Kənd Təsərrüfatı Nazirliyi

Mənbə: Foto: arxiv

Başlıq: Kənd Təsərrüfatı Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyində 2.7 milyonluq mənimsəmə

Məhkəmə hökm oxudu

Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində ayrılan vəsaitlərdən 2.7 milyon manatlıq mənimsəmə ilə bağlı daha üç nəfər haqqında hökm çıxarılıb. Bu, sözügedən mənimsəmə ilə bağlı ayrılmış cinayət işlərindən biridir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, mühakimə olunan şəxslərin üçü də mənimsəmə, sənədlərin saxtalaşdırılması kimi əməllərdə təqsirli biliniblər.

Məhkəmənin hökmüylə Kənd Təsərrüfatı Nazirliyində maliyyə menecerinin assistenti işləmiş 43 yaşlı Sevinc Zeynalova 10 il 6 ay, 40 yaşlı Emil Bağırov 7 il azadlıqdan məhrum edilib. Kənd Təsərrüfatı Nazirliyində İFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidməti müqavilə ilə işləmiş Pərvanə İsmayılova isə 4 min manat cərimələnib.

Zərərçəkmiş qismində tanınan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi mənimsənilən məbləğlərin ödənilməsi tələbilə mülki iddia qaldırıb. Dəymiş ziyanın ödənilməsi məqsədilə S.Zeynalova və E.Bağırovun üç maşını, Bakının Badamdar qəsəbəsində və Göyçayda yerləşən evləri, torpaq sahələri müsadirə olunub.

Ramella Allahverdiyeva

Ramella Allahverdiyeva

Mənbə: Meydan TV

İttihama görə, S.Zeynalova nazirlikdə maliyyə menecerinin assistenti olan zaman müxtəlif adamların adlarına layihələrə pul ayrılması barədə sənədlər hazırlayıb. Daha sonra həmin layihələrə pullar köçürülüb. S.Zeynalova həmin vəsaitləri birgə yaşadığı E.Bağırovun, P.İsmayılovanın və daha iki nəfərin adlarına açılmış bank hesablarına köçürüb. İddia olunur ki, S.Zeynalova adlarına banklarda hesab açılmış adamlara da bu maxinasiyadan pul söz verib. Yəni onlar da bu işdən qazanc götürüblər. Lakin E.Bağırov da, P.İsmayılova da bununla razılaşmır. Bildirirlər ki, sadəcə, S.Zeynalovanın xahişi ilə hesablarına pul köçürülüb və məbləği nağdlaşdırıb ona veriblər.

E.Bağırov məhkəmədə bildirib ki, onlar S.Zeynalova ilə rəsmi nikahda olmasalar da, birlikdə yaşayıblar. Ona görə də S.Zeynalovanın xahişini yerinə yetirib.

Məhkəmə belə nəticəyə gəlib ki, digər təqsirləndirilənlərdən P.İsmayılova bu işə E.Bağırovun təhriki ilə qoşulub. Təqsirləndirilən E.Bağırovun P.İsmayılovaya yazdığı mesajlara istinad olunur. Həmin yazışmalarda E.Bağırov Pərvanədən saxta sənədləri skayner vasitəsi ilə hazırlayaraq ona göndərməsini tələb edir. Sözügedən sənədlərdəki rəqəmlər şişirdilib.

Sonuncu mesajlardan birində isə E.Bağırov yazıb: "Çox ciddi səhv buraxmısan. İşin üstü açılsa, hamımızı içəri basacaqlar. Edə biləcəyin ən böyük səhvi elədin..."

“Mən maddi məhsul şəxs olmamışam. Sevinc xahiş edib ki, layihə üçün nağd pul lazımdır. Həmin pulu mənim hesabıma köçürüb. Mən də bankdan çıxarıb ona vermişəm. Heç bir saxtakarlıqda əlim olmayıb. Nə saxta möhür, nə də saxta sənədlərdən xəbərim olub”, - deyə P.İsmayılova məhkəmədə bildirib.

2.7 milyon manatlıq mənimsəmə ilə bağlı ümumi işdən ayrılmış daha bir cinayət işi üzrə də məhkəmə yekunlaşıb. O işdə təqsirləndirilən Əşrəf Kabulov idi. Vaxtilə bankda işləmiş Kabulov hesab açmaqla bu işdə yardımçı olub. Həmin hesablara da pullar köçürülüb, sonradan çıxarılaraq mənimsənilib. Ə.Kabulov pul mənimsəmədiyini, sadəcə, xahişi nəzərə alıb, hesab açmaqda köməklik göstərdiyini bildirib.

Məhkəmənin hökmüylə ona şərti cəza verilib.

Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin icra müddəti 2014-2018-ci illər olub. Ümumi dəyəri 53.25 milyon olan layihə ilə bağlı rəsmi məlumatda bildirilirdi ki, bu layihə “Tarladan süfrəyədək” prinsipinə əsaslanır. Məqsəd kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya çatdırılmasınadək maraqlı olan qrupları bir araya gətirib maliyyələşdirməni təmin etməkdir.

Dünya Bankı

Dünya Bankı

Mənbə: Foto: google.az

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a93lb4

Ən çox baxılan