Kimlərçünsə İstifadə Vasitəsi

Azərbaycanda onun qısa adı KİV-dir

Source:

Azərbaycanda onun qısa adı KİV-dir

Əli Həsənov: “2009-cu ildən indiyə qədər KİV Fond vasitəsilə medianın inkişafına ümumilikdə 60 milyon manat vəsait yönəldilmişdir”.

Yenə dilimizin qayğısına qalmağa başlayıblar. Ancaq bu qayğı sərəncama, fərmana, ya da hansısa yüksək çinli məmurun açıqlamasına bağlıdır. Noyabrın 1-də prezident “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. İndi rəsmilər bu fərmanın təbliğinə köklənib.

2009-cu ildə Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi

çıxmışdı

. Bir müddət həmin yazının, eyni zamanda dilimizin təbliğatı getdi, telekanallar, qəzetlər akademikin bu yazısının geniş müzakirəsini açdı. Sonra hər şey səngidi; efir məkanında baş verənlər də yaddan çıxdı, dilimizə qayğı da.

Bir neçə il sonra prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam(may, 2012-ci il) imzaladı. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd olunurdu. Ancaq bu sərəncam da əvvəlkilər kimi bir müddət gündəmdə oldu, sonra unuduldu. Əslində, həmin dövrdə dilin, efir mədəniyyətinin qayğısına qalmağa başlanmışdı. Dövlət Proqramına uyğun olaraq dövlət büdcəsindən vəsait ayrılır, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları bu monitorinqlərə cəlb olunur, vaxtaşırı açıqlamalar verirdilər. Düzdür, nəticə hələ də gözə dəymir, baxmayaraq ki, həmin monitorinqlərə xeyli vəsait xərclənir.

KİVDF yaranandan indiyə kimi hər il eyni məzmunlu – “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması”, “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda müsabiqə keçirir, layihələri maliyyələşdirir. Hər müsabiqədə bu təşkilatların hər birinə 20 min manat büdcə vəsaiti ayrılır. “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsinin icrasına Milli Teleradio Şurasının sədri, bu gün telekanalların dilindən şikayətçi olan Nuşirəvan Məhərrəmli rəhbərlik edir. Artıq 10 ilə yaxındır onun təşkilatına – Elektron Mediaya Yardım Fonduna büdcədən qrant şəklində pul verilir, bu təşkilat da monitorinqlər aparır. Burda maraqlı məqamlardan biri KİVDF-nin müsabiqəsində həmişə eyni təşkilatların qalib olmasıdır – Azərbaycan Mətbuat Şurası (Əflatun Amaşov), Elektron Mediaya Yardım Fondu (təsisçi Xalidə Tarix qızı Məhərrəmova, rəhbəri Yunis Məhəmməd oğlu Məhərrəmovdur. Əslində, sahib Nuşirəvan Məhərrəmlidir, çünki bu qurumun layihələrinin təqdimatı işinə həmişə MTRŞ sədri baxır) və Jurnalistlərin Həmkarlar İttifaqı (Müşfiq Ələsgərli).

Bu təşkilatlardan ikisinin rəhbəri həm də KİVDF Müşahidə Şurasının üzvüdür. Onlar təşkilat rəhbəri kimi müsabiqədə iştirak edir, Müşahidə Şurası üzvü kimi layihələrini (!) dəyərləndirir, layihələrinin (!) qalib gəlməsi üçün müsbət rəy verirlər. Məsələn, KİVDF-nin 11 aprel 2016-cı ildə keçirilmiş iclasından bir sitatla tanış olaq:

“…Sonra müsabiqəyə təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr aparılıb. Şura üzvlərindən Umud Mirzəyev, Müşfiq Ələsgərli, Əflatun Amaşov, Vüqar Rəhimzadə və Rəşad Məcid mediada ədəbi dilin qorunması və jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə jurnalist təşkilatları üçün elan edilmiş müsabiqənin əhəmiyyətini önə çəkiblər. Müzakirələr zamanı Azərbaycan Mətbuat Şurasının, Jurnalistlərin Həmkarlar İttifaqının və Elektron Mediaya Yardım Fondunun təqdim etdikləri sənədlərin qaydasında olduğu, maddi-texniki bazalarının tələblərə cavab verdiyi, habelə çoxillik təcrübələri xüsusi vurğulanıb, onların layihə təklifləri müsbət

dəyərləndirilib”

.

Göründüyü kimi, iclasda yanlışa yol verilib, müsabiqəyə layihə verən Nuşirəvan Məhərrəmlinin, ya da onun nümayəndəsinin iştirakı təmin olunmayıb. Onun da həmin yığıncaqda iştirak etmək, layihəsinin keçməsi üçün çalışmaq, müsbət rəy vermək haqqı var, bu haqq başqa layihəçilərə tanınıbsa, ona da tanınmalıydı. Yeri gəlmişkən, bu müsabiqəyə başqa 2 təşkilat layihə versə də, yenə ənənəvi birliklər qalib

olub.

