Sentyabrın 22-də Lənkəran Rayon Polis İdarəsinin əməkdaşı Müsavat Partiyasının Lənkəran təşkilatının ümumi yığıncağını keçirməyə imkan verməyib. Bu barədə məlumat yayan partiyanın Divan üzvü Yadigar Sadıqlının sözlərinə görə, polis onun yaşadığı mənzili mühasirəyə alıb. Mayor rütbəli birisi onlara yığıncaq keçirmək üçün icazə almaq lazım gəldiyini bildirib.
“Toplantının keçirilməsi üçün Bakıdan Lənkərana gedən başqan müavini Gülağa Aslanlı, MNTK üzvü Çingiz Əli, Məclis üzvü Qəzənfər Baxışov və jurnalist Şəmşad Ağa həyətə çıxıb xudahafizləşərkən polis rəisinin müavini Faiq İlyasovun və digər polislərin hücumuna məruz qaldılar, zor və kobudluqla üzləşdilər“- deyə, Yadigar Sadıqlı qeyd edib.
Hadisə zamanı Şəmşad Ağa və Gülağa Aslanlının da təzyiqə məruz qaldığı deyilir.
Bu barədə Meydan TV-yə danışan jurnalist Şəmşad Ağanın sözlərinə görə, polis Gülağa Aslanlıya, Yadigar Sadıqlıya, Qəzənfər Baxışova və Çingiz Əliyə qarşı kobud davranıb, toplantıya icazə verməyib. Hadisəni canlı yayımlayan jurnalistə isə fiziki təzyiq göstərilib, yayıma maneə yaradılıb. Bundan başqa, toplantıya Bakıdan gələn şəxslərin qarşısı kəsilib və əraziyə buraxılmayıb. Şəmşad Ağanın sözlərinə görə, müsavatçılar məcbur geriyə-Bakıya qayıtmalı olublar.