Kənd məktəbinə gedən uzun yol

Kənd uşaqları təhsilə gedən yolda hansı çətinliklərlə qarşılaşırlar?

Source: Мейдан ТВ
Kənd uşaqları təhsilə gedən yolda hansı çətinliklərlə qarşılaşırlar?



Azərbaycanın ucqar kəndlərində şagirlərin böyük qismi hələ də tam orta təhsil almaq imkanından məhrumdurlar. Qız uşaqlarının əksəriyyəti isə dördüncü sinifdən sonra təhsillərini davam etdirə bilmirlər.

Kənd uşaqları təhsilə gedən yolda hansı çətinliklərlə qarşılaşırlar?

Şabran rayonunun Qazbabalı kəndi Bakıdan təxminən 130 km məsafədə yerləşir. Bu dağ kəndi dəniz səviyyəsindən 379 km hündürlükdədir. Kənddə 351 nəfər sakin yaşayır və 76 uşaq məktəb yaşındadır. Bununla kənddəki yeganə məktəb yalnız ibtidai təhsil verir. Təhsilini davam etdirmək istəyənlər qonşu Əmirxanlı kəndindəki məktəbə getməli olurlar. Kəndlərarası avtobus işləmədiyindən bu bir neçə kilometrlik məsafəni uşaqlar piyada getməyə məcbur qalırlar.

AZIZ6250.JPG
Şabran rayonunun Qazbabalı kəndi

Canavar, çaqqal və çovğun

Qazbabalı kənd sakinləri deyir ki, uşaqları qonşu kənddəki məktəbə yollamaqdan qorxurlar, həm də ona görə ki, bu uzun və təmirsiz yol vəhşi heyvanların, xüsusən də canavar və çaqqalların da olduğu meşəlikdən keçir. Bu səbəbdən də valideynlərin çoxu uşaqlarını qonşu kəndə göndərməkdən imtina edirlər.

Sakini Nabat Mərdanova deyir ki, nəticədə Qazbabalıda əksər uşaqlar təhsilsiz qalırlar və “hətta adı saymağı və oxumağı belə doğru-düzgün bacarmırlar”.

Cəfərovlar ailəsinin iki qızı – Sevinc və Çinarə qonşu Əmirxanlıdakı orta məktəbdə oxuyur. Ailənin başçısı Əfqan Cəfərov deyir ki, qışda uşaqlar məktəbdən qaranlıqda qayıtmalı olurlar və bu səbəbdən də onlar hər gün uşaqları qarşılamağa gedirlər. Qızlar hər gün məktəbə getməyin onlar üçün necə çətin olmasından danışırlar:

“Piyada gedib-gəlməkdən ayaqlarım yorulur, çox uzaqdı, amma dözürəm”, – beçinci sinifdə oxuyan Sevinc belə deyir.

Cəfərova bacılarından fərqli olaraq Qazbabalıda əksər qız uşaqları yalnız ibtidai təhsil alır. Valideynlər bunu, qızları belə uzaq yola buraxmağın daha təhlükəli olması ilə izah edirlər.

“Əvvəllər kəndəki qızların hamısı ancaq öz kəndimizdəki dördillik məktəbi bitirirdi. Məsələn, mənim yoldaşım da orta təhsilini başa vurmayıb. Amma mən istəyirəm ki, uşaqlarım normal təhsil alsın. Amma onlar da tez-tez dərsdən qalmalı olurlar. Qışda, yağış və qar olanda gedə bilmirlər. Çünki yollar keçilməz olur”.

“Çoxlu dərs buraxmalı olurlar”, – qızların atası Əfqan Cəfərov belə deyir.

Digər kənd sakini Elnur Əliyev özünün iki qızını qonşu məktəbə göndərməkdən imtina edib:

“Qızlarım oxumaq istəyirlər. Amma mən onlara görə çox qorxuram. Keçən il uşaqlardan birini bu yolda maşın vurub. Bu hadisədən sonra uşaqları necə qonşu kəndə göndərəsən?”

AZIZ6258.JPG
Şabran rayonunun Qazbabalı kəndi

“Niva”da daş-kəsəkli yollarla

Kənd sakini Hökumə Cəfərova hesab edir ki, hökumət uşaqları qonşu kəndə və rayon mərkəzinə məktəbə aparmaq üçün avtobus ayıra bilər:

“Mən özüm beşinci sinifə kimi oxumuşam. Mənim indi üç nəvəm var və çox istərdim ki, onlar tam orta təhsil alsın. Amma biz hər dəfə uşaqları özbaşına qonşu kəndə göndərəndə narahat oluruq”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də Meydan TV-ə müsahibəsində bildirir ki, problemin həllini şagirdlərin daşınması üçün servis xidmətinin təşkil edilməsində görür:

«Bu servis xidmətini yerli icra hakimiyyətləri və bələdiyyələr təşkil edə bilər. Sadəcə Təhsil Nazirliyinin bu problemə diqqətini çəkmək üçün rayon təhsil şöbəsi və digər müvafiq dövlət təşkilatları bu məsələ ilə məşğul olmalıdılar”.

