“Mançester Yunayted”in aviaqəzası

Daha bir nəfər, idman jurnalisti Frenk Svift xəstəxanaya aparılarkən keçindi.

Foto: Meydan Tv


44 sərnişin və heyət üzvündən iyirmisi hadisə yerində həlak oldu

1878-ci ildə “Nyuton Hit” adı ilə yaradılan, 1902-ci ildən “Mançester Yunayted” (MY) adlanan futbol komandası İkinci dünya müharibəsinə qədər xüsusi nailiyyətləri ilə öyünə bilməzdi. Cəmi iki dəfə (1908 və 1911-ci illər) İngiltərə çempionatının və bir dəfə (1909) kubokunun qalibi olan klub 1920-1930-cu illərdə ciddi maliyyə çətinliklərilə üzləşərək üç dəfə (1922-1925, 1931-1936, 1937-1938-ci illərdə) ikinci divizionda oynayır. Komanda 1934-cü ildə ikinci divizionda, hətta 20-ci yeri tutaraq üçüncü diviziona düşməkdən son turda qurtulur.

Müharibənin bitməsindən az sonra, 1945-ci ilin oktyabrında MY-ə yeni baş məşqçi təyin olundu. Mett (Mettyü) Basbi futbolçu kimi “Mançester Siti” və “Liverpul”da çıxışları ilə məşhur idi. Məşqçi kimi ilk iş yeri isə elə MY oldu. Onun rəhbərliyi altında MY dərhal birinci divizionun liderlərində birinə çevrildi.

Müharibədən sonra İngiltərə çempionatı 1946/1947-ci illər mövsümü ilə bərpa oldu. Yekunda 56 xal toplayan MY beşinci çempionluğunu qazanan Liverpuldan cəmi bir xal geridə qaldı və gümüş medal qazandı. Növbəti iki mövsümdə də komanda ikinci oldu, eyni zamanda 1948-ci ildə ölkə kubokuna sahibləndi. Finalda “Blekpul” məğlub edildi – 4:2.

Medalsız keçən bir mövsümdən sonra 1950/1951-ci il mövsümündə komanda yenə ikinci yeri tutdu. Növbəti mövsümdə isə, nəhayət, üçüncü çempionluğu qazandı. Bundan sonra komandada nəsil dəyişikliyi baş verdiyindən növbəti üç ildə nəinki çempionluq, heç bir medal qazanılmır.

Bu illərdə komandaya Dunkan Edvards, Bobbi Çarlton, Eddi Kolman, David Peqq, Albert Skenlon, Tommi Teylor, Bill Foulks, Liam Uilan kimi gənc oyunçular cəlb edilir. 1955/1956 mövsümündə oyunçularının orta yaş həddi 22 olan və buna görə də “Basbinin uşaqları” adlandırılan komanda ikinci yeri tutan “Blekpul”u 11 xal qabaqlayaraq qızıl medal qazandı. Nəticədə MY Çempionlar kubokunda iştirak edən ilk İngiltərə komandası oldu (həmin turnirin ilk mövsümündə İngiltərə çempionu “Çelsi” iştirakdan imtina etmişdi).

Komanda turnirə olduqca inamlı başladı və ilk turda Belçika çempionu “Anderlext”in daşını daş üzərində qoymadı – 2:0 və 10:0 (sonuncu hesab MY-nin bütün turnirlərdə ən böyük qələbəsi sayılır). Növbəti iki mərhələdə “Borussiya” (Dortmund) və “Atletik” (Bilbao) komandalarını çətinliklə də olsa keçən “uşaqlar” yarımfinalda Madrid “Real”ına uduzdular – 1:3 və 2:2

Daxili çempionat isə MY üçün yenə uğurlu oldu. Komanda 64 xal toplayaraq ikinci yeri tutan “Tottenhem Hotspur”u 8 xal qabaqladı və beşinci dəfə ölkə çempionu oldu. Eləcə də yenidən Çempionlar kubokunda İngiltərəni təmsil etmək hüququ qazandı.

“Basbinin körpələri” ilk iki mərhələdə İrlandiyanın “Şemrok Rovers” (6:0 və 3:2) və Çexoslovakiyanın “Dukla” (3:0 və 0:1) komandalarını adlayaraq ¼ finalda Yuqoslaviyanın “Srvena zvezda” komandası ilə qarşılaşdı. 1958-ci il yanvarın 14-də evdə keçirilən ilk oyunda mançesterlilər 2:1 hesabı ilə çətin qələbə qazandılar.

