Rusiya XİN rəsmisi Ərdoğanın fikrinə münasibət bildirib
İyulun 20-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağda müvəqqəti yerləşən sülhməramlıların fəaliyyətinə toxunub.
Mariya Zaxarova bildirib ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyəti regionda davam edən gərgin vəziyyət şəraitində getdikcə daha çox tələb olunur.
Onun sözlərin görə, Rusiya sülhməramlıları Dağlıq Qarabağda mühüm sabitləşdirici rol oynamaqda davam edir:
“Əsas funksiya atəşkəsdir. Regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların fəaliyyətinə indi daha çox tələbat var”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Dağlıq Qarabağı tərk etmələri ilə bağlı bəyanatını şərh edən Mariya Zaxarova Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında Ankaranın tərəf olmadığına diqqət çəkib.
O, Rusiyanın sülhməramlı kontingentinin məhz bu sənəd əsasında Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirildiyini xatırladıb:
“Sənəddə həm kontingentin regionda qalma müddəti, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrləri aydın şəkildə əksini tapıb”.
“Cənubi Qafqazda sülhün qorunub saxlanılması həm Azərbaycanın, həm Ermənistanın, həm də mənə elə gəlir ki, o cümlədən, Türkiyənin maraqlarına uyğundur. Bu baxımdan, Ağdam bölgəsində Rusiya-Türkiyə müştərək mərkəzi çərçivəsində türk tərəfdaşları ilə mühüm qarşılıqlı əlaqəni qeyd edirik”, – deyə Zaxarova əlavə edib.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.