Jurnalist Əfqan Muxtarlı: “Həbsimi sürgünlə əvəz etdilər”

Jurnalist Əfqan Muxtarlı: “Həbsimi sürgünlə əvəz etdilər”



Jurnalist Əfqan Muxtarlı 2017-ci ildə Tbilisidə oğurlanaraq Azərbaycana gətirilir və üç illik həbsdən sonra azad edilərək məhkəmə zalından birbaşa Berlinə göndərilir.

Martın 17-də jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb. O, Azərbaycanın hakim dairəsinin korrupsiya əməlləri barədə yazdığı jurnalist araşdırmaları ilə tanınır. Muxtarlı 2017-ci ilin 29 may tarixində Tbilisidə yoxa çıxır. O, Gürcüstanın paytaxtına 2015-ci ildən həyat yoldaşı, jurnalist Leyla Mustafayeva və azyaşlı qızı ilə Azərbaycan hökumətinin təqiblərindən xilas olmaq üçün sığınmışdı. Sabahı gün məlum olur ki, Muxtarlı Bakıdadır və sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və polisə müqavimət göstərməkdə təqsirləndirilir.

Jurnalistin özü isə o zaman da Tbilisidə bir neçə naməlum şəxs tərəfindən oğurlandığını, başına torba keçirilərək zorla avtomobilə əyləşdirildiyini bildirmişdi. Əfqan Muxtarlının yaxınları isə deyirdilər ki, bu, Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının birgə işidir. Gürcüstanın o zamankı Daxili işlər naziri Georgi Mqebrişvili bəyan etmişdi ki, onun jurnalistin sərhədi neçə keçməsi ilə bağlı heç nədən xəbəri yoxdur. Onun sözlərinə görə, 343 şahid, həmçinin Laqodaxi Gürcüstan-Azərbaycan sərhədində sərhədçi, 61 nəfər dindirilib, Tbilisinin küçələrindən onlarla müşahidə kameralarından görüntülər götürülüb, azərbaycanlı jurnalistin bütün zəngləri yoxlanılıb. Lakın bununla belə jurnalistin zorla


oğurlanması


ilə bağlı şübhəli heç nə müəyyən etmək mümkün olmayıb.

Həbsindən bir qədər öncə Əfqan Muxtarlı izləndiyini və Gürcüstan hökumətinin buna reaksiya vermədiyini bildirmişdi. Onun sözlərinə görə, artıq 2017-ci ilin əvvəlindən Gürcüstana sığınan ictimai-siyasi fəalları, jurnalistləri oradan uzaqlaşdırmağa çalışırdılar.

Gürcüstan hökuməti Muxtarlının oğurlanmasında iştirakını və bu işdə Azərbaycanın xüsusi xidmət orqanları ilə əlbir çalışdıqlarını inkar edirdi.

Azərbaycanda isə Muxtarlıya 6 il həbs cəzası verilir. Beynəlxalq hüquq-müdafiə təşkilatları jurnalisti vicdan məhbusu elan edir. 2018-ci ilin iyununda Avropa Parlamenti “Əfqan Muxtarlı işi və Azərbaycanda jurnalistlərin durumu” adlı qətnamə qəbul edərək Bakını jurnalisti azad etməyə, Tbilisini isə onun ehtimal edilən oğurlanması ilə bağlı araşdırma aparmağa çağırır. Lakin Əfqan Muxtarlı ömrünün təxminən 3 ildən çox hissəsini məhbəsdə keçirməli olur.

Jurnalistin azad olunması haqda ictimaiyyət yalnız onun təyyarəyə mindirilərək Berlinə yola salınmasından sonra xəbər tuta bildi. Hazırda onun həyat yoldaşı kiçik qızı ilə birgə Almaniyada yaşayır. Əfqanın həbsindən sonra onlar Gürcüstanı tərk etməli olublar. Leyla Mustafayeva o zaman keçmiş Daxili işlər naziri Georgi Mqebrişvilinin təklif etdiyi Gürcüstan


vətəndaşlığından


imtina edərək Almaniyaya sığınmağı seçir.

Berlində Meydan TV-yə eksklüziv müsahibəsində Əfqan Muxtarlı həbsinin səbəbləri, oğurlanmasının detalları və Azərbaycan hökumətinin niyə ona dostları və yaxınları ilə görüşməyə belə imkan vermədən tələsik Berlinə göndərməsi haqda danışır:

– Mən Azərbaycanda olarkən də hakim ailənin, müxtəlif nazirliklərin korrupsiya əməlləri, Müdafiə Nazirliyindəki yeyinti halları haqda yazırdım. Gürcüstanda da jurnalist araşdırması ilə məşğul idim, Azərbaycan hakimiyyətinin xalqdan oğurladığı pulları investisiya şəklində Gürcüstana yatırmasından yazırdım. Bu məqalələr həm Gürcüstan, həm də Azərbaycan tərəfini narahat edirdi və mənim oğurlanmağımın əsas səbəbi şübhəsiz ki, siyasi fəaliyyətimdən daha çox, yazdığım yazılarla bağlıdır.


