Mənbə: Meydan TV

Lal cəmiyyətin kar hakimiyyətə müraciəti

Məqalə yeniləndi:  24 Mart 2021

Cəmiyyətimiz laldır. Cürbəcür səslər çıxarır, fəqət anlaşılan nitq alınmır. Lal elə bilər ki, danışır. Cəmiyyətimiz də elə bilir danışır. Çox səs çıxarır, bəzən qışqırır, fəqət xeyri yoxdur, dediyini eşidən yoxdur. Eşitsəydilər, nəyisə anlayardılar.

Kim eşitməliydi? Hakimiyyət. Cəmiyyət ona deyir, ona qışqırır. Bilmir ki, hakimiyyət kardır. Qışqır, qışqırma, de, demə, xeyri yoxdur. Milli hakimiyyətin milli özəlliyi var: hakimiyyətə kim gəlir gəlsin, gələn kimi qulağı batır, ora cəmiyyətdən heç bir səs gəlib çatmır. Kommunistlər də, cəbhəçilər də kar idi, indiki də kardır.

Gələn səslər elə bil sovet vaxtının düşmən radiosəsləridir, səsboğan qurğular guruldayıb-vıyıldayıb cəmiyyətin səsləndirməyə çalışdığı sözləri anlaşılmaz səs yığınına çevirir. İstəsən də nəsə anlayasan, alınmaz, eşidə biləcəyin mənasız-məzmunsuz səs yığnağıdır.

Bir də görürsən ki, kimsə hakimiyyətdə lapdan ayılıb deyir: kiriyin, ay uşaq, aşağıdan səslər gəlir, susun, danışmayın, dinləyək, görək xalq nə deyir...

Qulaqlarını şəkləyib dinləyirlər, xırıltı və vıyıltı arasında bəzi əlaqəsiz sözləri ayırd edirlər: “yardım, mandat, işgəncə, işsizlik, saa qurban olum, ömrümdən kəssin...”

Bir xeyli dinləyəndən sonra daha fəhmli birisi qulaq asana deyir: “Boşla, bekara işdir, səndən əvvəl buralarda cox adam çalışıb aşağıdan gələn sözləri anlasın, xeyri olmayıb. Aşağıdan heç vaxt ağıllı söz gəlməyib. Gəl gedək, bu yaxında prezidentin göstərişi ilə Elman Rüstəmov manatı təzədən devalvasiyaya uğradacaq, gəl sənə öyrədim, sərvətini bir günə necə iki dəfə artırasan”.

Lal deyir: “Neft pullarını göyə sovurma, gün gələcək, tükənəcək, xalq haradasa işləməlidir, özü özünü dolandırmağı bacarmalıdır. Xalqın işi-peşəsi olar, nə isə istehsal edər, başqası almasa da, ölkə daxilində alarlar. Yaxşı istehsal etsək, lap elə başqaları da alar”.

Lal deyir: “Milləti müftə neft-qaz pullarının ümidinə qoymaq onu yaxın gələcəkdə ac-yalavac qoymaq deməkdir”.

Lal deyir: “Saxta hesabat üçün deyil, lazımlı məhsul istehsal edən iş yeri aç, insanlar işləyib qazansın, oğurlayıb yox...”

Lal deyir, kar eşitmir. Bir azdan “Formula-1"-in növbəti yarışı keçiriləcək. Növbəyə xeyli büdcəyə qara qəpik gətirməyəcək, amma can-ciyər yaxınların cibini dolduracaq tədbirlər və layihələr düzülüb.

Lal deyir: “Dövləti biabır etməyin. Saxta seçki keçirməyin, dövlətə də, hətta hakimiyyətə də ziyandan başqa heç nə gətirmir. Qısır inək süd verər, bu parlament millətə xeyirli qanun qəbul edə bilməz. 125 deputatdan olsa-olsa, 10-u kara gələr. Xalqa seçməyi etibar etmirsiniz, neynək, olur belə şeylər, etibar etsəniz, bu xalq gedib 125 nəfər təzə Elçibəy tapıb-seçər. Hər sahənin hamı tanıyan məlum biliciləri var, onların arasında anonim sorğu keçirin, hər mühüm sahənin başbilənlərini müəyyənləşdirib deputat təyin edin. Təki parlamentdə savadlı adamlar olsun, dövlət daha 30 il “komblok-demblok” oyununa, say-seçmə tayfa mafiozlarının çərənləmə cıdırına dözməyə bilər. Dözməz, yıxılar, canını tapşırar qalanlara. “Qalanlara bizdən selam olsun!” Bilinmir, kim qalacaq, kim gedəcək. Çox ola bilsin ki, yaxşılar gedib, pislər qalacaq”.

