Vəkil apelyasiya şikayəti verəcəyini deyir
“Kanal 13” internet televiziyasının icraçı direktoru, bir gün əvvəl saxlanılan Əziz Orucov haqqında həbs qərarı çıxarılıb. Noyabrın 28-də paytaxtın Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə Meydan TV-yə məlumat verən vəkili Bəhruz Bayramov bu qərarı qanunsuz və əsassız sayır. O, qərardan apelyasiya şikayəti verəcəyini bildirib.
Vəkil deyir ki, Əziz Orucova Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə verilən ittiham az ağır cinayətlər kateqoriyasına aiddir. Bu maddə ilə çox nadir hallarda kiminsə istintaq müddətində həbsdə saxlanmasına qərar verilir:
“Bu maddədə maksimum cəza 3 ilə qədər azadlıqdan məhrumetmədir. Bu maddə ilə 1000-1500 işdən bəlkə birində istintaq dövründə şəxsin həbsdə saxlanmasına qərar verilər. Onda da yəqin ki, şəxs dəfələrlə cinayət törətmiş olar, yaxid istintaqın çağırışlarına gəlməyə…”.
Əziz Orucova qarşı ittihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib. “Kanal 13” rəhbəri isə bu ittihamın absurd olduğunu, rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirdiyini bildirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.
Elə vəkili də bu ittihamı əsassız sayır. Deyir ki, Əziz Orucovun ev tikdiyi ərazidə 2000-ə yaxın tikili var. Həmin evlərin də icazə sənədləri yoxdur:
“Bakıda və Abşeron yarımadasında icazəsiz tikilmiş 500 minə yaxın ev var. O zaman həmin evlərdə yaşayan yüzminlərlə adam həbs olunmalıdır? 1 il 7 ay ərzində tikinti gedən vaxtda bələdiyyə, dövlət orqanları hara baxırdı? Lap tutaq ki, qanunsuz ev tikməyə görə saxlanılır. O zaman evində sanki terrorçuymuş kimi, o qədər adamla aparılan axtarış, ofisdəki axtarış nə idi?”
İddia olunur ki, ev tikilən ərazidə yaşayan şəxslər Əziz Orucovdan şikayətçi olub.
“Bəs o adamların ev tikmək üçün icazəsi olubmu? Onlar da sənədsiz evlərdə yaşayırsa, mülkiyyət hüquqlarını təsdiqləyən çıxarış yoxdursa, hansı əsasla bu adamların şikayətləri qəbul olunur?”, – vəkil əlavə edib.
Noyabrın 27-də axşam saat 18.00 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”ün ofisində axtarış aparılıb. Daha sonra o, şübhəli şəxs qismində saxlanılıb.
Əziz Orucov 2017-ci ilin mayında əvvəlcə 30 gün inzibati həbs cəzası almışdı. Bu cəza bitdiyi gün – iyunun 1-də onun barəsində cinayət işi başlanmış, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü. Ona bu ittihamlarla 6 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmənin qərarıyla 2018-ci ilin aprelində şərti cəza ilə həbsdən buraxılıb.
O zaman da Əziz Orucov ittihamları qəbul etmir, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı noyabrın 20-də saxlanılıb. Hər iki jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Jurnalistlər bu ittihamı rədd edir, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.