– Oğurlanmanın detalları barədə danışa bilərsənmi? Bu, necə baş verdi?

– 2017-ci ilin may ayının 29-da hər zaman oturduğumuz kafelərdən birindən çıxıb evə gedərkən, yaşadığım mənzilə 50-60 metr qalmış qarşımı maşınlar kəsdilər. Üç nəfər naməlum şəxs mənə hücum elədi. İlk başda müqavimət göstərdim, məni maşına oturda bilmədilər. Sonra onların üzərində adətən Gürcüstan kriminal polisinin geyindiyi uniformanın olduğunu gördüm və hesab elədim ki, bunlar məni polis idarəsinə aparacaqlar və uzağı məhkəməyə çıxaracaqlar. Azərbaycanda, eləcə də Gürcüstanda heç bir cinayət törətmədiyimə görə arxayın idim ki, Gürcüstan məhkəməsi məni azadlığa buraxacaq. Gözləmirdim ki, məni oğurlayıb Azərbaycana təhvil verəcəklər. Ona görə özüm könüllü şəkildə maşına oturdum. Amma maşına oturandan sonra onlar mənim əlimi plastik qaytanlarla bağladılar və başıma kisə keçirdilər. Bir müddət sonra Tbilisi şəhərindən çıxdıq, bir tərəfi meşəlik, bir tərəfi əkin sahəsi olan bir yerdə saxladılar. Başımdan kisəni çıxardılar. Mən elə fikirləşdim ki, yəqin bunlar məni burda öldürəcəklər. Çünki bu cür oğurluq ancaq belə bir sonluqla nəticələnə bilərdi. Heç ağlıma gəlmirdi ki, məni Azərbaycana təhvil verəcəklər. Orda məni gətirən şəxslərdən birinə dedim ki, əgər məni öldürmək fikriniz varsa, bunu tapanca və ya başqa odlu silahla həyata keçirin, bıçaqla etməyin. Çünki Gürcüstanda adətən bu soyğunçuluq hadisələri bıçaqla həyata keçirilir və polis bunu soyğunla əlaqələndirir. İstəyirdim bu yolla mesaj verim ki, bu soyğun hadisəsi deyil. Amma onlar dedilər ki, biz sənə heç nə eləməyəcəyik. Sonra baş-gözümü mayka ilə sarıdılar, üstünü bağladılar, Laqadexi sərhəd keçid məntəqəsində Azərbaycan sərhəd qoşunlarının yüksək rütbəli zabitlərinə təhvil verdilər.


– Oğurlandığın an nələrin baş verə biləcəyini düşünürdün?

– Maşına oturanda fikirləşdim ki, bunlar kriminal polisin əməkdaşlarıdır. Bunlar məni polisə, ondan sonra məhkəməyə aparacaqlar və Azərbaycan hökumətinin hansısa bir absurd ittihamı ilə məni ekstradisiya etmək istəyəcəklər. Çünki ona qədər bütün hadisələr göstərdi ki, Gürcüstan hakimiyyəti məni təhvil verəcək. Oğurlanandan bir neçə gün öncə “Amerikanın səsi” radiosuna müsahibə vermişdim və orada mənim Azərbaycan hakimiyyətinə necə təhvil veriləcəyimin detallarını danışmışdım. Lakin mən sadəcə prosesin bu cür kobud şəkildə icra olunacağını gözləmirdim, məhkəmə yolu ilə olacağını hesablayırdım. Ancaq bunlar görünür düşündülər ki, hələ məhkəmə sistemini sona qədər hakimiyyətə tabe edə bilməyiblər. Bu, özünü Daşqın Ağalarlının (keçmiş siyasi məhbus kimi tanınan fəal) timsalında göstərmişdi, onu Azərbaycana təhvil verə bilmədilər. Gürcüstan məhkəmələri Azərbaycan tərəfinin ittihamlarını absurd hesab elədi və Daşqın Ağalarlıya orda siyasi oturum verilmişdi. Görünür bunları nəzərə alaraq hökumət məni bu cür qeyri-qanuni yolla Azərbaycana təhvil verib. Burda Azərbaycan tərəfinin rüşvət amili də rol oynayıb. Çünki Azərbaycan tərəfi Gürcüstan tərəfinə külli miqdarda rüşvət verib. Bu məsələni mənimlə görüşən Azərbaycanın yüksək vəzifədə işləyən məmuru da söyləyib ki, Gürcüstan tərəfinə 3 milyon dollardan artıq rüşvət verilib. Onlar bunu o kontekstdə deyirdilər ki, guya Milli Təhlükəsiylik Nazirliyinin köhnə rəhbərliyi belə həyata keçirib, guya mənim haqqımda doğru olmayan, şişirdilmiş məlumatlar verib. Amma istənilən halda bu, Azərbaycan hakimiyyəti tərəfindən törədilən hadisə idi. Bu cür qərarları hansısa nazir yox, birbaşa İlham Əliyevin özü verir.

