Keçmiş komitə sədrinin qardaşı həbs olunub

Sahib İbrahimovun ittiham olunduğu müddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Foto: Sahib İbrahimovun yaxınlarının arxivindən götürülüb


İş adamı dələduzluqda və saxtakarlıqda təqsirli bilinir

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, “Azad Azərbaycan” telekanalının keçmiş prezidenti Tağı İbrahimovun qardaşı olan iş adamı Sahib İbrahimov yenidən həbs edilib. Hündürmərtəbəli binalar inşa edən “STS” və “Sahil-D Kompani” şirkətlərinin təsisçisi Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Sahib İbrahimov 2018-ci ilin avqustunda həbs olunsa da, təxminən ayyarım sonra ev dustaqlığına buraxılmışdı. O, inşa etdirdiyi binalarda eyni mənzillərin bir neçə nəfərə satılmasına görə dələduzluq, Nərimanov rayonu, Həsən Əliyev 50 ünvanında, lisenziya almadan iki bloklu yaşayış binası tikib satmağa görə qanunsuz sahibkarlıq və vergidən yayınma kimi əməllərdə təqsirləndirilirdi. Ötən ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il 11 ay şərti cəza verilmişdi.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, Xətai Rayon Məhkəməsində aparılmış araşdırmalar zamanı Sahib İbrahimovla bağlı yeni hallar üzə çıxıb. Bu hallarla bağlı ətraflı araşdırma üçün məhkəmə qərardad çıxararaq, prokurorluğa göndərib. Bunun əsasında da 2021-ci ilin yanvar ayından başlayaraq Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Sahib İbrahimov tikintisi gedən binalarda qeyri-yaşayış sahələrini satmaq barədə yalan vədlər verib, saxta sənədlər tərtib etməklə, alıcıdan ümumilikdə 1 milyon 735 min manat pul alıb.

Bundan əlavə, Sahib İbrahimov bankdan götürdüyü 300 min manat krediti qaytarmamaqda təqsirləndirilir.

“Sahib İbrahimov istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”, – prokurorluqdan bildirilib.

Sahib İbrahimovun ittiham olunduğu müddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sahib İbrahimova şərti cəza veriləndə zərərçəkmişlərin bəziləri narazı qalaraq, şikayət vermişdi. Onlar dəymiş ziyanın ödənilmədiyini əsas gətirərək, onun həbsini tələb edirdilər.

Ana səhifəSiyasətKeçmiş komitə sədrinin qardaşı həbs olunub