Kekalov: “Mən istintaqdakı ifadələrimdən imtina etmişəm”

AbzasMedia. Foto: Meydan TV

Hafiz Babalının vəkili məhkəməyə onun reyestrdən çıxarılmış jurnalist vəsiqəsini təqdim edib

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 7 jurnalistin məhkəməsi davam edir. Bu dəfə məhkəmə prosesində şahidlər dindirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesi təqsirləndirilən şəxs – “AbzasMedia”nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) etirazı ilə başlayıb.

Ötən məhkəmə iclasında təqsirləndirilən jurnalistlər narazı qalmışdılar ki, onların şahid Ənvər Cəfərova sual verib, cavab almalarına imkan verilməyib.  

“Bizim Ənvər Cəfərova suallarımız vardı. Siz imkan vermədiniz ki, suallarımızı verək. Tələb edirik ki, o, yenidən məhkəməyə gəlsin”, – Sevinc Vaqifqızı bildirib.

Vəsatət təmin olunub. Hakim Rasim Sadıxov şahid Ənvər Cəfərovun növbəti məhkəmə iclasına çağırılacağını söyləyib.

Ardından iqtisadçı ekspert Toğrul Vəliyev, vaxtilə “AbzasMedia”nın gənc jurnalistlərə təşkil etdiyi təlimlərə qatılmış şəxslərdən Selcan Zaurqızı, İnarə Hümbətova, Firuzə Məmmədova və başqa şahidlər dindirilib.

İqtisadçı Toğrul Vəliyev ekspert qismində “AbzasMedia”ya sosial-iqtisadi mövzulara şərh verdiyini deyib. O, təqsirləndirilən şəxsləri tanıdığını, ancaq hamısını “AbzasMedia”nın əməkdaşı olaraq deyil, məsələn, Hafiz Babalını “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, Fərid Mehralızadəni iqtisadçı kimi tanıdığını vurğulayıb.

Hafiz Babalının vəkili məhkəməyə onun jurnalist vəsiqəsini təqdim edərək bildirib ki, ittiham tərəfinin əsas arqumentlərindən biri təqsirləndirilən jurnalistlərin reyestrdən keçməməsidir:

“Hafiz Babalı rəsmi qaydada “Turan” İnformasiya Agentliyinin əməkdaşı olub. Bu agentlik də reyestrdən keçib. Belə olan halda, necə demək olar ki, Hafiz Babalı reyestrdən keçməyib?”.

Təqsirləndirilən şəxslərdən “AbzasMedia”nın koordinatoru olmuş Məhəmməd Kekalovun istintaqdakı ifadəsində Hafiz Babalı barədə fikirlər də yer alıb. Orada göstərilib ki, Hafiz Babalı “AbzasMedia”nın fəaliyyətinə fəal qatılıb.

Hafiz Babalı Məhəmməd Kekalova bu haqda suallar ünvanlayıb, nəyə əsasən belə bir ifadə verdiyini soruşub. O, cavabında ifadəsində yer alan fikirlərin doğru olmadığını bildirib.

“Mən istintaqdakı ifadələrimdən imtina etmişəm”, – Kekalov belə deyib.

“AbzasMedia” işi üzrə məhkəmə prosesi aprelin 29-da davam edəcək.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəSiyasətKekalov: “Mən istintaqdakı ifadələrimdən imtina etmişəm”