Ancaq məsələ ondadır ki, yolun pis vəziyyətdə olması səbəbindən nəinki kəndlərarası, heç rayon mərkəzindən da avtobus işləmir. Sakinlərin sözlərinə görə, onlar Şabran rayonuna “Niva”larla gedib-gələ bilirlər.

Davamlı yağışlar və torpaq sürüşməsi

Avtomobil Yolları Dövlət Agentliyi Şabran- Qazbabalı-Əmirxanlı avtomobil yolunun təmirinin artıq 2018-ci ilin avqustunda başa çatdığını və bunun üçün 8,6 mln manat vəsait ayrıldığını bəyan etmişdi. Amma təmirdən bir neçə ay sonra mütəmadi yağışlardan artıq yol çökmüşdü. Yerli sakinlər deyir ki, yollar təmirdən sonra “ən yaxşı halda bir il dözür”. Belə ki, dağların arasında yerləşən kənd sakinlərinin ən böyük baş ağrısı daim müşahidə edilən sürüşmədir. Nəticədə yolların asfalt örtüyünü sıradan çıxır.

Uşaqların bir qismi Şabran rayonunda təhsil alır. Onları gündəlik məktəbə taksi aparıb gətirir və bu, valideynlərə ayda təxminən 100 manata başa gəlir. Lakin sakinlərin çoxunun buna imkanı çatmır.

İxtisaslı müəllimlərə ciddi ehtiyac var

Orta təhsilin əlçatmaz olması yalnız bu kənddə mövcud deyil. Qazbabalı kəndinin də aid olduğu Şabran rayonunda 47 məktəbdən 10-u yalnız ibtidai təhsil verir. Hətta dağlıq rayonlardan olan Lerikdə məktəblərin yalnız 35 faizində tam orta təhsil almaq mümkündü. Ümumilikdə ölkədəki 4438 ümumtəhsil müəssisəsindən 1121-i natamam təhsil verir. Bu məktəblər əsasən ölkənin nisbətən az sayda əhalisi olan ucqar kəndlərindədir.

Müəllimlər də belə məktəblərdə çalışmağa həvəsli deyillər. Elə Qazbabalı kəndində də direktorla birgə cəmi iki müəllim işləyir. Hökumətin ucqar kəndlərdə dərs deməyə hazır olan müəllimlərə etdiyi güzəştlərə rəğmən, hələ də ciddi müəllim çatışmazlığı mövcuddur. Rayon mərkəzindən 20 kilometrədək məsafədə yerləşən məktəblərdə işə başlayan 35 yaşadək olan müəllimlər kommunal və kirayə xərclərini qarşılamaq üçün 5 il müddətində 60 manat məbləğində aylıq kompensasiya alır. Kimlər ki, 20 kilometrdən uzaqda dərs deyir, onlara bu kompensasiya ilə yanaşı maaşlarına 100 manat da əlavə ödənilir. Eyni zamanda şəhərdən uzaqda məskunlaşmaq istəyən müəllimlərə yerli icra orqanları və bələdiyyələr torpaq sahəsi ayırmalıdırlar.

AZIZ6354.JPG
Şabran rayonunun Qazbabalı kəndi

Gənc müəllimlər hələ də kəndlərə getmək istəmirlər

Bununla belə, təhsil üzrə ekspert Nadir İsrafilov hələ də ciddi müəllim çatışmazlığının olduğunu təsdiqləyir və onun sözlərinə görə, bu, ölkənin rayonlarında sosial-iqtisadi durumun ağır olması ilə bağlıdır. Bu səbəbdən də gənc kadrlar sadəcə bu cür ucqar kənd məktəblərində çalışmaq istəmir.

Üç il ucqar kənd məktəbində dərs demiş 28 yaşlı tarix müəllimi Həbib Əlizadə də, müəllimləri kənd məktəbində işləməyə həvəsləndirmək üçün nəzərdə tutulan tədbirləri yetərli hesab etmir:

“Güzəştlər uzun müddətli olmalıdır və onların həcmini də artırmağa ehtiyac var. Həm də bu güzəştlərin tətbiqində kəndin özündən olan və başqa yerdən gələn müəllim arasında fərq qoyulmur. Düşünürəm ki, kənardan gələn müəllimlərə ikiqat çox güzəşt edilməlidir”.

Həbib Əlizadə həmçinin qeyd edir ki, mexanizm olmadığından, pulsuz torpaq verilməsi kimi güzəştdən də çox az sayda müəllim bu faydalana bilir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə cəbhəyanı ərazilərdə yerləşən məktəblərdə çalışan müəllimlərin əmək haqqının digər dövlət orqanlarında olduğu kimi iki qat ödənilməsini məqsədə uyğun hesab edir:

“Bundan başqa, ucqar rayonlarda yaşayan və kənardan gələn müəllimlərin kommunal xərclərdən azad edilməsi də effektli olardı”.

Hələlik isə dağ kəndi Qazbabalının həkim olmağı arzulayan 11 yaşlı sakini Çinarə Cəfərova, bacısı ilə birgə xoş gələcək ümidi ilə hər gün bu uzun, çətin və təhlükəli yoldan keçərək məktəbə getməli olur.

Ana səhifəSosialKənd məktəbinə gedən uzun yol