Jurnalist işgəncəyə gördüyünü deyir, prokurorluq və məhkəmə isə…

Fərid Mehralızadə saxlanılarkən başına torba keçirildiyi ilə bağlı məhkəməyə müraciət edib

“Azadlıq” radiosunun həbsdə olan jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılarkən başına torba keçirildiyini, döyüldüyünü, ona məlum olmayan bir yerə aparılıb 15-20 dəqiqə orada saxlanandan sonra Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib, sonra başından torbanın çıxarıldığını deyir. 

O, işgəncə və pis rəftarla bağlı prokurorluğa müraciət etsə də, şikayəti nəticəsiz qalmışdı. 

Prokurorluq iddia edib ki, jurnalistin işgəncə barədə dedikləri təsdiqini tapmayıb. 

Bu səbəbdən Fərid Mehralızadə və onun vəkili prokurorluğun qərarından məhkəməyə şikayət vermişdi.

Yanvarın 28-də şikayətə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanova baxıb. 

Məhkəmədə Fərid Mehralızadə də, vəkili də bildirib ki, prokurorluq formal araşdırma aparıb, yalnız polisləri dindirməklə işini bitmiş sayıb və işgəncənin olmadığı haqda nəticəyə gəlib. 

Normal halda isə Fərid Mehralızadənin saxlandığı ərazidəki çoxsaylı kameraların görüntüləri götürülməli, onun telefonunun anten məlumatları araşdırılmalı idi. Bunlar onun saxlanılarkən başına torba keçirilməsi, hansı ünvana aparılması kimi məsələlərə aydınlıq gətirəcəkdi.

Fərid Mehralızadə bildirib ki, onu normal şəkildə saxlamayıblar, faktiki oğurlayıblar. 

Maşında aparılarkən telefonuna giriş əldə etmək üçün kodunu zorakılıqla alıblar. 

Bundan başqa, cibindən avtomobilinin açarını götürüb, maşınını da sürüb aparıblar.

Fərid Mehralızadə və vəkilinin arqumentlərinə baxmayaraq, hakim Şəhla Süleymanova prokurorluğun qərarından verilmiş şikayəti təmin etməyib.

Qərardan apelyasiya şikayəti veriləcək.

Fərid Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarova bildirib ki, prokurorluq heç bir araşdırma aparmadan, şikayətçi olduqları polsiləri dindirməklə qərar çıxarıb: 

“Fəridin oğurlandığı küçədə kifayət qədər çox kamera olduğu halda, heç birinin görüntüləri alınmayıb, hara aparıldığı müəyyənləşdirilməyib. Formal şəkildə polisləri – zorakılıq göstərən adamları dindirib, sonra da qərar veriblər ki, heç bir zorakılıq olmayıb”.

Fərid Mehralızadə 2024-cü il mayın 30-dan həbsdədir. 

O, korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbs olunan jurnalistlər arasındadır.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. 

Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. 

İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ülvi Həsənli məhkəmədə ifadəsində bildirib ki, Fərid Mehralızadənin ümumiyyətlə, “AbzasMedia”ya aidiyyəti olmayıb. Onunla sadəcə, dost olublar.

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. 

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəXəbərlərJurnalist işgəncəyə gördüyünü deyir, prokurorluq və məhkəmə isə…