İxtiyar Ağayev

Mənbə: Meydan TV

Başlıq: İxtiyar Ağayev

Kəndlilər: Pambıq sahələrimiz məhv olur, su məmurların süpürgə sahələrinə axıdılır

İsmətli kəndinin fermerləri narazılıq edir

“Su yalnız məmurların təsərrüfatlarına axır. Rayonun icra hakimiyyəti başçısı Faiq Qürbətova deyirik, əkin sahələrimiz məhv olur, deyir: “Neyləyim, su yoxdur”. Deməli, keçmiş icra başçısı Əli Babayevin 500-600, digər keçmiş icra başçısı Adil Məmmədovun 800, keçmiş nazir Əbülfəs Qarayevin 5 min hektar əkin sahəsinə su tapılır, icra hakimiyyətinin məsul işçilərinin, rayonun idarə rəhbərlərinin əkin sahələrinə su tapılır, sadə kəndliyə çatanda deyirlər, su yoxdur”.

“Su vəzifəli şəxslərin yüzlərlə hektar sahələrinə axıdılır”

Biləsuvarın İsmətli kənd sakinlərinin əkin sahələri susuzluqdan məhv olur. Fermer İxtiyar Ağayev Meydan TV-yə danışır ki, tezliklə sahələr suvarılmasa, kəndlilər bu məhsul mövsümündə də əllərini məhsuldan üzməlidilər:

“4-5 il əvvəl prezident Saatlıda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirdi. Tapşırıq verdi ki, pambığın əkini, yetişdirilməsi və toplanıb təhvil verilməsi ilə əlaqədar bütün işləri müvafiq qurumlar operativ şəkildə həll etməlidir. Onun pambıqçılığı prioritet sahə elan etməsindən sonra mən də digər fermerlər kimi pambıq əkdim. Kəndin bir hissəsində 2 hektar 44 sot, bir hissəsində isə 2 hektar 40 sot sahədə pambıq əkmişik. Ancaq məmurlar suyu öz sahələrinə yönləndirirlər deyə, sahələrimiz yanır. Nə rayon icra hakimiyyəti, nə də suvarma sistemləri idarəsi kömək göstərir. Vəzifəli şəxslər su mənbələrinə yaxın yüzlərlə, minlərlə hektar torpaq sahələrini əkib, suyu öz əkin sahələrinə yönəldirlər”.

“Su yoxdursa, pay torpağı nəyə yarayır?”

“Dövlət bizə pay torpağı verib, deyir, əkin, məhsul bol olsun, həm özünüz dolanın, həm də büdcəyə fayda verin. Su verilməyəndən sonra biz bu işləri necə görək? Hansı məhsuldarlıqdan danışaq? Heyvandarlığın hansı inkişafından danışa bilərik ki, yonca sahələrimiz də yanıb külə dönür? Biz pambığı suvara bilmirik, məmurlar heyvanları üçün süpürgə də əkirlər. Aqrar İnkişaf Mərkəzinin rəhməri R-4 deyilən kanalın başında 7 hektar ərazidə yenə qarğıdalı əkib. Biz hələ birinci əkini başa vurmamışıq, o, artıq ikinci dəfədir ki, qarğıdalı əkir. Birinci məhsulu götürdü, indi ikinci əkini suvarır”.

“İki aydan çoxdur sahəyə su verilmir”

Biləsuvarlı fermerlər dəfələrlə Prezident Administrasiyasında, Melorasiya Su Təsərrüfatı Nazirliyində olublar, ancaq deyirlər ki, boş vədlərlə kəndə qayıdıblar.

Kənd sakini Əhəd Abdullayev deyir, pambıq sahəsini mayın 5-də suvara bilib:

“Bütün texniki işləri, becərməni qaydasında aparmışıq. Torpaq da çox bərəkətlidir, yetər ki, su olsun, məhsulu götürə bilək. Cəmi bir dəfə suvarma işi apara bilmişik, o da dava-dalaşla... 3-cü aydır, sahələrimizi suvara bilmirik. Əkin sahələrimiz susuzluqdan cadar-cadar olub. 2 aydan çoxdur ki, sahəni suvara bilmirəm”.

Susuzluğun günahkarı Arazdır?..

Fermerlər prezidentdən kömək istəyirlər:

“Cənab prezident, xahiş edirik ki, əllərindən heç bir iş gəlməyən, işləyənlərə də mane olan məmurların əlindən bizi və susuzluqdan yanıb məhv olan pambıq sahələrimizi xilas edəsiniz”.

“Azərsumeliorasiya” ASC-dən Meydan TV-yə bildirilib ki, suvarmadakı problemlərin səbəbi fermerlərin iddia etdiyi kimi, suyun ayrı-ayrı sahələrə verilməsi deyil, ümumi problemdir. Qurumdan susuzluğun səbəbini Araz çayında suyun səviyyəsinin aşağı düşməsiylə əlaqələndiriblər.

Xatırlatma: 2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib. Həmin il prezidentin verdiyi sərəncamla emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə, istehsalçılara 0,1 manat subsidiya verilməsi də qərara alınıb.

Həmin vaxt ölkə başçısı bildirmişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Ancaq bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirdilər. Onlar bildirirdilər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wgykhx

Ən çox baxılan