Karin Strenz: Mən heç vaxt Azərbaycan üçün lobbiçilik etməmişəm

Angela Merkel və Karin Strenz

Angela Merkel və Karin Strenz

“Azərbaycandan heç bir ödəniş almamışam”

“Avropa Şurası Parlament Assambleyasının üzvü kimi Avropa Şurasına üzv dövlətlər tərəfindən keçirilən parlament və prezident seçkilərində müşahidəçi kimi qeydiyyatdan keçmək və iştirak etmək hüququm var idi. Beləliklə, mən 2013 və 2015-ci illərdə Azərbaycanda keçirilmiş seçkilərin, 2016-cı ildə isə Qazaxıstanda və Gürcüstanda keçirilmiş seçkilərin müşahidə olunmasında kömək etdim”.

Bu sözlər adı “Azərbaycanın pulyuyan maşını” araşdırmasında keçən alman deputat Karin Strenzin noyabrın 7-də yaydığı bəyanatdandır.

«Azərbaycanın pulyuyan maşını» adlı araşdırmada Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqinin də Azərbaycandakı rejimdən pul aldığı iddia olunur. Bu haqda «The Guardian» qəzeti «Süddeutsche Zeitung»a istinadla yazır. Merkel-in Xristian-Demokratik İttifaqı Partiyasının üzvü olan Karin Strenzə 7 min-15 min dollar (6 min-13 min funt sterlinq) pul verildiyi bildirilir. Bu pulun Almaniya parlamentinin keçmiş üzvü, Azərbaycan üçün lobbiçilik edən Eduard Lintnerin yaratdığı firma vasitəsilə köçürüldüyü iddia olunur.

Karin Strenz bəyanatında deyir ki, ona qarşı səslənən ittihamlarda şəxsi biznes maraqlarının seçkinin nəticələrini qiymətləndirməyinə təsir etdiyi bildirilir:

“Mən yalnız deyə bilərəm ki, bu iddialar tamamilə səhvdir. Mən 2010-cu ildə Azərbaycanda seçkilərin müşahidəsində iştirak etmişəm. Avropa Şurası Parlament Assambleyasının üzvü cənab Eduard Lintner ilə ilk tanışlığım da o zaman olub. Bu zaman, o, həmkarlarından kiminsə Azərbaycanda seçkiləri müşahidə etməkdə maraqlı olub-olmadığını soruşdu. Mən öz marağımı bildirdim və 2010-cu ilin sonunda Azərbaycana səfər etdim.

Seçki günü mən televiziyada müsahibə verdim və qeyd etdim ki, müşahidə zamanı heç bir qanun pozuntusuna və çatışmazlığa rast gəlməmişəm. Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin sədr müavini cənab Şvab bu açıqlamalarımı haqsızlıq kimi dəyərləndirməyə davam edir”.

Karin Strenz adının mətbuatda gedən araşdırmalarda hallanmasından narazıdır:

“Mənə qarşı yönəldilmiş mətbuat araşdırmalarında Avropa Şurası Parlament Assambleyasında siyasi məhbusların azad edilməsinə qarşı səs verdiyim iddia edilir. Belə bir hal baş verməyib. Bu iddiaları tamamilə rədd edirəm. 2015-ci il iyunun 22-də, plenar iclasda, "Azərbaycanda demokratik institutların fəaliyyəti" mövzusunda qətnamə təklifi Avropa Şurası Parlament Assambleyası üzvləri tərəfindən səsverməyə çıxarıldı. Gündəliyin əvvəlində təqdim olunan təkliflərlə heç bir şübhəsiz razılaşdım. Ancaq müzakirələrin gedişatında, düzəliş etmək üçün fərdi təkliflər oldu və 32 müraciət müzakirə edildi. Bu təkliflər mənim və Avropa Şurasındakı qrupumun digər üzvlərinin dəstək ola bilməyəcəyi dərəcədə sərt tədbirlər görülməsi ilə bağlı idi. Təqdim olunan layihənin 11.4.6-cı bəndində tələb edildi ki, "Həbs olunması əsaslı şübhə və narahatlıq doğuran məhbusların azad edilməsi üçün bütün mövcud hüquqi vasitələrdən istifadə edilsin”. Heç bir şübhəsiz mən bu təklifin lehinə səs verməliydim. Həbsdə olan şəxsləri əhatə edən bütün şübhələri aradan qaldırmaq hər bir dövlətin vəzifəsidir. Bir çox təklifdən sonra sərt addımlar atılması ilə bağlı təkliflər mənim qətnamənin lehinə səs verməməyim demək idi. Çünki mən inanıram ki, daha yaxşı nailiyyətlər əldə etmək üçün sərt üsullardan istifadə etmək yox, körpülər qurmaq və danışıqlar aparmaq lazımdır”.

