Rövşən Məmmədov

Mənbə: Foto: Meydan tv

Başlıq: Rövşən Məmmədov

Keçmiş nəzarətçi-mühəndis: İşıqsız qalmasınlar deyə, abonentlərin borcunu öz hesabıma ödəyirdim

Məqalə yeniləndi:  11 Oktyabr 2019

Rövşən Məmmədov deyir, işdən çıxarılması qanunsuzdur, məhkəmələrdə isə ədalətə yer yoxdur

“Təzə rəis dirəşmişdi ki, borcu olanların hamısının işığını kəs. Dedim, rəis, evində xəstə körpəsi olanı, qocası, əlili var... Borcları da böyük deyil. Allah götürməz axı, mən onları necə qaranlıqda qoyum? 1 gün ərzində öz cibimdən abonentlər üçün ümumilikdə 287 manat pul ödəmişəm ki, işıqlarını kəsməyim. 5 manat bunun borcu, 10 manat onun borcu...Bu hərəkətim rəisi qıcıqlandırdı, məni işdən qovdu. Halbuki, özünün 1000-1500 manat borcu olan yerliləri vardı, tapşırırdı ki, filan-filan ünvanlara getmə, laçınlıların işığına dəymə...”

Meydan TV-yə danışan Ağcəbədi sakini Rövşən Məmmədov 2 ildən çox Ağcabədi rayon Elekrtik Şəbəkəsində nəzarətçi-mühəndis işləyib. Ötən ilin iyul ayında işdən çıxarılıb. Deyir, hər şey “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəhbərliyi Ağcabədi rayon şöbəsinə yeri rəis təyin edəndən sonra baş verib. Onun sözlərinə görə, təzə rəis Fariz İsmayılov köhnə işçilərlə qərəzçilik apararaq onları işdən çıxarıb. İşdən çıxarılanların bəziləri sonradan müxtəlif yollarla yeni rəislə dil taparaq işinə qayıdıb, bəziləri məhkəmələrdə hakimlərə yol taparaq işinə məhkəmə yolu ilə bərpa olunub. O isə yalnız Azərbaycan Respublikasının qanunlarına söykənib, deyir, nə pulu, nə də arxasında dayananı olmadığına görə, məhkəmələr onun işə bərpası tələbini təmin etməyib.

“Dövlətin malını dədə malı kimi dağıdırdılar”

Rövşən Məmmədov işdən çıxarılmasının səbəblərini sadalamaqda davam edir:

“Mənimlə qərəzçilik aparırdı. Çünki qanunsuz hərəkətlərinə susmurdum. Dövlətin malını dədə malı kimi dağıdırdılar, etiraz edirdim. Bütün bunların nəticəsi idi ki, çalışırdı məni öz xidməti yerimdən “sürgün” eləsin, əvvəlcə uzaq kəndlərə göndərirdi, sonra özümdən xəbərsiz xidməti yerimi dəyişdi. Mən bundan yeni xidməti vəsiqəm veriləndə xəbər tutdum. Baxdım ki, xidməti ərazim Laçın sahəsi göstərilib. Soruşdum, bu, kimin ağlına gəlib? Mənim xidməti ərazim Ağcabədidir. Dedirlər, rəis belə məsləhət gördü”.

Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi

Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi

Mənbə: Foto: Meydan tv

“Müqavilələr saxta idi”

Rövşən Məmmədov deyir, işə götürülərkən onunla yalnız 1 aylıq sınaq müddəti müqaviləsi bağlanıb. Sonrakı vaxtlarda müqavilə bağlanmayıb. Ancaq məhkəmə vaxtı qarşı tərəf məhkəməyə guya vaxtilə onunla bağlanmış müqavilələr təqdim edib:

“Rəhbərlik öbaşınalıq edərək guya məni 3 aylığa müddətli işə götürdüyünü yazıb. Guya sonralar da müqavilənin müddəti bitdikcə, hər dəfə 3 aylıq müqavilə bağlanıb və ilyarım əvvəl növbəti 3 aylıq müqavilənin müddəti bitdikdən sonra şəbəkə rəhbərliyi növbəti müqaviləni bağlamayıb. Səbəb kimi göstərib ki, mən iş davamiyyətini pozmuşam, halbuki, hər gün işdə olmağımla bağlı tabeldə gündəlik imzalarım vardı. Rəhmərlik mənimlə 3 aydan bir müqavilə bağladığını bildirsə də, mənə verdiyi xidməti vəsiqənin etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixədək idi. Məhkəmədə sual verdim ki, bu müqavilələr müddətli idisə, müddətli müqaviləylə işləyən işçiyə niyə 2021-ci ilədək etibarlı olan xidməti vəsiqə verilib? Susdular...”

“Rəis işçilərə vəzifədənkənar işlər gördürürdü”

Rövşən Məmmədov hesab edir ki, nəzarətçi-mühəndis vəzifəsi daimi xarakterli iş olduğundan müqavilələrin müddətli bağlanması qanunsuz olub:

“Təzə rəis işə başladığı ilk günlərdən işçilərlə yaxşı münasibət qurmuşdu. Ancaq sonradan problemlər başladı. Qanunla nəzarətçi-mühəndisin vəzifəsi sayğacların üstünün oxunması, xətlərdəki nasazlığı, oğurluğu aşkar edib rəhbərliyə məruzə etməkdən ibarətdir. Qapı-qapı düşüb abonentlərdən işıqğulu toplamaq, borcu olanın işığını kəsmək bizim vəzifəmizə daxil deyil. Təzə rəhbərlik bunu bizdən tələb edirdi. Mən də yuxarı qeyd etdiyim kimi, xəstənin, əlilin, əli körpəli ailələrin işığını kəsmirdim. Təzə rəhbərlik də mənimlə qərəzi ən iyrənc formalarda davam etdirirdi. Məsələn, çox yaxın qohumumu itirmişdim, başım möhkəm qarışıq idi, üzümü təraş etməyə imkan tapmamışdım. Bu vəziyyətdə işə getməli oldum, tabelə qol çəkib hüzr yerinə qayıtmaq istəyəndə məni yanına çağırdı. Dedi: “Bundan sonra atan, anan da ölsə, üzünü tüklü görməyim”. Bu, bir müəssisə rəhbəri tərəfindən işçisinə qarşı olduqca qeyri-etik davranış idi. Oxşar davranışlar tez-tez baş verirdi”.

Həmkarlar İttifaqının cavab məktubu

Həmkarlar İttifaqının cavab məktubu

Mənbə: Foto: Meydan tv

“Hakimlər işə ədalətsiz yanaşdı”

“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsindən Meydan TV-yə bildirilib ki, keçmiş nəzarətçi-mühəndis Rövşən Məmmədov məhkəməyə müraciət edib. Onun iddiasına və şikayətlərinə həm birinci, həm də yuxarı instansiya məhkəmələri baxıb, ancaq təmin etməyib.

Rövşən Məmmədov Nəsimi Rayon Məhkəməsində “Azərişıq” ASC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əməkhaqqı” iddiası qaldırıb. O, məhkəmələrə bildirib ki, tabel kitablarındakı davamiyyətlə bağlı gündəlik imzaları idarənin işçisi tərəfindən qəsdən pozulub. Məhkəmələrə tabellərdəki imzaların yerini əks etdirən videogörüntü də təqdim edib. Vəsatət qaldırıb ki, tabellər məhkəməyə gətirilsin və baxış keçirilsin. Ancaq hakimlər nə videogörüntüyə baxıb, nə də tabellərin məhkəməyə gətirilməsini təmin edib. Rövşən Məmmədov deyir, iddiaları, tələbləri tam qanuni olsa da, hakimlər işə ədalətsiz baxıb.

Rövşən Məmmədov “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində baş verənlərlə bağlı prezident İlham Əliyevə də müraciət edib.

“Azərişıq” ASC-nin vəsiqəsi

“Azərişıq” ASC-nin vəsiqəsi

Mənbə: Foto: Meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cugz9i

Ən çox baxılan