“Köçkünlərə verilən binada yaşayanların 20 faizi heç köçkün deyildi”

“Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir”

Source: Foto: prezident.az


Prezident Əli Həsənovu hədəfə aldı: “Əvvəlki illərdə uçot lazımi səviyyədə aparılmırdı”

Prezident İlham Əliyev

mayın 13-də

işğal altında olan Kəlbəcər rayonuna yeni icra başçısı təyin etdiyi Azər Qocayevi videoformatda qəbul edib.

Ölkə başçısı xatırladıb ki, son vaxtlar, xüsusilə bu sahədə daha ciddi addımlar atılır. Gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir:

“Bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Ümumiyyətlə, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Mən xüsusilə könüllüləri qeyd etmək istərdim. Bu il mənim Sərəncamımla “Könüllülər ili” elan edilmişdir. Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər”.

Dövlət başçısı bildirib ki, bu günə qədər 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilib. Bu il isə bu rəqəm 7-8 minə çatacaq. Onlara verilən müavinətin həcmi 50 faiz artıb.


“Məcburi köçkünlərin problemlərinin həlli işində fəal olmalısınız”

İlham Əliyev yeni icra başçısına tapşırıqlarını da verib:

“Siz daim xalq içində, vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz. İlk növbədə, əlbəttə ki, vəziyyəti tam təhlil etməlisiniz və xalqın, məcburi köçkünlərin problemlərinin həlli işində fəal olmalısınız. Elə məsələlər ola bilər ki, yerli icra orqanlarının buna gücü çatmasın, onda siz mütləq mərkəzi icra orqanlarına müraciət etməlisiniz. O məsələlər ki, sizin səlahiyyətinizdə olacaq, təbii ki, bütün bu məsələlər imkan daxilində öz həllini tapmalıdır. Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək”.


“Bəzi hallarda köçkünlərdən pul alırdılar”

Dövlət başçısı mənzillərin verilməsində tam şəffaflığın vacibliyini vurğulayıb:

“Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, – məsələn, bu yaxınlarda mənə məlumat verildi, – bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir. Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq”.


“Gözləri doymur, bu, bir xəstəlikdir”

İlham Əliyev son bir neçə ayda həbs olunan icra başçıları ilə bağlı məsələyə də toxunub:

“Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir. Bir çox rayonda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”.



Kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir”

İlham Əliyev xoşagəlməz halların mərkəzi icra orqanlarında da olduğunu və “siqnallar var, məlumatlar daxil olub” deyə bildirib:

“Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”.

Ana səhifəSiyasət“Köçkünlərə verilən binada yaşayanların 20 faizi heç köçkün deyildi”