Ardıcıl olaraq 10 ilə yaxındır (2009-cu ildən) həm də qəzetlərə qrant şəklində layihələr verilir, məqsəd də qəzetlərin müstəqilliyinin, jurnalistlərin peşəkarlığının artırılması, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasıdır. Ancaq yenə də yığıncaqlarda telekanallardakı problemlərdən, mediada peşəkarların olmamasından gileylər eşidilir.

Dekabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Elektron Mediaya Yardım Fondunun KİVDF-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi ilə bağlı konfrans keçirilib. Bu problemlərin aradan qaldırılması üçün hər il dövlət büdcəsindən pul alıb layihələr həyata keçirənlər danışıblar.

Həmin konfransda da yenə dil problemləri, jurnalist peşəkarlığı başlıca mövzu olub. Əli Həsənov da eyni problemdən danışıb:”Təəssüf ki, 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan nöqsanlara bu gün də təsadüf edilir. Buna görə də Prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni Fərman imzalayıb…Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir”.

Əflatun Amaşov: “…Mətbuatda da dil ilə bağlı nöqsanlar var. Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir”.

Belə bir fikri 4 il qabaq – 2014-cü ildə KİVDF sədri Vüqar Səfərli də demişdi: “Bu gün televiziya və radio sahəsində işləyən insanların çoxu peşəkar olmayan, öz işini bilməyənlərdir”.

Aradan keçən illər, xərclənən milyonlar heç nəyi dəyişməyib; nə jurnalistlərin peşəkarlığını, nə də KİVDF sədrinin fikirlərini.

Nuşirəvan Məhərrəmli: “Milli Televiziya və Radio Şurası teleradio məkanında dövlət dilimizin qorunmasına xüsusi diqqət yetirir. Vaxtaşırı təşkil olunan bu cür monitorinqlər ümumi işimizə böyük fayda verir… Teleradiolarda ədəbi dillə bağlı vəziyyət heç də ürəkaçan deyil, jarqonlar və dilimizə yad sözlər işlənir”.

Bu qədər büdcə vəsaiti xərclənəndən sonra da teleradiolarda ədəbi dillə bağlı vəziyyət ürəkaçan deyilsə, deməli, Nuşirəvan müəllim “ümumi işimizə böyük fayda” dedikdə nəsə başqa şey nəzərdə tutur. Çünki göz qabağında olan telekanallarda xərclənən o pulların faydası görünmür.

“2009-cu ildən indiyə qədər KİV Fond vasitəsilə medianın inkişafına ümumilikdə 60 milyon manat vəsait yönəldilmişdir”, – bu sözləri də Əli Həsənov bu ilin oktyabrında “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı İlham Əliyevlə bağlı məqaləsində yazıb.

Görəsən, peşəkarlığın artırılmasına, telekanalların dilinin düzəlməsinə bu qurumlar nə qədər büdcə vəsaiti xərcləməlidirlər ki, istədikləri nəticə alınsın?

Ancaq başqa göstəricilər də var, mətbuata dövlət qayğısından sonra müstəqil qəzetlər və telekanallar bağlanıb, neçə-neçə qəzet müstəqilliyini itirib, qəzetlərin tirajı acınacaqlı həddə enib. Bu gün mətbuat bazarında “Azadlıq”, “Zerkalo”, “Ayna”, “Exo”, vaxtilə tiraj rekordu qıran “Bu gün”, “7 gün”, “Hürriyyət”, “Gündəlik Azərbaycan”, “Avropa” və başqa bu kimi qəzetlər yoxdur. ANS telekanalı, APA agentliyi sıradan çıxarılıb. Bununla həm də böyük bir jurnalist ordusu, illərini mediaya verən peşəkarlar mətbuatdan gedib. Bu itkilərin əvəzində hakimiyyətdən ev alan jurnalistlərin sayı artıb, bugünkü mətbuatda olanları bir 5 mərtəbəli binaya yığmaq mümkün olduğu halda, artıq jurnalistlər üçün 3-cü 16 mərtəbəli binanın tikintisi gedir.

Azərbaycan kəndlərində isə qəzetlərə abunəçilik sonuncu dəfə sovetlərin vaxtında, bir qədər də elə ötən əsrin axırlarında olub.

Əli Həsənovsa deyir ki, Azərbaycanda 5 mindən çox kütləvi informasiya vasitəsi var. Çox təəssüf ki, onların çoxu nə kütləvidi, nə də informasiyalı, sadəcə kimlərçünsə vasitədir…

Ana səhifəMənim FikrimcəKimlərçünsə İstifadə Vasitəsi