Kinotənqidçi: “Nazirlik rəsmi elan etdiyi yarışmanın pulunu vermir”

Foto: Hacı Səfərovun şəxsi arxivindən

Hacı Səfərov Mədəniyyət nazirindən qonorarını istəyir

Kinotənqidçi Hacı Səfərov Mədəniyyət Nazirliyinə video müraciət ünvanlayıb.

“Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” layihə müsabiqəsində münsif olduğunu bildirən kinotənqidçi Mədəniyyət Nazirliyindən hələ də qonorarını ala bilmədiyini deyib.

İki il yarım əvvəl Mədəniyyət Nazirliyindən mənimlə əlaqə saxlayıb, “Tammetrajlı bədii film layihələrinə dəstək” müsabiqəsində münsif üzvü olmağımı təklif etdilər. Ümumilikdə 45-ə yaxın layihə var idi. Göndərilən layihələri bir-bir oxuyub, dəyərləndirdim. Bütün münsif görüşlərində iştirak etdim. Hətta qalibləri də seçdik və təbii ki, sərf etdiyim əməyin qarşılığını gözləyirdim”, – kinotənqidçi deyir.

Onun sözlərinə görə, qonorarının ödənilməsi ilə əlaqədar dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət edib.

İki il yarım ərzində ona pulun ödəniləcəyi vədi verilsə də, nəticəsiz qalıb:

“Bu gün-sabah”, – deyə-deyə üzərindən bir il keçdi. Mən yenə də soruşmağa davam etdim. Nazirlə görüş oldu, ona da bildirdim. Daha sonra Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) yaradıldı. Bu quruma da iradımı bildirdim və gözlədim ki, bu problemi həll etsinlər. Hətta indi ARKA-nın rəhbəri vəzifəsində çalışan Orxan Fikrətoğluna da vəziyyəti izah etdim. O mənə dedi ki, sən niyə müqavilə imzalamamısan? Sanki mən hüquqşünasam və üzərimdə müqavilə ilə gəzməliyəm. Halbuki müqaviləni Mədəniyyət Nazirliyi təşkil etməli idi. Mədəniyyət Nazirliyi imzalamaq üçün müqavilə verməyibsə, mənim nə günahım var?!”.

Üzr istəyirəm ki, mən Mədəniyyət Nazirliyinə güvənmişəm. Ağlıma gəlməyib ki, nazirlik rəsmi elan etdiyi yarışmanın pulunu verməkdən yayınsın. Bu yarışmada qalib olan layihələrin də pulunu verə bilmirlər. Sualım Mədəniyyət Nazirliyinədir: niyə iki ildir ki, mənim qonorarımı vermirsiniz? Nə vaxta qədər başqalarının haqqını yeməyə davam edəcəksiniz?” – deyə o qeyd edib.

2021-ci ilin sonlarında Mədəniyyət Nazirliyi 300 min manatdan ibarət “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi elan etmişdi.

2022-ci ilin martında müsabiqənin yekunları açıqlandı və yeddi layihənin qalib olduğu bildirildi.

Qalib şirkət və rejissorlar Meydan TV-yə bu müsabiqə yekunlaşsa da, layihəyə ayrılan pullar qaliblərə ödənilmədiyi haqda məlumat vermişdilər.

Məsələ ilə əlaqədar Meydan TV-nin sorğusuna mətbuat xidmətindən bildirilib ki, araşdırılıb, cavab veriləcək.

Ana səhifəMədəniyyətKinotənqidçi: “Nazirlik rəsmi elan etdiyi yarışmanın pulunu vermir”