqşünas Əliabbas Rüstəmovun kassasiya şikayətinə baxacaq.

Bunu Meydan TV-ə onun vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, Əliabbas Rüstəmov ona zəng vuraraq, məhkəməyə aparılmayacağını deyib və bunu qanunsuz hesab edib.

“Məhkumun özü məhkəmədə iştirak haqda ərizə yazdığı hallarda Ali Məhkəmə onu təmin etməlidir. Əgər təmin etmirsə, bu, açıq-aşkar qanunsuzluqdur. Çünki hər bir şəxsin öz işində iştirak etmək hüququ var”, – vəkil deyib.

Elçin Sadıqov Əliabbas Rüstəmovun üçdə iki ilə (cəzasının yarıdan çox müddətini çəkdiyi halda) azadlığa buraxılmasına əsaslar olduğunu söyləyib:

“Bu əsaslara da istinad edib kassasiya şikayəti vermişik. Ancaq əvvəlki instansiya məhkəmələri qanunsuz qərarlar qəbul edib. Ümid edirik ki, Ali Məhkəmə bu qanunsuzluğu aradan qaldıracaq”.

Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı da Əliabbas Rüstəmovun müraciəti olduğu halda prosesə gətirilməməsini qanunsuz sayıb. O bildirib ki, Əliabbas Rüstəmovun azadlığa çıxması ilə bağlı bir neçə dəfə şans yaranıb.

“Təəssüf ki, məhkəmə müsbət qərar verməyib. Hüquq müdafiəçiləri də dəfələrlə məsələ qaldırıblar ki, Əliabbas Rüstəmov məhbus həyatı yaşayan yeganə hüquqşünasdır. Qanunvericliyə uyğun olaraq azad edilməlidir”, – Bəşir Süleymanlı deyib.

O, növbəti məhkəmədən xüsusi gözləntisi olmadığını deyib. Bəşir Süleymanlının fikrincə, hüquq müdafiəçiləri, hüquqşünaslar Əliabbas Rüstəmovun azad edilməsi məsələsini gündəmə gətirməlidirlər:

“Ümumiyyətlə, siyasi məhbus probleminin köklü həllinə ehtiyac var. Bu istiqamətdə müzakirələr və kampaniya başlanmalıdır”.

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb. Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir.

Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Ana səhifəSiyasətMəhkum hüquqşünas Ali Məhkəmədə şikayətinə baxılacaq prosesə aparılmayacağını bildirib