Lənkəran sakini: Evimə elektrik sayğacının qoyulması üçün məndən pul tələb edirlər

Lənkəran
Lənkəran


“Sayğac pulsuz qoyulsa da aksessuarların pulunu vətəndaş ödəməlidir”

“Evimə sayğac qoyulması üçün müraciət etmişəm. Ancaq illərdir bu tələbim yerinə yetirilmir. Lənkəran Elektrik Şəbəkəsinin Enerji Satışı üzrə rəisi Cavid Talışınski işimə süni əngəllər yaradır”.

Meydan TV-yə Lənkəranın Sütəmurdov kəndinin sakini Amid İsayev belə deyib.

O deyir ki, işıq sayğacı ilə təmin olunması ilə bağlı “Azərenerji” ASC -nin “Şirvan Regional Elektrik Şəbəkəsi” MMC tərəfindən 11.12. 2013 – cü il tarixində 019005 saylı texniki şərt verilib:

“Ancaq dəfələrlə yazılı və şifahi müraciətlər etsəm də, Lənkəran Elektrik Şəbəkəsinin Enerji Satışı üzrə rəisi Cavid Talışınski işimə baxmayıb. Sonuncu dəfə qəbulunda olanda mənə dedi ki, evə işıq sayağacı qoyulması üçün 201 manat pul ödəməlisən. Əgər sayğac istəyirsənsə pulunu ödə, istəmirsənsə xoş getdin”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Lənkəran Elektrik Şəbəkəsi ilə əlaqə saxlayıb. İdarənin baş mühəndisi Şamil Bəhrəmov deyib ki, bəli, sayğaclar dövlət tərəfindən verilir, ancaq onun çəkilməsi üçün istifadə olunan materialları vətəndaş özü ödəməlidir:

“Sayğac pulsuz olsa da, digər aksessuarlar, kabel və s. qiymətləndirilir. Smeta tərtib olunur. Təxminən 140-150 manat dəyərində pul tutur. Vətəndaş həmin məbləği banka ödəyir. Bankdan verilən qəbzlə idarəyə gəlir. Bundan sonra onun evinə sayğac quraşdırırıq. Bu, hamıya aiddir, bir nəfər kimi”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş və enerji təchizatı müəssisəsi ilə elektrik enerjisi istehlakçıları arasında hüquqi münasibətləri tənzimləyən “Elektrik Enerjisindən İstifadə Qaydaları”na görə texniki şərtin verilməsinə və abonent kodunun açılmasına görə ödəniş tələb olunmur. “Qaydalar”ın 7.9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

Ana səhifəVideoLənkəran sakini: Evimə elektrik sayğacının qoyulması üçün məndən pul tələb edirlər