Konstitusiya Məhkəməsi

Mənbə: Meydan TV

Başlıq: Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi bağlanan banklarda qalan əmanətlərlə bağlı qərar verdi

Əkrəm Həsənov: “Əslində məhkəmə bu məsələlərə heç baxmalı da deyildi"

Konstitusiya Məhkəməsi əhalinin banklarda qalan əmanətləri ilə bağlı qərar verib. Həmin əmanətlər aprel və may aylarında bağlanan banklara qoyulanlardır.

Qərarda deyilir ki, həmin banklar aprelin 30-da məhkəmə tərəfindən müflis elan olunub.

İddiaçılar bildirirdilər ki, “Atabank”, “NBCBank” və “AGBank” maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qoyulan qadağaya (təshih tədbirinə) baxmayaraq, onlardan əmanət qəbul edib. Həmin banklar bağlanandan sonra isə Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qanunsuz hesab edərək onları kompensasiya etməkdən imtina edib.

Konstitusiya Məhkəməsi qərarında bildirir ki, təshih tədbirinin (əmanətlərin qəbuluna qadağanın) tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, maliyyə bazarlarına nəzarət orqanı banka tətbiq etdiyi təshih tədbiri ilə öz funksiyasını bitmiş saymamalı idi. Bu tədbirlərə bank tərəfindən əməl olunmasına nəzarət etməliydi:

"Yəni Mərkəzi Bank banklara elə nəzarət etməlidir ki, onlar onun qadağalarını pozaraq vətəndaşlardan əmanət qəbul etməsinlər. Məhkəmə həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsini xatırladıb: maliyyə bazarlarına nəzarət orqanı bankın əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir. Maliyyə bazarlarına nəzarət orqanı bunu da etməmişdi. Lakin məhkəmə məsələnin bu tərəfinə toxunmayıb. Buna görə də bir sual açıq qalır: tutaq ki, gələcəkdə yenə hansısa bank KİV-də bildirişi belə verilmiş qadağaya baxmayaraq, əmanət qəbul etsə, həmin əmanət də qorunan hesab ediləcəkmi? Bugünkü qərarın hərfi mənasına görə həmin əmanət də qorunan sayılıb".

Əkrəm Həsənov bildirir ki, məhkənin bir az da maliyyə bazarlarına nəzarət orqanına yazığı gəlib:

“Qərarda deyilsəydi ki, yalnız qadağa barədə KİV-də məlumat verilməyən əmanət qorunan hesab edilir, bu halda maliyyə bazarlarına nəzarət orqanının təqsiri (ən azı səhlənkarlığı) açıq-aşkar olacaqdı. Nəinki təqsiri, birbaşa əmlak məsuliyyəti. İndi isə belə çıxır ki, KİV-də məlumat verilməsi, sən demə, heç əsas məsələ deyilmiş. İkinci məsələ yalnız “Atabank”la bağlıdır. Onun hansısa filialı bağlananda oradakı əmanətləri öz daxili sistemində digər filialına ötürüb və sistemində əmanətin qəbul tarixi kimi ötürülmə (miqrasiya) tarixini qeyd edib. Yəni vətəndaşla əmanət müqaviləsində əvvəlki, bankın daxili elektron sistemində isə sonrakı tarixdir. Bu əcaib səbəbə görə də Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri kompensasiya etməkdən imtina edib (guya sonrakı tarixdə qorunan əmanət faizi artıq aşağı olub). Halbuki, məsələnin sırf texniki səhv olduğunu özü də bəyan edib. Təbii ki, Konstitusiya Məhkəməsi qərarında bu cür əmanətlərin sığortalı olduğunu qeyd edib. İki vur ikidir! Heç məhkəməyə müraciət etmək lazım deyildi".

Ekspert bildirir ki, əslində hər iki məsələnin cavabı əvvəldən bəlli idi. Onların niyə Konstitusiya Məhkəməsinə gedib çıxması müəmmalıdır:

"Halbuki, sözügedən banklarda əmanətçilərin digər problemləri də var. Məsələn, mövcud əmanətlər üzrə sonradan edilmiş əlavə yatırımları da Əmanətlərin Sığortalanması Fondu kompensasiya etmir. Digər problemlər də var. Amma onlara dair məhkəməyə sorğu edilməyib. Cavabı aşkar olan məsələlər üzrə sorğu edilib nədənsə. Bu isə o deməkdir ki, əmanətini fonddan ala bilməyən digər əmanətçilər özləri məhkəmələrə üz tutmalıdır. Başqa yol yoxdur".

Sonda Əkrəm Həsənov bildirir ki, qərarın adı da çox müəmmalıdır:

Əkrəm Həsənov

Əkrəm Həsənov

Mənbə: google.az

““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair”.

Burada iki qanunun adı çəkilir. “Banklar haqqında” Qanunla hər şey aydındır: söhbət təshih tədbirlərindən gedir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində isə cəlb edildiyi günə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin qorunmayan əmanət olduğu vurğulanır. Halbuki, təshih tədbirinə baxmayaraq, əmanət qəbul etmiş bankların heç birində problem faiz dərəcəsi ilə bağlı deyil. Qərarın özündə də bu problem təsbit edilməyib. Ümumiyyətlə, qərarda 2.1.2.6-cı maddənin şərhi yoxdur. Deməli, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsi şərh edilməli idi. Amma heç o da şərh edilməyib, sadəcə xatırlanıb. Başqa sözlə, Konstitusiya Məhkəməsi əslində səlahiyyətinə uyğun olaraq heç bir maddəni şərh etməyib, faktiki olaraq adi rayon məhkəməsi kimi mülki mübahisəyə baxıb. Yeri gəlmişkən, ikinci problemdə (“Atabank”ın miqrasiya məsələsi) bu məsələ özünü tam qabarıq göstərir. Həmin problem hardasa “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsi ilə bağlı olsa da, “Banklar haqqında” Qanununa uyğun olaraq tətbiq edilən təshih tədbiri ilə heç bir əlaqəsi yoxdur. Yəni nə birinci, nə də ikinci məsələ üzrə Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan sorğu və problem yoxdur. Buna görə də əslində məhkəmə bu məsələlərə heç baxmalı da deyildi".

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Daha sonra, mayın 12-də də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.

"Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Hazırda Azərbaycanda 26 bank var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g70lu4

Ən çox baxılan