Jurnalistləri Müdafiə Komitəsi: “Trampın rəhbərliyi dövründə ABŞ-də mətbuat azadlığı aşınır”

Foto: CPJ

“USAID və USAGM-in iflası həm ABŞ-də, həm də xaricdə minlərlə jurnalistin fəaliyyətini dayandırmasına səbəb olub”

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Prezident Donald Trampın rəhbərliyi altında ABŞ hökumətinin mətbuata münasibətini əks etdirən 100 günlük hesabatında ABŞ-də mətbuat azadlığının aşınması ilə bağlı xəbərdarlıq edərək bütün ölkə üzrə xəbər redaksiyalarını müstəqil, faktlara əsaslanan jurnalistikaya qarşı artan “təhdid dalğası” ilə mübarizə aparmaq üçün vahid cəbhə yaratmağa çağırıb.

CPJ administrasiyanı “ABŞ əhalisinin geniş təbəqələri üçün müstəqil və fakta əsaslanan xəbərlərin mövcudluğunu təhdid edən heyrətamiz sayda tədbir” almaqda ittiham edib.

“Demokratiya tənəzzül etdikdə ilk hücuma məruz qalanlar jurnalistlərdir və hazırkı ABŞ administrasiyasının fəaliyyəti hər bir jurnalist, hər bir xəbər redaksiyası və hər bir ABŞ vətəndaşı üçün təcili xəbərdarlıq siqnalı olmalıdır”, – CPJ-nin icraçı direktoru Codi Qinsberq hesabatda bildirib.

“Arxayın oturmaq və ya bu davranışları gözardı etmək zamanı deyil. Əgər anormal olanı normal qəbul etsək, bir çox başqa azadlıqlar təhlükə altında olacaq – siyasətinizdən asılı olmayaraq”, – Qinsberq əlavə edib.

CPJ-nin hesabatında qeyd olunub ki, yanvarın 20-dən başlayan Trampın ikinci prezidentlik müddətindən keçən 100 gün ərzində administrasiya bir sıra addımlar atıb. Bu addımlar isə əsas media orqanlarını Ağ evin artan təzyiqlərinə necə reaksiya verməli olduqları ilə bağlı qeyri-müəyyən vəziyyətdə qoyub.

Nəticədə həm media sahibləri, həm də jurnalistlər “Prezidenti razı salmaq, yoxsa çıxış və məlumat əldə etmək imkanını itirmək riski ilə üzləşmək” dilemması ilə üzləşiblər.

CPJ vurğulayıb ki, ölkə üzrə mətbuat azadlığına təhdid yaradan amillər sırasında Ağ evə çıxışı tənzimləyən prosedurların və “press pool”un tərkibinin dəyişdirilməsi, Federal Kommunikasiya Komissiyası (FCC) və digər tənzimləyici qurumların fəaliyyətində siyasi meyllərin artması, həmçinin Ağ evin ictimai yayımçılar olan NPR və PBS üçün dövlət maliyyələşməsinin dayandırılmasına dair çağırışları da yer alır.

“Girişin məhdudlaşdırılmasından tutmuş, azad mətbuatın müstəqilliyinə hörmətin pozulmasına, media qurumlarının hədəfə alınmasından tutmuş, qisasla hədələnməyə qədər bu administrasiya artıq mediaya münasibətdə cəzalandırmaq və ya mükafatlandırmaq üçün öz gücünü tətbiq etməyə başlayıb“, – CPJ bildirib.

CPJ həmçinin Federal Kommunikasiya Komissiyasının CBS, NBC, ABC kimi böyük televiziya şəbəkələri və NPR və PBS kimi ictimai yayımçılar üzərində apardığı “siyasi ittihamlı” araşdırmalara diqqət çəkib. O bildirib ki, bu araşdırmaların əsaslandırılması “yalançı xəbərçilik iddialarından tutmuş, lisenziya müqavilələrinin pozulması barədə iradlara qədər” dəyişir.

CPJ həmçinin qeyd edib ki, ABŞ-də atılan addımlar yalnız ölkə daxilində deyil, xaricdə də təsir göstərib. Məsələn, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Qlobal Media Agentliyinin (USAGM) iflası həm ABŞ-də, həm də xaricdə minlərlə jurnalistin fəaliyyətini dayandırmasına və ya ləğv edilməsinə səbəb olub.

“Bunlar Çin, Rusiya, Kuba və digər ölkələrdəki qeyri-demokratik hökumətlər tərəfindən alqışlanıb”.

Ana səhifəDünyaJurnalistləri Müdafiə Komitəsi: “Trampın rəhbərliyi dövründə ABŞ-də mətbuat azadlığı aşınır”