Fevralın 5-də Belqradda keçirilən oyun isə olduqca dramatik alındı. İlk hissədən sonra MY 3:0 hesabı ilə irəlidə idi. Amma ikinci hissədə hesabı bərabərləşdirmək üçün yuqoslavlara cəmi 13 dəqiqə lazım gəldi. Artıq 58-ci dəqiqədə hesab 3:3 idi. Bununla belə, MY sərfəli hesabı qoruya bildi və yarımfinala vəsiqə qazandı. Komanda Belqraddan qayıdarkən isə idman tarixinin ən faciəli hadisələrindən biri baş verdi.

***

“Dukla”ya qarşı oyundan sonra Praqadan qayıdanda “Mançester Yunayted” oyunçuları xeyli əziyyət çəkdilər. Onlar düman üzündən Praqadan Londona deyil, Amsterdama uçdular, buradan bərə ilə Haricə keçdilər, oradan Mançesterə getdilər. Növbəti oyun üçün isə Birminhemə yollandılar. Bütün bunlar 4 gün ərzində baş verdi və MY turnir cədvəlinin aşağılarında olan “Birminhem Siti” ilə oyunda 3:3 heç-heçə oynayaraq xal itirdi.

“Srvena zvezda” ilə oyundan sonra belə sərgüzəştlərlə üzləşməmək üçün komanda təyyarə kirayələmişdi. MY dalbadal üçüncü dəfə çempion olmağa can atırdı, amma turnir cədvəlində lider olan “Vulverhempton Uonderers” klubundan 6 xal geridə idi. Amma qarşıda hələ 14 oyun, o cümlədən “Vulverhempton”la əyani qarşılaşma olduğundan çempionluq şansı qalırdı.

Problem hələ Belqradda başladı. Komandanın hücumçusu Conni Berri pasportunu itirdiyindən təyyarə uçuşa 1 saat gec başladı. Üstəlik, icarəyə götürülən “Airspeed Ambassador” təyyarəsi qısa məsafələr üçün nəzərdə tutulduğundan onunla Belqraddan Londona uçmaq mümkün deyildi. Buna görə də fevralın 6-da Qrinviç vaxtı ilə saat 13.15-də yanacaq doldurmaq üçün Münhendə yerə endi.

Təxminən 1 saat sonra dispetçer qülləsi “Airspeed Ambassador”a havaya qalxmaq üçün icazə verdi. Amma təyyarə hərəkətə başlarkən cihazlar sol mühərrikdə nasazlıq olduğunu göstərdiyindən uçuş dayandırıldı. Bir neçə dəqiqədən sonra ikinci cəhd oldu, amma 40 saniyədən sonra hərəkət dayandırıldı, 38 sərnişin (onların arasında MY üzvləri olmayan kənar şəxslər də vardı) aeroport binasına getdilər. Artıq güclü qar yağmağa başlamışdı və sərnişinlər həmin gün uçuşun baş tutacağına inanmırdılar.

Amma təyyarənin kapitanı Ceyms Teyn hava limanınıln mühəndisi ilə mələhətləşmədən sonra daha bir cəhd etməyi qərara aldı. O, bu dəfə mühərrikdəki boğulmanı drosselləri daha asta-asta açmaqla adlamaq niyyətində idi. Bu o demək idi ki, təyyarə lazım olan sürəti daha gec yığacaq, amma uçuş zolağının uzunluğunun 2 km olması kapitanı bunun öhdəsindən gələcəyinə inandırırdı.

Gözləmə zalına gedən sərnişinlər cəmi 15 dəqiqə sonra yenidən təyyarəyə dəvət olundular. Onlar üçüncü cəhdin belə tez, texniki baxış və təmir aparılmadan edilməsindən xeyli təəccüblənmişdilər. Komandanın qapıçısı Harri Qreqq sonralar verdiyi müsahibəsində deyirdi ki, əgər bircə nəfər “bu axmaqlıqdır, mən uçmaq istəmirəm” desəydi, yəqin ki, çoxları ona qoşulardı. Amma hamı qorxaq görünməkdən qorxdu.

