Kontekstbazlıq

İndi durub kontekstinizə öskürməyək, neyləyək?

Foto: Meydan TV


Hazırda Azərbaycanda kontekstdən çıxarılan elə deputatlığın özüdür

Bəri başdan deyim: artıq bir növ adətkərdə olduğumuz qalmaqallı deputat çıxışları mənim üçün heç vaxt maraqlı olmayıb. Üzləşdiyimiz ədalətsiz situasiyanın səbəbkarları arasında onlar ikinci, üçüncü dərəcəli fiqurlardır.

Ancaq indi bir məqama toxunmağı gərəkli sayıram.

Təzəlikcə bizim Milli Məclis üzvlərindən kimi dindirsən, camaatın onlara sosial şəbəkələrdə qəzəb püskürməsindən gileylənirlər, əcəb də əsas tapıblar: guya bunların ümumxalq nifrəti və öfkəsi ilə qarşılanan fikirləri bir qayda olaraq kontekstdən çıxarılır, təhrif olunur, ona görə də camaatda hirs və hikkə doğurur!

Bir az yaddaşımı qurcaladım, xatırlamağa çalışdım.

Məsələn, Hadı Rəcəbli açıq-açıq demişdi ki, əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır: "Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki? Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir".

Burda nəyisə kontekstdən çıxarmağa ehtiyac varmı? Müəllimin nə demək istədiyi gün kimi aydındı. Camaat cinlənməsin, neyləsin?

Biləsuvarda məcburi köçkünlərin etiraz aksiyasından sonra Astan Şahverdiyev ad-soyadlı deputat onları "bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam" adlandırmışdımı? Adlandırmışdı. Bununla da kifayətlənməmişdi, bir az da irəli gedib "Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var" demişdimi? Demişdimi?

Kor-kor, gör-gör. Daha nə kontekstbazlıqdı?

Devalvasiyadan sonra daha da dərinləşən sosial-iqtisadi böhran günlərində Hüseynbala Mirələmov ad-soyadlı yazıçı-deputat camaata "Ayağınızı yorğanınıza görə uzadın. Azdır, az ye, çoxdur, çox ye. Adamlar var, çörək yemir, ət yemir, balıq yemir, başqa şey yemir ki, forma saxlayır. Yəni demək istəyirəm ki, çox yemək insanı tez qocaldır" deyə öyüd-nəsihət verməyə çalışmışdımı? Çalışmışdı. Sonra çıxıb "Kontekst-kontekst" deyə özünü sudan quru çıxarmaq nəyin nəsidir?

Milli Məclisin, allah qoymasa, həm də Regional məsələlər və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayev "yürüyən ata qamçı vurmurlar" atalar sözünü misal gətirib qadına şiddətə haqq qazandırmaq istəmişdimi? İstəmişdi. Ardınca "qaş düzəltməyə" çalışarkən "Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz söyləməlidir də!" deyərək vurub "gözü də çıxarmışdımı"? Çıxarmışdı.

Yesinlər kontekstinizi!

Ölkədə yüz minlərlə insan işsizkən, Rusiyada, Türkiyədə, Gürcüstanda, daha haralarda bir qismət çörək dalınca səfil-sərgəran olmuşkən Aydın Hüseynov ad-soyadlı bir başqa deputat "Əgər kimsə hesab edirsə ki, Azərbaycanda iş yerlərinin sayı azalır, onlar səhv fikirləşirlər. Əksinə, Azərbaycanda iş yerləri daha da çoxalır. Yaxın gələcəkdə bu daha da çox olacaq. Hətta, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün biz ölkəmizdə əmək bazarına xarici ölkələrdən insanları dəvət edəcəyik. Çünki Azərbaycanda iş yerlərinin sayı getdikcə daha da çoxalır" deyə gül vurmuşdumu? Vurmuşdu.

İndi durub kontekstinizə öskürməyək, neyləyək?

Üstəlik, belə nümunələr bir deyil, beş deyil, on deyil, yüz deyil…

Məntiqə bax: az qala hər deputat ağzını açanda alabəzək quşlar buraxacaq, camaat da insanların gözünün içinə söylənən bu ağ yalanlara, ürəkbulandıran nitqlərə artıq dözməyəcək, cin atına minəcək, sosial şəbəkələrdə, çayxanalarda, küçədə-bacada dişinin dibindən çıxanı deyəcək, o saat da bu deputatların yadına "kontekst" düşəcək! Guya o kontekstdə demək istəməyiblər, guya fikirlərini qəsdən kontekstdən çıxarıblar, nə bilim, daha nə!

Halbuki hazırda Azərbaycanda kontekstdən çıxarılan ilk növbədə elə deputatlığın özüdür.

Qanunlara görə, seçkili orqan olan bir yerdə gedib təyinatla oturublar. Bundan sonra durub "kontekstbazlıq" eləməyə hansı mənəvi haqları çatır?

Kiş-kiş, qulaqlara qurğuşun, bu vəziyyətdə, mən olsam, "kontekst" sözünün baş hərfini belə dilimə gətirmərəm.

Ana səhifəXəbərlərKontekstbazlıq