Kobud, zərif Üzeyir doxtur…

Uşaqlığımın və gəncliyimin silinməz xatirələri ilə dolu həmin dövrə qayıtmaqla soveti yaxşılamaq kimi bir məqsədim yoxdur

Source:

O qız necə olsa başının çarəsini tapacaqdı, bu yazıda söhbət baytar ixtisaslı adi təsərrüfat başçısının mütaliə sevgisindən, sözə, yaradıcılığa verdiyi dəyərdən gedir. Kitabxanaları yağmalayıb yerində cürbəcür alver yuvası açan yüksək səlahiyyətli müasir məmurlardan fərqli olaraq. Ki, həmin kitabsızların hansını qaldırsan altından “fəlsəfə doktoru”ndan tutmuş federasiya prezidentliklərinə, özəl təyyarələrə-zada qədər nə desən çıxar…

***

Uşaqlığımın və gəncliyimin silinməz xatirələri ilə dolu həmin dövrə qayıtmaqla soveti yaxşılamaq kimi bir məqsədim yoxdur. Sadəcə iliyimə qədər yaşadığım durumlarla bağlı istisna fərdlərin vətəndaşa yanaşma tərzlərini xatırladım. Yoxsa ki, rejimləri təhlil etməyə nə gücüm, nə həvəsim var.

…Xırda-para dörd kəndi o vaxtın ölkədə məşhur “Miçurun” kolxozundan ayırıb “Xalqlar Dostluğu” düzəltdilər. Onda xüsusi fikir vermədiyim bu ada indi nəsə kövrək bir gülmək tutdu məni. Yəni, o “Miçurin” kolxozu əslində o kəndlərin zəhmətkeş adamlarının hesabına məşhur olmuşdu. Uzun-uzun illərdən sonra yetim kəndləri varlı “ata ocağından” ayırmaq “gedin dostlar, başınızın çarəsinə baxın” demək idi. Daimi rəhbərlik “Miçurin”də qaldığından körpə “Xalqlar Dostluğu” kolxozuna rayondan təzə sədr göndərildi. Dörd kəndin magistrala yaxın olanında istismar müddəti bitmiş ictimai daxmanı “idarə” adlandırıb təzə sədrə “kabinet” təşkil etdilər.

O sədrin o kabinetə girib-çıxmağa vaxtı olmasa da, hər ehtimala qarşı idarənin qabağı səhər-axşam tünlük olardı. Böyük kolxozun ulduz sədrinə əli çatmayan zəhmətkeşlər, nəhayət, paylarına düşən şəriksiz sədrin dadını çıxartmaq istəyirdilər. Günü fermada, tarlalarda keçən adam isə səhərdən-axşamacan dörd tərəfi dolanıb dağınıq təsərrüfatı cəmləməyə çalışırdı.

Heyvandarlıq mütəxəssisi olan sədrə “Üzeyir doxtur” deyə müraciət olunurdu. Daim acıqlı, hədsiz tələbkar olduğu barədə danışırdılar. Üstəgəl xəbərçilik, yaltaqlıq kimi xidmətləri yerindəcə susdurması tezliklə ona “köntöy” ayaması da qazandırdı.

O illərdə az-çox şeirlərim mətbuatda dərc olunurdu. Felyeton, hekayə-flan da yazırdım. Diplom həvəslisi olmasam da, anamı sevindirmək üçün universitetə sənəd hazırlayırdım. Sovet sisteminə görə qiyabi təhsil almaq istəyən hər kəsdən iş stajı tələb olunurdu. Atamdan sonra yaranan ehtiyaclarımızı qarşılamaq da vardı, staj məsələsi də əmələ gələndən sonra kolxozun tütün istixanasınada işləməyə başladım. Anamla kolxoz işinə artıq ərə getmiş böyük bacılarım getmişdilər deyə mən evdə kitab-dəftərlə qurdalanmışdım. Ayrı düşdüyüm tay-tuşlarım üçün gündəlik yüngül məşğuliyyətə çevrilmiş çöl işi məndən ötrü təsvirəgəlməz həyəcan və məsuliyyət idi. Onların yarım saata gördükləri işi mən quyularda islanmış paltarlarımı sürüyərək nahara qədər ancaq bitirə bilirdim. Bu azmış kimi vaxtilə atamın bəzi işlərə görə üz vermədiyi qohum briqadir məni gözümçıxdıya salmışdı. Enli ləklərdə cücərmiş şitillərin az qala hər birini ayrı-ayrı bəsləsəm də, adam hər fürsətdə atasız məni göynətməkdən həzz alırdı. Bütün günü özümü birtəhər ovudurdum ki, alma bağındakı qəbirə bənzəyən o ləklərin arasında hönkürüb ağlamayım.

Bir gün işə gələndə qızların ciddi-cəhdlə özlərini və ləklərini səliqəyə salqıqlarını görüb təəccübləndim. Normalda mənim kimi çürüyünə getməyib işə sərbəst, hətta zarafatyana yanaşardılar. Salamdan sonra işimizə baxmaq üçün sədrin gələcəyini mənə də xəbər verdilər. Gərginlikdən ürəyim çırpınırdı. Sədrin qəzəbinə tuş gəlsəydim, hər şeyi atıb getməliydimmi?

Bəs o qədər əziyyətli günlər, universitet arayışı? Yarı özüm boyda susəpəni alıb hər ehtimala qarşı ləkləri sulamağa başladım. Bir azdan enli yubkamın ətəklərindən palçıqlı su damırdı.

Sövq-təbii qızlara baxdım. Əyin-başları qup-quru idi. Onlar kimi ola bilmədiyimin əzabını çəkdiyim anlarda cantaraq bir kişi briqadirlə mənim ləklərimə yaxnlaşdı. Nə özümü, nə əlimdəki dolu susəpəni qoymağa yer tapmadım. Klassik ədəbiyyatın iddiasız personajlarına bənzəyən nəhəng kişi zəhmli baxışlarla məni və sulanmış şitilləri süzüb briqadirdən kimliyimi soruşdu. Briqadir mütləq bir xəta olacağına əminliklə “kimlik bilgilərimi” sevincək çatdıran kimi adam əlimdəki ağır susəpəni qalın otluğa tullayıb yumşaq tərzdə mənə səsləndi:

– Deməli, o şeirlərin müəllifi sənsən… Bəs sənin burda nə işin var, qızım? Sən gərək evdə yaradıcılığınla məşğul olasan, staj kimi mənasız şeyləri Məhəmməd kişi yazar…

Daha istixanaya getmədim. Qalan aylarımın haqqını və orda işləməyim barədə arayışı gətirib evimizdə verdilər. Stajım hər ehtimala qarşı artıq yazılmışdı. Rəhmətlik Üzeyir doxturla illər sonra bircə dəfə yatdığı xəstəxanada görüşdük. Rejimsizlik, normal qidalanmamaq, gərginlik dağ boyda adamı xəstaxana çarpayısına yıxsa da, ötkəmliyini saxlamışdı. Balaca dolabın üstündəki kitablara baxıb gülümsədi:

– Hayıf ki, mən sənin kitablarını oxuya bilməyəcəm, qızım, amma sən hərdən köntöy Üzeyir doxturu xatırlayacaqsan yəqin…

Unutmadım ki, nəhəng-zərif İnsan…

Ana səhifəMənim FikrimcəKobud, zərif Üzeyir doxtur…