Lal deyir, bəzən qışqırır, elə bilir hər seçki dövründə qışqırsa, onu eşidəcəklər.

Hay-hay eşitdilər. Kardır qulaqları, heç zad eşitmirlər. Başları möhkəm qarışıb, yuxarı yerlərin ən yağlı məqamlarında əyləşmək uğrunda möhkəm savaş gedir. Gələcək parlament seçkilərində təyin ediləcək məxluqatın siyahısına etibarlı adamların adları bir-bir salınır. Bax, buna qarşı dağı deşən kompromat var, onu hər ehtimala qarşı salın siyahıya. Köhnələr arasında kiminsə arpası artıq düşsə və başlasa baş aparmağa, onun əvəzinə bunu siyahıya salarsız.

Lal deyir: “İdarə işlərində paralellik, ikitirəlik olmamalıdır. İsrafdır bu, idarə səmərəsini ikiqat azaldır. Ya Prezident Administrasiyası qalsın, ya Nazırlər Kabineti. İki - hüquqsuz Nazirlər Kabineti və qeyri-peşəkar Prezident Administrasiyası - əvəzinə bir mötəbər və səlahiyyətli qurum müəyyənləşdirin, lazımsızı ləğv edin. SSRİ-də var idi Mərkəzi Komitə, var idi Nazirlər Şurası, hər ikisi eyni işi görürdü, guya dövləti idarə edirdi. No-o-ldu axırı? No-o-ldu həmin dövlətin axırı? Azərbaycan üçün də belə aqibət istəyirsiniz?”

Lal qışqırır, bağırır, karın sifətinə baxıb görür ki, bu sifətdə razılıq və səadət ifadəsi var. Toxluq var, iştaha var. Zəka və fəhm oxunmur. Zira eşitmir, kardır.

Lal deyir: “Xaricilərə rüşvət paylamayın, əvvəl-axır üstü açılır, keçən-gedən cəmdəyimizə döşəyir. Xaricdə kim Azərbaycanın lehinə səs verirsə, həmin dəqiqə avtomatik olaraq ona qarşı korrupsiya davası açılır. Rüşvət verib siyasi məhbus qətnaməsinin əleyhinə səs verdirməkdənsə, siyasi məhbus tutmayn, tutduqlarınızı boşlayın. Dünya dağılmaz, bu siyasi məhbusların hakimiyyəti devirməyə gücü çatmaz. Xaricilərə rüşvət verdiyiniz pulları xalqın rifahına xərcləsəniz, siyasi məhbusa heç ehtiyac qalmaz”.

Kar tutduğunu tutub, elə-hey yüzlərlə milyonu tökür bu bədbəxt avropalı deputatlara. Onlar da axı insandır, dözməyib alırlar, sonra üstü açılır, biabır olurlar, qovulurlar, tutulurlar. Onların canı cəhənnəm, Azərbaycanın adı bədnam olur. “Adın çıxınca, canın çıxsın”. “Qara kürü korrupsiyası” Azərbaycanın brendinə çevrilib.

Lal deyir ki, aqropark adına iri latifundiyalar yaratmayın, ölkənin əksər əkin torpaqlarını adınıza özəlləşdirməyin. Qoy ölkədə kəndli qalsın, əkin-biçinlə o məşğul olsun. Qoymayın Azərbaycan kəndi ölsün, xalqın saf bulağı oradadır, paytaxt asfaltında saf bulaq olmur. Lal deyir ki, gözünüz doysun, bəsdir hər şeyi qamarladınız, oğurluğun kəmiyyəti inqilab keyfiyyətinə keçə bilər. İmkan verin kəndliyə də torpaq qalsın, yığışdırın bu qohum-qardaş, tanış-biliş məmur MMC-lərini, daraşıblar kəndistana, kəndliləri talan edirlər. Onlar talan edirlər, prokuror, hakim, polis, icra başçıları və xəfiyyələr talançıları müdafiə edirlər, çünki yaxşı bilirlər ki, onların arxası kimə bağlıdır. Dövlətə inam beləcə ölür.