“Airspeed Ambassador” üçüncü cəhdinə 15.03-də başladı. Bir qədər sonra sol mühərrik yenə boğulmağa başladı. Amma kapitan onun sürətini əvvəlcə azaltmaqla, sonra isə tədricən artırmaqla normal işləməsini təmin edə bildi. Az sonra, sürət 217 km/saat olanda kapitan “V-1” komandasını verdi. Bu o demək idi ki, təyyarə dayanmaq həddini keçdi. İndi yalnız bir yol qalırdı – yuxarıya. Təyyarəni idarə edən ikinci pilot “Ambassador”un havaya qalxması üçün lazım olan minimum 220 km/saat sürəti və “V-2” komandasını gözləməyə başladı.

Amma aeroport işçilərinin səhlənkarlığı üzündən uçuş zolağının son 1/3 hissəsi qardan təmizlənməmişdi. Qar çamırının içinə gorən təyyarənin sürəti azalmağa başladı, 194 km/saata düşdü. Sürət təyyarəni havaya qaldırmaq üçün az idi, saxlamaq üçün isə zolağın uzunluğu çatmırdı.

BEA-Flug_609.jpg
Qəzaya uğrayan təyyarə

“Ambassador” uçuş zolağından çıxdı, hava limanının hasarını dağıtdı, sol qanadı ilə yaxınlıqdakı yaşayış evinə toxundu. Hərəkətini davam etdirən təyyarə sağ tərəfi ilə taxta anqarla toqquşdu və burada olan yanacaq dolu yük maşını alışdı. 44 sərnişin və heyət üzvündən iyirmisi hadisə yerində həlak oldu. Daha bir nəfər, idman jurnalisti Frenk Svift xəstəxanaya aparılarkən keçindi.

Qəzada “Mançester Yunayted”in iki məşqçisi və bir texniki işçisi ilə yanaşı yeddi futbolçu (Ceff Bent, Rocer Bern, Eddi Kolman, Mark Cons, Devid Peqq, Tommi Teylor və Liam Uilan) həlak oldular. Daha bir oyunçu, İngiltərənin ən perspektivli futbolçusu sayılan 21 yaşlı Dunkan Edvards 15 gün sonra xəstəxanada keçindi (martın 15-də ikinci pilotun da xəstəxanada keçinməsi ilə ölənlərin sayı 23 oldu).

Mett Besbi və təyyarədə olan doqquz futbolçu müxtəlif xəsarətlər alsalar da sağ qaldılar. Onlardan ikisi Conni Berri və Ceki Blançflauer öz karyeralarını bitirmək məcburiyyətində qaldılar. Yarımcan olan komanda İngiltərə çempionatının qalan 14 turunda cəmi 7 xal toplayaraq doqquzuncu yeri tutdu. Ölkə kubokunun finalında “Bolton Uonderers”ə 0:2 uduzdu. Çempionlar kubokunun yarımfinalında isə “Milan”qarşısında təslim oldu (2:1 ə 0:4).

***

Qəzadan iki ay sonra komandanı yenidən qurmağa başlayan Mett Basbi öz qarşısına onu yenidən çempion etmək və Çempionlar kubokunu qazandırmaq vəzifəsi qoydu. 20 yaçlı Bobbi Çarltonun veteran sayıdığı komandaya Albert Kuiksoll, Nobbi Staylz, David Herd, Denis Lou, Pat Krerand kimi oyunçuları cəlb edildi. MY 1963-cü ildə öz tarixinin ən parlaq ulduzlarından birini – Corc Besti sıralarına qatdı.

Klubun Münhen qəzasından sonrakı ilk uğuru 1963-cü ilə təsadüf etdi. Həmin il çempionatda olduqca uğursuz çıxış edən və 19-cu yeri tutan MY İngiltərə kubokunun finalında “Lester Siti”yə 3:1 hesabı ilə qalib gəldi. İki il sonra isə komanda çempion oldu. “Lids Yunayted”lə eyni (61) xal toplasa da, vurulan və buraxılan qolların daha yaxşı fərqinə görə birinci yeri tutdu.

“Mançester Yunayted”in Çempionlar kubokunda üçüncü çıxışı yenə də yarımfinalda dayandı. Finlandiyanın HJK (3:2 və 6:0), Şərqi Almaniyanın “Forverts” (2:0 və 3:1), Portuqaliyanın “Benfika” (3:2 və 5:1) klublarını inamla keçən klub Yuqoslaviyanın “Partizan” klubuna məğlub oldu – 0:2 və 1:0.

