Milli Məclisin önündə daha bir jurnalist aksiyası
Dekabrın 28-də daha bir qrup jurnalist “Mürtəce qanuna yox”, “İcazəli jurnalistika istəmirik”, “Qanundan qandal düzəltmə” şüarları ilə Milli Məclisin önündə etiraz aksiyası keçirib.
“Mürtəce media haqqında qanun layhəsinin gündəlikdən çıxarılmasını istəyirik. Həmin qanundan azad jurnalistləri məhdudlaşdıran maddələr çıxarılmasa, müzakirəsi mənasızdır”, – iştirakçılardan araşdırmaçı jurnalist Xədicə İsmayılova belə deyib.
Polis aksiyaya müdaxilə edib. Jurnalistləri Milli Məclisin önündən məcburi şəkildə kənarlaşdırıb. Onlar aksiya keçirən jurnalistlərə və həmçinin etirazı işıqlandıran reportyorlara güc tətbiq edib. Aksiyanı canlı yayımlayan jurnalistlərdən bəzilərinin kamerasına vurulub. Meydan TV-nin canlı yayımının yarıda kəsilməsinə səbəb olub.
Polisin Şəhidlər Xiyabanının önünə qədər məcbur apardığı jurnalistlər burada “Azad mətbuat”,
“Qadağalarınızla yox olmayacağıq” şüarları səsləndiriblər. Ardından jurnalist Aytac Tapdıq aksiyanın bəyanatını oxuyub.
Bəyanatda bildirilir ki, “Media haqqında” yeni qanun layihəsi təklifi Azərbaycanda olan qapalı mühitin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır:
“Adıçəkilən yeni qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyası və Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı ilə bağlı müddəalarına da ziddir. Layihə nəinki digər qanunlarla, hətta “Media haqqında” qanun layihəsində göstərilən maddələrin özü ilə də ziddiyyət təşkil edir. Qanunun 5.4-cü maddəsində media sahəsində fəaliyyətin yaradıcılıq və redaksiya müstəqilliyi əsasında fəaliyyət göstərməsi qeyd olunsa da, media subyektlərinin loqotiplərinin (emblemləri) dəyişməsi belə 12.4-cü maddə ilə icraedici hakimiyyətin səlahiyyətinə verilir”.
Bəyanatda qeyd edilir ki, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Qanunda göstərilən normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı prinsipi ilə də ziddiyyət təşkil edir. Çünki layihə media hüququ ekspertlərinin iştirakı olmadan, cəmiyyətə tutarlı açıqlamalar verilmədən hazırlanıb və ikinci oxunuşda qəbul edilib:
“Qanun təklifi, kimlərin jurnalistika peşəsi ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi, qanunla jurnalistlərə peşə etikasınə əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması, ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər”.
Bəyanatda bildirirlər ki, ifadə, media azadlığı ilə bağlı məhdudiyyətlər mütləq legitim, adekvat, demokratik cəmiyyətdə zəruri olmalı və təxirəsalınmaz sosial tələbatdan doğmalıdır. İfadə və media azadlığı yalnız Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında aydın ifadə edilmiş əsaslara uyğun olaraq, məhdudiyyətlərə məruz qala bilər:
“Milli Məclisin müzakirəsinə çıxarılan təklifin bu əsaslara adekvat olmaması səbəbindən, hökuməti bu layihənin qanuna çevrilməməsi üçün gərəkli addımları atmağa – onu parlamentin gündəliyindən çıxarmağa, yenidən vətəndaş cəmiyyəti təmsilçilərinin də yer aldığı işçi qrup yaratmağa və layihəni yenidən işlənməsi üçün həmin qrupa təqdim etməyə çağırırıq”.
Jurnalistlər sonda “bizsiz qanun yoxdur, həmin layihəni bizimlə müzakirə edəcəksiniz, yalnız bundan sonra qanun şəklində qəbul edilə bilər”, – deyiblər.
“Reyestrini də götür, bas bayıra”, – şüarı ilə aksiya yekunlaşıb.
Sonra jurnalistləri təmsil edən Xədicə İsmayılova, Şəmşad Ağa və Aynur Elgünəş bəyanatı Milli Məclisə təqdim ediblər. Parlamentin katibliyinin işləmədiyi bəhanə gətirildiyindən bəyanat Məktub qutusuna salınıb.
Bu, jurnalistlərin “Media haqqında” qanun layihəsinin qəbuluna ikinci etiraz aksiyasıdır. Daha öncə, dekabrın 24-də bir qrup jurnalist yenə Milli Məclisin önündə 2-ci oxunuşda qəbul edilən qanun layihəsinə etirazlarını (https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/jurnalister-parlamentin-onunde-etiraz-aksiyasi-kecirdi/) bildiriblər. Onlar qanun layihəsinin ictimai müzakirəyə çıxarılmadan gizli qəbul edildiyini, bir çox maddənin mürtəce olduğunu söyləyiblər. Bildiriblər ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Haqları Konvensiyasına və Azərbaycanın qoşulmuş olduğu digər beynəlxalq müqavilələrin ifadə və media azadlığı haqqında müddəalarına ziddir.
Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə, gizli yolla əldə edilmiş məlumatın yayılmasının əngəllənməsinə qədər xeyli məsələlər daxildir.
Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, layihə ikinci oxunuşda da qəbul olunub.