Jurnalist Ülviyyə Əlinin “Meydan TV” işi ilə bağlı saxlanıldığı bildirilir

Ülviyyə Əli. Foto: Meydan TV

Jurnalistin zorakılıqla saxlanıldığı, evində axtarış aparıldığı deyilir

Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-nə keçən gecə saxlanılıb.

Bu haqda onun dostları və həmkarları sosial şəbəkədə yazır. Feminist fəal Gülnarə Mehdiyevanın yazdığına görə, jurnalistin evində axtarış aparılıb.

“Ev tamamən dağıdılmış vəziyyətdə olub. Pianinonun altı, siyirmələrin, şkaf rəflərinin qapaqları sındırılıb. Evdən nə götürdüklərini və nə “tapdıqlarını” hələ bilmirik”, – fəal özünün “Facebook” hesabında yazır.

Mehdiyevanın sözlərinə görə, Ülviyyə Əli saxlanıldığı zaman zorakılığa məruz qalıb.

Bundan əlavə, jurnalistin dostları “Facebook” hesablarında onun adından saxlanılması ilə bağlı paylaşım ediblər.

“Əgər siz bu yazını oxuyursunuzsa, deməli, mən şərlənərək, hüquqazidd şəkildə jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Qeyd edim ki, digər jurnalist yoldaşlarım kimi mən də heç bir cinayət törətməmişəm – nə ölkəyə onların adlandırdığı “qanunsuz maliyyə” gətirmişəm, nə də başqa əməl törətmişəm. Həmçinin, Meydan TV ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, Meydan TV ilə əməkdaşlıq cinayət deyil. Onu da qeyd edim ki, uzun müddətdir “Amerikanın Səsi” ilə əməkdaşlıq etmişəm”, – jurnalist yazır.

Ülviyyə Əli 2025-ci il yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə əlaqədar dildirilib, onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Jurnalist bu qərarla razılaşmamış və apellyasiya şikayəti vermişdi.

Ülviyyə Əli “Meydan TV işi” ilə bağlı indiyə qədər saxlanılan sayca 11-ci jurnalist oldu.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs olunub. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də həbs edilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs edilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəMeydan TV işiJurnalist Ülviyyə Əlinin “Meydan TV” işi ilə bağlı saxlanıldığı bildirilir