Kar eşitmir, bütün ölkə miqyasında tətbiq etdiyi təcrübəni azad edilmiş Qarabağda da təkrarlamaq niyyətindədir. Azad edilmiş torpaqlara vətən kimi yox, gələcək aqroparkların ərazisi kimi baxır. Bu aqroparkların məhsulunu yığıb-yığışdrmaq mümkün olmayacaq, xarici bazarlara daşınsa, bilirsiniz nə qədər pul edəcək? Nə, kəndli, kəndli nədir? Qələt edir kəndli! Kəndli üçün polis var, dəyənək var...

Lal deyir: “Boyat Milli Elmlər Akademiyasını islah edin, elmimizi gerçəkliyə calayın, ictimai elmlər cəmiyyətimizi və dünyanı yalan qəliblərsiz, saxta göstərişlərsiz, olduğu kimi öyrənib nəticəni ortaya qoysun, dəqiq elmləri bağlayın istehsala və texnologiyaya, bəsdir mücərrəd “şunu götür, şunu qoy”la məşğul oldular”.

Kar təntənə ilə naftalindən əski, kaf-kaf edən bir antik nəfəri gətirib qoyur elmimizin başına, o da AMEA-nı çevirir əksinqilab yuvasına. Həyat ilə əlaqədən söhbət belə gedə bilməz. İctimai elmlər analoqu olmayan uğurları tərənnüm edir, dəqiq elmlərin uğurlarını teleskopla axtarıb mikroskobla tapmaq olar.

Lal deyir: “İqtisadiyyatı inkişaf etdirməyin ən səmərəli yolu məmurun xalqın belindən düşməyidir. Belinə məmur minmiş istehsalçı heç zad edə bilməz. Baxın inkişaf etmiş və edən dünya dövlətlərinə, ibrət götürün”.

Kar deyir: “Əlahəzrət və Ali Baş Komandan nə desə, o da olacaq. Deyibsə ki, iqtisadiyyat inkişaf etsin, gözləyin, bir az da gözləyin, ha indi iqtisadiyyat əlahəzrətin dəyərli göstərişini yerinə yetirib inkişaf etməyə başlayacaq. Sadəcə bir az səbr edin, qoy Neft Fondunun pullarını yerlə-yeksan, daha doğrusu, yer-yığış və pay-puş edək, sonra iqtisadi inkişafın növbəsi çatacaq”.

Lal deyir: “Ölkəni çapıb-talayan məmurların adlarını deməkdən dilimiz qabar olub. Hamı bilir bu talançıların kimliyini. Bir il deyil, beş il deyil, on il deyil, iyirmi ildən artıqdır külli-əhli-Azərbaycan vurma cədvəli kimi bu adları əzbərdən deyir, lakin onları tərpədən yoxdur. “AZAL” talanır, “SOKAR” talanır, Gömrük Komitəsi talanır, “AZƏRSU” talanır, Kənd Təsərrüfatı Nazirliyi talanır, talanmayan dövlət idarəsi qalmayıb. A kişilər! Hətta Xarici İşlər Nazirliyini də talayırdılar! Talamasaydı, Nyu-Yorkdakı bahalı mənzilləri hansı pulla alırdı?”

Kar eşitmir. Talançılar gül-be-şəkər olub xonça kimi oturublar hakimiyyət masasının düz ortasında, bir ucdan ənam və imtiyaz alırlar. Varıdatlarını yek yanında sıfırlarla deyil, artıq nəqd tonlarla ölçürlər.

Qarşılıqlı anlaşılmazlıq və eşitməzlik, anmazlıq və qanmazlıq siyahısını “n” qədər uzatmaq, millətimizin zəngin həyatının bütün sahələrini sadalamaq olar.

Görünən odur ki, lal elə-hey əcaib səslər çıxarır, “bu-bu-bu”, “qur-qur-qur”...

Karın isə qulağına qəraib səslər gəlir: “xır-xır-xır”, “vıy-vıy-vıy”...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 Mart 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vnj9j8

Ən çox baxılan