Ləcədililər: Dərdimizi deməyə məmur tapmırıq

“Kənddə iki bulaq vardı, ikisi də qurudu”.

Source: Specify Source


Kəndlilərin su, qaz, yol, məktəb problemi

“Bu yaxınlarda xəbər tutduq ki, rayonun icra başçısı qonşu kəndə gəlib, qaçıb getdik ki, biz də dərdimizi deyək. Dedi, gedin, uzağı bir həftəyə sizin də kəndə gələcəm, sözünüzü deyərsiz. Ancaq gəlmədi”.

Şabranın Ləcədi kəndinin sakinləri Meydan TV-yə sosial problemlərdən danışırlar. Kəndlilərin deməsinə görə, əsas problemləri qaz, su, yol və məktəblə bağlıdır.


“Üç kənd qışboyu meşəni qırır”

“Ləcədi rayon mərkəzindən təqribən 15 kilometr aralıda yerləşir. Ancaq mərkəzdəki məmurlar burada yaşayan insanları sanki tamamilə dəftərdən siliblər”, – bunu kənd sakini Nəzakət Əmrullayeva deyir.

Ləcədi dağ kəndidir. Meşələrin əhatəsində yerləşir. Kəndlilərin sözlərinə görə, həm bu, həm də ətrafındakı bir neçə kəndin istilik mənbəyi həmin meşələrdir. Əhali meşələrdən ağac kəsib, evlərini odunla isidirlər. Ancaq onlar bunun çıxış yolu olmadığını deyirlər:

“Burda üç kənd meşədən odun daşıyır. Hər kənddə azı 30-40 ev var. Nə vaxta qədər meşələri qıracağıq, hökumət bir yolunu tapıb kəndlərdə istilik məsələsini həll etməlidir. Bir neçə kənd qışboyu meşənin odunu ilə isinir. Yayda da yemək, çay hazırlamaqda, hamam qızdırmaqda odundan istifadə edirik. Meşədə kəsməyə ağac qalmayıb”.


“Kəndin su bulaqları quruyub, susuz qalmışıq”

Sakinlər deyir, daglardan axıb gələn bulaqlar da çoxdan quruyub. Bu üzdən də susuzluq hökm sürür, əhali suyu uzaq kəndlərdən daşıyır. Nəzakət Əmrullayeva sözünə davam edir:

“Kənddə iki bulaq vardı, ikisi də qurudu. Yaşlı adamam, tək yaşayıram, su daşıyanım yoxdur. Qışın soyuğunda səhər su bardağını götürüb evdən çıxıram, ayağımı çəkə-çəkə bir neçə kəndi vurub keçirəm, bir də axşama yaxın bir bardaq su ilə qayıdıb evə çatıram. Susuzluqdan çimə bilmirəm”.

Bu kənddə əhalinin əsas məğuliyyəti heyvandarlıqdır. Ancaq susuzluq bu təsərrüfatın inkişafına da mənfi təsirini göstərir.


“Məktəblilər təhsil almağa başqa kəndələrə gedirlər”

Kənd sakinlərinin bir arzusu da məktəblə bağlıdır. Ləcədidəki uşaqlar qonşuluqdakı Qələgəh kənd məktəbinə gedirlər, o məktəb də 9 illikdir. 9-cu sinifi bitirəndən sonra 10-11-ci sinifləri oxumaq üçün daha uzaq məsafədəki başqa məktəblərə üz tuturlar.

Ləcədini az qala ətrafdan təcrid edən səbəblərdən biri də yol problemidir. Sakinlərin deməsinə görə, Ləcədidən Xaçmaz, Quba, Qusara olan yolu Gəndabdan keçir. Ləcədi ilə Gəndabın arası 8 kilometrlik yoldur. Ancaq yolun bərbad olması üzündən ləcədililər həmin rayonlara get-gəl edə bilmirlər.


“Kənd yolları bərbaddır”

“Halbuki, ləcədililərin qohum-əqrabaları həmin rayonlarda yaşayır, üstəlik, heyvanlarımızı həmin rayonların bazarlarına çıxarırıq. Ümumiyyətlə, bu kəndin sakinlərinin əsas iş-gücü həmin rayonlardadır. Ancaq 8 kilometr Gəndab yolunu gedib-gəlmək olmur deyə, adamlar o istiqamətə getməkdə çətinlik çəkir”, – sakinlər deyir.

Digər yolsa Qələgah kəndindən keçir. Bu yol əsas yola – Şabran-Pirəbədil yoluna yaxındır. Lakin o yola çatmaq üçün qət etməli olduqları aradakı 4 kilometrlik yol bərbad vəziyyətdədir.

Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, kənd sakinlərinin quruma ünvanladıqları məktublar yerindəcə araşdırılır və problemlərin həlli üçün aidiyyəti orqanlara göndərilir:

“Ötən ay icra başçısı Kilvar, Rəhimli və daha bir neçə kənddə olub, vətəndaşları dinləyib, problemlərinin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələrinə tapşırıqlar verib. İcra hakimiyyəti kəndlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlindən gələni edir”.

Ana səhifəBölgəLəcədililər: Dərdimizi deməyə məmur tapmırıq