Mənim oğurlanmağım səhv addım idi. Qanunsuzluqla bərabər, həm də hakimiyyət nöqteyi nəzərdən səhv addım idi. Bundan bunlar özləri də xeyir qazana bilmədilər, əksinə ciddi ziyana düşdülər. Eyni zamanda Gürcüstan hakimiyyətini də görünməmiş dərəcədə zərbə altında qoydular, Gürcüstan hakimiyyəti həm nüfuzu baxımından, həm də ölkəyə maliyyə yatırımları baxımdan. Həm də beynəlxalq təşkilatlar orda tədbirlər keçirirdi, bundan ölkə turuzmi də xeyli gəlir əldə edirdi. Bu təşkilatların əksəriyyəti tədbirlərini artıq Gürcüstanda keçirmədilər, başqa ölkələrə bunu transfer etdilər.

123.jpg
Jurnalist Əfqan Muxtarlı və Həbib Müntəzir


– Əfqan, Eynulla Fətullayevin də yazdığı dırnaq içində desək, ocaq məsələsinə toxunmaq istəyirəm. Sən həqiqətənmi düşünürsən ki, Gürcüstandakı o qrupunmu, ya “ocağınmı” deyək, idarə edəni idin, yəni rəhbərlik edirdin? Və səni aradan qaldırmaqla belə desək, Azərbaycan müxalifətinin diasporası darmadağın oldu və orda gələn insanlar, sənin müxtəlif mənalarda, dostluq, yaxınlıq və ya tanışlıq mənasında dəstəklədiyin insanların əli-ayağı artıq ordan üzüldü? Bəlkə elə Azərbaycan hakimiyyəti bunu istəyirdi?

– Azərbaycan hakimiyyətinin əsas məqsədlərindən biri Gürcüstanda toplaşan azərbaycanlı fəalların dağıdılması idi, yəni Gürcüstanın demokratik mühitindən bizim istifadə etməyimizin qarşısını almaq idi. Amma ocaq dedikdə, qrup dedikdə, bizim orda gördüyümüz işlər bəlkə bizim özümüzə kiçik görünürdü, bəlkə başqa ölkələrdə yaşayan mühacirlər bizim qədər iş görmürdülər. Bizim gördüyümüz işi nəzərdə tururam, mənim gördüyüm işi tək demək ədalətsizlik olar. Çünki orda kiminsə xüsusi rəhbər olmasından, hansısa təşkilatın olmasından söhbət gedə bilməz. Orda vicdanlı müxalifətçilərin, vicdanlı jurnalistlərin bir araya toplanıb, Azərbaycanda demokratiya uğrunda mübarizəyə kiçik dəstəyindən söhbət gedə bilər. Orda hansısa xüsusi bir təşkilatın olmasından söhbət gedə bilməz. Orda yaşayan hər bir şəxs, Azərbaycanı sevən, orada demokratik bir cəmiyyət qurulması uğrunda mübarizə aparan insanlar idilər. Onların böyük əksəriyyəti Azərbaycanda fəaliyyət göstərməsi, yaşaması mümkün olmayan, bəzi hallarda Daşqın Ağalarlı kimi çox ciddi təhlükə altında, məcburi şəkildə Gürcüstanda yaşayan insanlar idilər. Demokratiya uğrunda mübarizə aparan adamların bir araya gəlib Azərbaycan səfirliyi qarşısında aksiyalar keçirməsi, müxtəlif beynəlxalq təşkilatlar qarşısında siyasi məhbusların hüquqlarını müdafiə etməsi, orda araşdırma yazılar yazması, jurnalist fəaliyyətini göstərməsi təbii bir hal, təbii bir işdir. Ordakı insanlar sadəcə fəaliyyətlərinin məkanını dəyişmişdi, məqsədimiz yenə Azərbaycan idi. Yəni biz Azərbaycanda fəaliyyət göstərə bilmiriksə, Azərbaycan sərhədləri yaxınlığında fəaliyyət göstərirdik, amma hər hansısa bir təşkilatdan söhbət gedə bilməz, yəni burda strukturlaşmış, rəhbəri, müavinləri olan bir təşkilat yox idi. Ancaq biz, orda yaşayan insanlar könüllü, qarşılıqlı anlaşma, koordinasiya şəklində Azərbaycandakı demokratik proseslərə öz kiçik töhfəmizi vermişik.