İngiltərə çempionatının 1965/66-cı il mövsümü mançesterlilər üçün uğurlu olmadı. Çempion “Liverpul”dan 10 xal geri qalaraq yalnız dördüncü yeri tutdular. Əvəzində növbəti ildə hər biri 56 xal toplayan “Nottingem Forrest” və “Tottenhem Hotspur”u 4 xal qabaqlayan komanda yeddinci dəfə çempion oldu.

1967/68-ci il Çempionlar kuboku turnirinin ilk mərhələsində MY Maltanın “Hibernians” klubunu keçdi – 4:0 və 0:0. İkinci mərhələdə rəqib yenə yuqoslavlar idi, bu dəfə “Sarayevo” komandası. Səfərdə qolsuz heç-heçədən sonra “Old Trafford”da mançesterlilər qalib gəldilər – 2:1. 1\4 finalda Polşanın “Qurnik” komandası turnirdən kənarlaşdırıldı – 2:0 və 0:1.

Yarımfinalda isə mançesterliləri daha heybətli rəqib gözləyirdi – turnirn altıqat qalibi “Real” (Madrid) komandası. Tofiq Bəhramovun idarə etdiyi ev oyununda MY Corc Bestin 36-cı dəqiqədə vurduğu yeganə qolun hesabına qalib gəldi – 1:0. “Santyaqo Bernabeu”dakı cavab oyunun ilk hissəsindən sonra isə “Real” 3:1 hesabı ilə irəlidə idi. Həm də “Mançester”in yeganə qolu ispanların müdafiəçisi Sokonun avtoqolu hesabına vurulmuşdu. Amma 73-cü dəqiqədə Sedler, 78-ci dəqiqədə isə Foulksun qolları hesabına oyun 3:3 hesabı ilə bitdi və MY finala çıxdı.

Londonun “Uembli” stadionunda keçirilən final oyununda rəqib Çempionlar kubokunun ikiqat qalibi “Benfika” komandası idi. Oyunun əsas vaxtı 1:1 hesabı ilə heç-heçə bitdi. Bobbi Çarltonun 53-cü dəqiqədə vurduğu qolun əvəzini portuqalların yarımmüdafiəçisi Qrasa 79-cu dəqiqədə çxıdı. Oyunun sonlarında Eysebio “Benfika”ya qələbə qazandıra bilərdi, amma onun yaxın məsafədən vurduğu zərbəni mankunyanların qapıçısı Aleks Stepni inanılmaz reaksiya ilə tutdu. Eysebio öz heyrətini qapıçını alqışlamaqla ifadə etdi.

Əlavə vaxtın ilk 9 dəqiqəsində isə hər şey həll oldu. 92-ci dəqiqədə qapıçı ilə təkbətək çıxan Corc Best onu aldadaraq topu boş qapıya vurdu. İki dəqiqə sonra Kidd baş zərbəsi ilə fərqi artırdı. 99-cu dəqiqədə isə Bobbi Çarlton cinah ötürməsindən sonra oyunun son nəticəsini müəyyənləşdirdi – 4:1.

Beləliklə, Münhen faciəsindən 10 il sonra “Mançester Yunayted” Çempionlar kubokunu qazandı. Qəzaya düşən heyətdən yalnız iki nəfər komandada qalmışdı – Bobbi Çarlton və Bill Foulks. Komandanın sükanı arxasında isə yenə Mett Basbi idi. Arzusuna çatan və Münhendə həlak olan yetirmələrinin xatirəsi qarşısında borcunu yerinə yetirən Basbi bir il sonra baş məşqçi postunu tərk etdi.

***

Çempionlar liqasında qalib gələn komandanın tərkibindən 2020-cildə cəmi iki nəfər sağ qalmışdı. Bobbi Çarlton və Münhendə xəsarətsiz qurtulan yeganə adam, başqalarını da yanan təyyarədən xilas edən Harri Qreq. Amma Harri fevralda vəfat etdi və hazırda yalnız Bobbi Çarlton həyatdadır.

Ana səhifəXəbərlər“Mançester Yunayted”in aviaqəzası