Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva

Mənbə: Foto: Meydan TV

Başlıq: Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva

Keçmiş deputatın anası: Yalandır, bizim vergi borcumuz yoxdur

“Sizə yuxarıdan nə göstəriş verirlər, onu deyirsiz, onu eləyirsiz”

“Mən Hüseyn Abdullayevə də, özümə də bəraət istəyirəm. Qısa sözüm budur...”, - keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva yanvarın 16-da məhkəmədə belə çıxış edib.

Almaniyada siyasi sığınacaq almasına baxmayaraq, Türkiyədə saxlanılıb Azərbaycana gətirilən H.Abdullayev və anasının məhkum edilməsi barədə hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə baxılır.

Yanvarın 16-da məhkəmədə Zeynəb Abdullayevanın vəkili Vasif Mirzəyev müvəkkilinə qarşı ittihamların əsassız olduğunu deyib. O, xüsusilə vergidən yayınma ittihamı üzərində dayanıb. Bildirib ki, bütün epizodlar üzrə vergidən yayınma ittihamı əsassızdır.

Vəkilin sözlərinə görə, ittihamda yazılıb ki, Z.Abdullayevanın rəhbərlik etdiyi “Araz İnşaat” MMC-nin mülkiyyətində olan torpaq sahəsi 13.48 hektar olduğu halda, 4.3 hektarın vergisi ödənilib. Vəkil deyir ki, ittihamda yazılanlar həqiqətəuyğun deyil: “Orada MMC-yə aid sahə elə 4.3 hektardır”.

Müdafiəçi bildirir ki, Z.Abdullayevaya qarşı vergi ittihamlarından biri də müəssisədə işçilərin sayının rəsmi sənədlərdə az göstərilməsidir: “Yazıblar ki, müəssisələrin birində 11 nəfər işləyib, 5 nəfər göstərilib. Birincisi, kimdir qalan 6 nəfər? 1800 manat vergi borcu hesablayıb, ittiham veriblər. İkincisi, 1800 manat vergi ilə bağlı cinayət işinin başlanması üçün əsas ola bilməz. Vergidən yayınma ilə bağlı cinayət işi başlanması üçün məbləğ 20 min manatdan yuxarı olmalıdır.

Yazırlar ki, Zeynəb Abdullayeva Hüseyn Abdullayevlə birlikdə qara metallurgiya biznesilə məşğul olub, vergidən yayınıb. Bircə sübut yoxdur, ancaq sözdən ibarətdir ittiham”.

Vəkil Zeynəb Abdullayevaya bəraət verilməsini, onun əmlaklarının müsadirə olunması barədə qərarın ləğv olunmasını istəyib.

Vergilər Nazirliyinin nümayəndəsi isə mülki iddianı müdafiə edib. O bildirib ki, vergi borcunun qanunsuz hesablanması, əsassız olması barədə vəkilin dediklərilə razılaşmır.

“Sizə yuxarıdan nə göstəriş verirlər, onu deyirsiz, onu eləyirsiz. Allahdan qorxun. Bizim heç bir vergi borcumuz yoxdur. Yalan yazılıb”, - deyə Zeynəb Abdullayeva ona cavab verib.

Hüseyn Abdullayev və anasının apelyasiya şikayəti üzrə məhkəmə yanvarın 29-da davam edəcək. Növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

H.Abdullayev ötən ilin aprelində İstanbulda saxlnılıb. O, Bakı Hərbi Məhkəməsinin hökmüylə hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılması, dələduzluq, vergidən yayınma ittihamlarıyla təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

H.Abdullayev ittihamları rədd edir, tənqidi fikirlərinə görə ondan qisas almaq, əmlaklarını mənimsəmək məqsədilə həbs olunduğunu bildirir.

Oğlu ilə birlikdə mühakimə olunan Z.Abdullayevaya isə 4 min manat cərimə cəzası kəsilib. O, ölkədən çıxışına qadağa qoyulduğu üçün bacısının pasportu ilə xaricə gedib-gəldiyinə görə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib. Lakin Z.Abdullayeva həm sərhədi qanunsuz keçmə, həm də digər ittihamları rədd edir.

H.Abdullayev 2012-ci ildə ölkəni tərk edərək, Almaniyada sığınacaq alıb. Bundan sonra onun anasının anasının ölkədən çıxışına qadağa qoyulub, özünün barəsində cinayət işi başlanıb.

H.Abdullayev xüsusən “Susma” marşına görə təzyiqlərə məruz qaldığını açıqlamışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a9wdxf

Ən çox baxılan