Kürdəxanıda nə baş verir?

Kürdəxanı həbsxanası və ya tam adı ilə 1 saylı Bakı İstintaq Təcridxanası…

2009-cu ildə açılan Kürdəxanı həbsxanası Azərbaycanın ən böyük tərcridxanası hesab olunur.

2009-cu ildə binanın məhbus tutumunun 2500 nəfər olduğu bildirilib. Həmin il mətbuatda yer alan xəbərlərdə təcridxananın tutumunun 1, 2, 4, 6 olmaqla 576 kameranın olduğu bildirilirdi. 

Bəs təcridxanada olan məhbus sayında limit keçilib? Yoxsa təcridxananın orada saxlanılan məhbuslara “ev sahibliyi” etməyə yetərincə yeri varmı?

2024-cü ildə, hazırda Kürdəxanı təcridxanasında saxlanılan “Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızı ümumi şəraitdən, xüsusilə qadın məhbusların saxlanma şərtlərindən şikayət edib. O və Abzas medianın digər əməkdaşları Elnarə Qasımova, Nərgiz Absalamova təcridxanada 170 qadın məhbusun olduğunu qeyd ediblər.  Onlar qadınların 2-ci korpusun 2-ci mərtəbəsində 27 kamerada yerləşdirildiyini, lakin 30 kameradan bəzilərinin başqa məqsədlər üçün istifadə edildiyini bildiriblər. Məsələn, cəza kamerası və ya nəzarətçilərin mətbəxi və s.

Lakin bu təcridxananın şəraitsizliyi və məhbus sayı ilə bağlı yeganə şikayət deyil.

Bir çox siyasi məhbusun vəkili olam Aqil Layıc, özünün facebook hesabında yazmışdı ki, Bakı İstintaq Təcridxanasına o qədər adam “doldurulub” ki, insan ləyaqətinə hörmət çərçivəsində onları orada saxlamaq mümkün deyil. 

İstintaq təcridxanasında məhbus sayı ilə bağlı limitin keçildiyini rəsmilər də zaman-zaman açlqlama verib.

Məsələn 2022-ci ildə İnsan Hüquqları üzrə Müvəkkilin məruzəsində saxlanma şəraiti ilə bağlı problemlər qeyd olunub.

Məruzadə 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında 3500-dən çox şəxsin saxlanıldığı qeyd olunub. Həmin məruzədə digər saxlanma təcridxanalarında da bənzər halın yaşandığı bildirilib. 

Son 2 ildə həbs olunan fəalların, jurnalistlərin sayını nəzərə alanda həbsxanada hazırki məhbus sayının daha da yüksək olduğunu düşünmək olar. Lakin hazırda Kürdəxanı təcridxanasında nə qədər məhbus saxlanılması ilə bağlı rəsmilər tərəfindən dəqiq rəqəm açıqlanmayıb. 

Müxtəlif zamanlarda Kürdəxanı təcridxanası məhbuslara qarşı olunan işgəncə halları ilə bağlı da gündəmə gəlir. Hazırda həbsdə olan Abzas medianın direktoru Ülvi Həsənli 2024-cü ilin dekabrından etibarən üzləşdiyi və şahid olduğu işgəncələr haqqında geniş yazı yazmışdı. O bildirmişdi ki, məhbuslar Ombudsmanın divarlara vurdurduğu “işgəncələr yox” şüarının altında döyülür. O məhbusların başı aşağı əllərinin və ayaqlarını dəmir barmaqlıqlardan qandalla asıldığını dubinka ilə döyüldüyünü qeyd etmişdi. Ülvi Həsənli hətta təcridxana rəisinin yeni gətirilən bəzi məhbusların lüt şəkillərini çəkdirib telefonunda saxladığını bildirmişdi.

Ülvi Həsənli də təcridxananda saxlanılan məhbus sayının aşıldığını, 4000 nəfəri keçdiyini bildirmişdi. 

Avropa Şurasının İşgəncəyə Qarşı Komitəsinin 2016-cı il hesabatında Azərbaycan təcridxanalarında, o cümlədən Bakı İstintaq Təcridxanasında saxlanma şəraitinin qeyri-kafi olduğu, məhbuslara qarşı pis rəftarın sistematik xarakter daşıdığı qeyd olunub.

Kürdəxanı təcridxanası ilə digər ölkələrin həbsxanalarını müqayisə edək

Dünyada tutum aşımı baxımından lider olan Türkiyədə 2021-ci il SPACE hesabatına görə, hər 100 yerə 127 məhbus düşür, yəni tutum 27% aşılır. Türkiyə Ədliyyə Nazirliyinin 2023-cü ilə aid rəsmi məlumatına görə, Türkiyə həbsxanalarında 341,000 məhbus saxlanılır, tutum isə təxminən 270,000-dir.

Türkiyədə sıxlıq Azərbaycandan yüksəkdir, lakin Bakı İstintaq Təcridxanasında konkret kameraya dair verilən nümunə – 10 yerə 15 nəfər  Türkiyədəki orta göstəricidən daha dramatik sıxlıq göstərir.

Rusiyada da həbsxalarda məhbus sayı aşımı olduğu bildirilir. 2021-ci il SPACE hesabatına görə, həbsxanaların tutumu 2021-ci ildə 433,000 nəfər idi, məhbus sayı isə 467,000. Bu, hər 100 yerə 108 məhbus deməkdir. 

Lakin bəzi bölgələrdə, xüsusən SIZO istintaq təcridxanasında sıxlıq 150%-ə qədər çata bilir.  Bu da o deməkdir ki, Rusiyada ümumi sıxlıq Azərbaycandan aşağıdır, amma istintaq təcridxanalarındakı vəziyyət Bakıdakı ilə oxşardır.

Ana səhifəXəbərlərKürdəxanıda nə baş verir?