“Cənab Şvabın və mətbuatın iddia etdiyi kimi mən Azərbaycanda seçkilərdə müşahidələrim ilə bağlı bəyannaməni imzalayarkən Avropa Şurasına yalan danışmamışam. Nə də ki, Avropa Şurasında səsvermə zamanı üçüncü tərəfin təsirinə məruz qalmamışam və ya rüşvət almamışam. Mən Nürnberqdə yerləşən “Line M-Trade GmbH” şirkətinin məsləhətçisi kimi çalışdığım dövrdə tikinti sahəsində maraqlı olan alman şirkətlərilə əlaqələrin qurulması ilə məşğul idim. Bu baxımdan mən müxtəlif müəssisələr və təşkilatlarla danışdım və postsovet respublikalarında işgüzar razılaşmalara maraq göstərib-göstərmədiklərini müzakirə etdim. “Line M-Trade GmbH” şirkəti ilə əməkdaşlığım 3 ay (2014-cü ilin noyabr ayından 2015-cilin yanvar ayına qədər) davam etdi. Müqavilə müddəti bitdikdən sonra mən işimi Almaniya Federal Məclisinin prezidentinə elan etdim və təbii ki, vergilərin düzgün ödənilməsinə çalışdım. “Mən Line M-Trade GmbH” şirkətinin Azərbaycan tərəfindən maliyyələşdirildiyini bilmirdim. Belə bir fərziyyə etmək üçün fürsətim də yox idi. Etdiyim müvafiq ödənişlərlərlə bağlı qəbzlərdən də məlum olur ki, ödənişlər şirkətin alman bank hesabından edilib. Yəni mən Azərbaycandan heç bir ödəniş almamışam və Nürnberqdə yerləşən “Line M-Trade GmbH” şirkətinin mənə etdiyi ödənişlərin Azərbaycandan edildiyi haqqında heç bir məlumatım olmayıb. “Line M-Trade GmbH” şirkətinin sahibi mənə bu barədə hər hansı bir məlumat verməyib.

Əlbəttə ki, “Line M-Trade GmbH” şirkətinin maliyyə mənbəyi "Süddeutsche Zeitung" qəzetinin araşdırmalarından sonra məlum olub. Nəticədə, mənə qarşı edilən iddiaların əsassız olduğunu vurğulamaq istərdim.

Buna görə "yalan bəyənat vermək" və "korrupsiya" ilə bağlı iddiaların əksinə olaraq, nə əvvəl, nə də sonra mən heç vaxt Azərbaycan üçün lobbiçilik etməmişəm” – bəyanatda vurğulanır.

Karin Strenz daha sonra yazır ki, mətbuatda onunla bağlı çıxan bir neçə hesabatda, çalışdığı müddətdə insan hüquqlarının vəziyyətini görməzdən gəlməkdə ittiham olunur:

“Bu iddia absurddur. Təbii ki, biz parlament qrupunun görüşlərində bu mövzuya toxunmuşuq. Bakıda müzakirələr üçün QHT nümayəndələri ilə görüşdüm. Hər iki müzakirəni Almaniyanın Bakıdakı səfirliyində səfir Heidrun Tempel və hazırkı səfirin köməkçisi ilə birgə etdim. Üçüncü görüş Azərbaycanda bayram olması səbəbilə baş tutmadı.

Hazırkı iddialardan sonra mən Avropa Şurası Parlament Assambleyasında iştirakımın davam edib-etməməsi ilə bağlı çox diqqətlə düşünməyə məcburam. Mən bu sahədə siyasi məqsədlərimə nail ola bilməmişəm - əksinə, yaxşı işlər görməyə inamım ölüb. Qərarım haqqında sizə məlumat verəcəm. Mən öz ideallarımdan imtina etmirəm”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wwzraq

Ən çox baxılan