Kabildə hücum nəticəsində 22 nəfər ölüb, 22 nəfər yaralanıb

O, həyatını itirənlərin qisasının alınacağını söyləyib

Source: Specify Source


NATO silahlı hücumu pisləyib

Noyabrın 2-də Əfqanıstanın paytaxtındakı Kabil Universitetinə olan bombalı və silahlı hücum nəticəsində 22 nəfər ölüb.

Yaralıların sayı da 22-dir.

Əfqanıstan Səhiyyə Nazirliyinin açıqladığı məlumatda belə deyilir.

Hadisə noyabrın 2-də səhər saatlarında baş verib. Kabil Universiteti Əfqanıstanın ən prestijli və böyük təhsil mərkəzi sayılır.

Əfqanıstan Prezidenti Əşrəf Gani hadisəyə görə noyabrın 3-də ölkədə matəm elan edib. O, həyatını itirənlərin qisasının alınacağını söyləyib.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen universitet ətrafındakı bütün yolların nəqliyyata qapadıldığını, tələbələrin təxliyyə edildiyini söyləyib.

Hadisə baş verən günü şübhələr Taliban qruplaşmasının üzərində olub. Ancaq Talibanın sözçüsü Zabiullah Mücahid qruplaşmanın hücumda iştirakını təkzib edib.

Hadisənin məsuliyyətini terror təşkilatı kimi tanınan DEAŞ öz üzərinə götürüb.

Noyabrın 2-də Kabil Universitetində silahlı hücum olub.

Hücumlardan sonra təhlükəsizlik qüvvələri ilə hadisə yerinə gələn terrorçular arasında qarşıdurma yaşanıb. Həmin gün universitetin hüquq fakültəsində imtahan olduğu bildirilir.

Hücumun məhz hüquq fakültəsinə təşkil edildiyi düşünülür.

Eyni zamanda, noyabrın 2-də universitetdə bir çox yüksək vəzifəli şəxsin iştirakı ilə "Əfqanıstan-İran Dostluq Kitab Sərgisi"nin açılması planlaşdırılırdı.

NATO-nun Əfqanıstan üzrə Aparıcı Mülki Təmsilçisi Stefano Pontekorvo hücumu pisləyib.

“Bu, son 10 gündə Kabildə təhsil ocaqlarına ikinci hücumdur. Əfqan uşaqlar və gənclər məktəbə təhlükəsiz getməlidirlər”, – bəyanatda deyilir.

Ana səhifəDünyaKabildə hücum nəticəsində 22 nəfər ölüb, 22 nəfər yaralanıb