Mənbə: Meydan TV

Kəndləri işğaldan azad olunan Füzuli rayon sakinləri danışır

Kəndləri işğaldan azad olunan Füzuli rayon sakinləri danışır:

“Gumb, gumb, gumb...”

Bu, hər zaman öyrəşdiyimiz göy gurultusunun səsi deyil. İnsanlar göydən “od ələndiyini” deyir, əslində isə ağır artilleriya silahları partlayır. Yaxında müharibə gedir...

Füzulinin köçkünlər üçün salınmış “Qayıdış” qəsəbəsində 2 gündür həyat atışma səsləri ilə başlayır, cəbhədən xəbərlərlə bitir.

Elə dünən Füzulinin 4, Cəbrayılın 2 kəndinin azad edilməsi xəbəri kimi... Sentyabrın 27-də səhər saatlarında açıqlanan rəsmi xəbərə görə, Füzulinin Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz və Qərvənd kəndləri işğaldan azad edilib. Bu xəbər həmin kəndlərin sakinlərini sevindirib, işğalda olan digər kəndlərin sakinlərində isə bir ümid yaradıb. Onların kəndi də azad oluna bilər deyə...

“Torpaqsız dünyasını dəyişənləri gördükcə ümidimi itirmişdim”

“Kəndimizin işğaldan azad olunduğunu eşidəndə 20 dəqiqə ağladım (duruxur). Bu, bizim üçün əlçatmaz zirvə idi. Elə insanlar var ki, köçkünlük dövründə ölüb getdi. Bu xəbəri eşidə bilmədi”.

Füzulinin Qaraxanbəyli kəndindən olan Əlizamin Mehdiyev belə deyir. O, kəndinin işğaldan azad olunması xəbərini televiziyadan alıb. Bunun tərifsiz duyğu olduğunu deyir:

“27 ildir kəndimiz işğal altında qalıb. Torpaqsız dünyasını dəyişənləri gördükcə ümidimi itirmişdim. Düşünürdüm ki, biz də bu xəbəri eşidə bilmədən köçüb gedəcəyik. Amma indi çox qürurlanıram. Ümid edirəm ki, Şuşanın da işğaldan azad olunması xəbərini eşidərik”.

“Köçkün sözünü daşımaq çox ağır yük idi”

Əlizamin Mehdiyev köçkün həyatının sona çatmasına sevinir. Kəndinə dönmək istəyir. Deyir, bütün təsərrüfatını sıfırdan öz kəndlərində quracaq:

“Köçkün sözünü daşımaq çox ağır yük idi. Şükür ki, bu sözdən azad olunduq. Gələcəkdə övladlarımıza nə cavab verə bilərdik? Biz niyə qaçmışdıq, nə olmuşdu? Şükür edirəm ki, bu gün gələcək nəslə deməyə bir sözümüz var – biz qələbə çalmışıq”.

“Hamı bilir ki, mən kənddən ötrü yaman darıxmışam”

Əlizamin Mehdiyev düşünür ki, yəqin kəndlərindəki evi çoxdan dağılıb. Ancaq o ümidini itirmir. Deyir, elə quru torpaq da bəsidir:

“Biz yenə oranı gözəl bir yerə çevirərik. Təki quru torpağımıza dönək”.

Əlizamin Mehdiyev həm də Qarabağ qazisidir. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyir. Axsayan ayağı da elə döyüşlərdə yaralanıb:

“Düzdür, sağlamlığımı itirmişəm. Amma mən ikiqat sevincliyəm. Əsgərlərimiz mənim qisasımı da aldı (gözləri dolur). Bütün günü televiziyanın önündəyəm. Bəlkə təzə nəsə eşidərəm deyə... Dünən bütün qonşular məni təbrik edib, çünki hamı bilir ki, mən kənddən ötrü yaman darıxmışam”.

“Hələ də bu xoş xəbər mənə yuxu kimi gəlir”

Nazilə Novruzova da kəndindən ötrü darxanlardandır. O, Füzulinin Kənd Horadizindəndir. Deyir, kənddən çıxanda 29 yaşı olub. Kəndinin işğaldan azad olunduğunu eşidəndə isə işdəymiş:

“O qədər sevindim ki, az qalırdım durum oynayım. Axşam qardaşım zəng etmişdi ki, gəlib gedəcəyəm kəndə. Dedim, sən gələnəcən mən səndən əvvəl gedəcəyəm”.

Nazilə Novruzova kəndini xatırlayır. Deyir, bura da Füzulidir, amma özünü yamaq kimi hiss edir, kəndinin yerini vermir:

“Adamın öz evi, öz kəndi ayrı şeydir. Dünən xəbəri eşidəndən elə hiss edirəm ki, sanki nəsə itirmişdim, indi tapmışam. Sevincliyəm. Amma zaman-zaman ümidsizliklər də olub. Hələ də bu xoş xəbər mənə yuxu kimi gəlir”.

“Öz elimiz, obamız başqa şeydir”

Nazilə Novruzova uşaqlarına həmişə kəndlərindən danışıb. Deyir, kənddən çıxanda qızı körpə olub, oğlu köçkünlük dövründə doğulub:

“Kənddəki evimizi dərənin dibində tikmişdik, gözəl şəraitimiz var idi. Baramaya yarpaq axtarmazdıq, “Kolxoz bağı”ndan yığıb gətirirdik. İndiki kimi yarpaq üçün qapı-qapı gəzməzdik. Azərbaycanın hər yeri torpağımızdır. Öz elimiz, obamız başqa şeydir. Evimə getmək üçün səbirsizlənirəm. Həmin gün elə biləcəm dünya mənimdir”.

Nazilə Novruzovanın qorxusu şəhid və girovların olmasıdır. Deyir, heç kimin balası ölməsin, insanlar əsir düşməsin, başqa istəyi yoxdur.

“Kəndə qayıdandan sonra ilk işim əzizlərimin qəbrini ziyarət etmək olacaq”

Füzulinin Kənd Horadizindən olan Əli Quliyev isə xəbəri dostlarından alıb. Deyir, dünən səhər dostları zəng edib, ona xoş xəbəri çatdırıblar:

“Çox sevindim, uçmağa qanadım yox idi.

27 ildir doğulduğum kəndi görmürəm. İnşallah kəndimizə qayıdarıq. Eləcə də Şuşaya, Laçına, Kəlbəcərə... Qohumlarımız orada dəfn edilib, elimizdir, obamızdır, ata yurdumuzdur”.

Əli Quliyevin kəndlərinə qayıdandan sonra ilk işi əzizlərinin qəbrini ziyarət etmək olacaq. Deyir, bura da vətəndir, amma kəndinin yerini vermir:

“Oranın kəhrizləri, bulaqları, dərələri... Ayrı şey idi. İstəyirəm Azərbaycan ordusu Şuşada dayansın. Bu, mənim arzumdur”.

Bu insanlar artıq 1 gündür ki, məcburi köçkün statusundan qurtulublar. Bundan çox sevincli görünürlər...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oq6ls2

Ən çox baxılan