Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Mənbə: Meydan Tv

Başlıq: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Məcburi əməyə cəlb edənlər cəzalandırılacaqlar

Əmək müfəttişliyi söz verib

Bundan sonra işçiləri məcburi əməyə cəlb edənlər cəzalandırılacaq.

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıtda məcburi əməyin və insan alverinin, qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusunda keçirdiyi tədbirdə bəyan edib.

Bildirilib ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır:

“İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər”.

Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluq barədə çıxışlar da olub.

“Məşğulluğun bu növü əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur” – söylənib.

Azərbaycanda insanların məcburi əməyə cəlb edilməsi problemi yeni deyil. Xüsusən də bu, özünü pambıq yığımında göstərir. Ötən il Meydan TV-yə Ucar rayonu Mirzə Fətəli Axundov küçəsinin sakini Rəna Rəsulova şikayət edib, bildirmişdi ki, iş yerindən məcburi göndərildiyi pambıq tarlasında yıxılıb, xəsarət alıb. Ancaq ona kömək edən olmayıb:

“Bugünədək özümə gələ bilməmişəm. Ancaq bir nəfər də olsun qapımı döyüb, halımı soruşmayıb. İşim pambıq alağı etmək deyil. Bu işi məcburiyyətdən görürəm. Əks halda, işimi itirmək təhlükəsi vardı”.

Rəna Rəsulova Ucar şəhərindəki 1 saylı Körpələr evində xadimə işləyirdi. Deyirdi ki, son dövrlərdə onu iş yerindən hər gün məcburi pambıq tarlalarına alağa göndərirmişlər:

“Etiraz etmək kimi bir şansım yox idi. Qorxurdum ki, işdən çıxaralar. Məcburi gedirdim”.

Bundan əvvəl Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri də məcburi pambıq yığımına cəlb edildiklərini söyləmişdilər. Hətta sentyabrın 19-da pambıq yığımından dönən işçiləri daşıyan təcili yardım maşını qəzaya uğramışdı.

Kürdəmirin büdcə təşkilatlarında çalışan texniki işçilər Meydan TV-yə ) yazaraq onları pambıq yığımı dövründə zorla tarlaya apardıqlarını söyləmişdilər. Onlar bunun hər il təkrarlanmasından qorxduqlarını, məcburi əməyə cəlb edildiklərini deyirdilər:

“Kürdəmir xəstəxanasının rəhbərliyi iclas keçirərək işçilərə hamının pambıq yığımına getməsini, getməyənləri işdən qovacağı ilə hədələdi. Məcbur, bütün texniki işçilər pambıq yığımına getməli oldu.

Eyni zamanda, Yenikənd, Atakişi məktəblərinin də texniki işçiləri eyni qayda ilə pambıq yığımına cəlb edildilər. Başqa çarəmiz olmadığı üçün getdik”.

Könüllülərin pambıq yığımına cəlb olunması 9 iyun 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Qanun könüllü fəaliyyətinə cəlb olunmasını yol verən istiqamələri konkretləşdirib. Bura əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri daxildir. Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hxjef7

Ən çox baxılan