Məhkəmə Rəsul Cəfərovu həbsdə saxladı

Apellyasiya Məhkəməsi hüquq müdafiəçisinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina ilə bağlı şikayəti təmin etməyib

Source:


Apellyasiya Məhkəməsi hüquq müdafiəçisinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina ilə bağlı şikayəti təmin etməyib.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina ilə bağlı şikayətinə avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Turan İnformasiya Agentliyinin verdiyi məlumata görə, vəkil Fariz Namazlı şikayətdə hüquqlarını müdafiə etdiyi şəxsin istintaqdan gizlənmək və ya istintaqa təsir etmək niyyətində olmadığının qeyd edildiyini deyir:

“Rəsul Cəfərov gizlənmək istəsəydi, hesablarına həbs qoyulduğunu və cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalı olduğunu öyrəndikdə xaricdən qayıtmazdı. Digər tərəfdən, Cəfərov istintaqa müntəzəm şəkildə gəlib və araşdırmaya əlindən gəldiyi qədər yardım edib, bütün sənədləri könüllü şəkildə təqdim edib. Lakin Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib”.

Vəkil Namazlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmək niyyətində olduğunu bildirib.

Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Prokurorluq onu CM-in 3 maddəsi üzrə (192, 213 və 308) – vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərMəhkəmə Rəsul Cəfərovu həbsdə saxladı