Görünür Azərbaycan hakimiyyəti bundan çox dəhşətli dərəcədə əndişəyə, qorxuya düşüb. Bizim orda izlənməyimiz üçün külli miqdarda pul xərcləyib, onun üçün orda Gürcüstanın bəzi məmurlarını rüşvətlə alıb, xüsusən də təhlükəsizlik orqanlarında olan məmurlarını. Daimi bizim izlənməmizi həyata keçirib, evlərimizdə dinləmə qurğuları yerləşdirilib, getdiyimiz yollarda video kameralar quraşdırılıb. Bizi hər gün, hər yerdə izləyiblər, açıq şəkildə izləmələr həyata keçiriblər. Bu, Azərbaycan tərəfinin əndişəsindən xəbər verir, ancaq təşkilatlanmış, rəhbəri, müavinləri, maliyyəsi olan bir təşkilatdan söhbət gedə bilməzdi. Ancaq yaxşı olardi ki, belə bir təşkilat qura bilərdik və əgər belə bir təşkilat qura bilsəydik, bizi oğurlamaq, ordan dağıtmaq mümkün olmayacaqdı. Bizi ordan Azərbaycan hakimiyyətinin bir həmləsi ilə dağıtmaqlarının səbəbi də ondan ibarət idi ki, doğrudan da, formalaşmış təşkilatımız yox idi.



Qayıdaq həbsxanaya. Orda səninlə necə rəftar edirdilər? Sənə qarşı hansısa fiziki və ya mənəvi zorakılıq olunubmu?

– Yox, tək fiziki işgəncə faktı o olub ki, mayın 29-dan 31-dək əllərim qandallı qalıb. Yəni Tbilisdən oğurlanıb, Bakıda Sərhəd Qoşunlarının İstintaq İdarəsinə gələnə qədər, bir gündən artıq müddət ərzində əllərimdə qandal olub. Sərhəd zastavasının binasında əllərim qandallı yatmışam. Amma döyüblər, söyüblər, mənəvi işgəncə veriblər və sair… belə şeylər olmayıb.


– Səndən sonra Azərbaycanda dünyaca tanınan heç bir jurnalist artıq həbsdə deyil. Düzdür, beynəlxalq təşkilatların siyahı və bəyənatlarında 100-dən artq siyasi məhbusun olması deyilir. Lakin bir ildir ki, Azərbaycan hökuməti siyasi məhbus məsələsini həll etmək istədiyini deyir. Buna münasibətin?

– Məsələnin qoyuluşu düzgün deyil. Həm beynəlxalq təşkilatlar tərəfindən, həm bizim Azərbaycan cəmiyyəti, fəallar, jurnalistlər tərəfindən bu məsələyə yanaşma düz deyil. Siyasi məhbus, elə siyasi məhbusdur. Onu kateqoriyaya ayırmaq düz deyil. Bu ayrıs-eçkilik təəssüflər olsun ki, var. Baxmayaraq ki, mən özüm birinci kateqoriyaya aid olunub azadlığımı əldə etmişəm. Hesab edirəm ki, bu cür yanaşma kökündən səhvdir. Əgər belə yanaşma Avropa Şurasında varsa, Avropa Birliyində və başqa beynəlxalq təşkilatlarda varsa, bu tendensiyaya son qoymaq lazımdır. İnsanlar qanunsuz həbs olunublar. Məndən əvvəl həbs ediliblər, məndən sonra həbsdən çıxacaqlar. Bu tendensiyaya son qoymaq lazımdır. Şəxsən mən bu gün azadlıqda olduğuma görə, Fuad Əhmədli, Anar Əliyev, Elşən Abbasovun qarşısında vicdan əzabı çəkirəm. Mən çıxmışam, amma onlar həbsdədirlər. Bütün siyasi məhbuslar azad edilməlidir. Onlara eyni münasibət göstərilməlidir.


– Mətbuatda, eləcə də dostların və yaxınların tərəfindən aclıq elan etməyinlə bağlı məlumat yayılmışdı. Bu nə ilə bağlı idi?




Vəkilim Nemət Kərimli mənimlə görüşdükdən sonra cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Əliyevin hücumuna məruz qalmışdı. Fiziki zorakılıq edilmişdi, onu vurmuşdular. Sənədləri əlindən zorla alıb, sonra üzünü köçürdükdən sonra özünə qaytarmışdılar. Bu hadisəni mənə şahid olan məhbuslar da danışmışdılar. Buna etiraz olaraq 4 gündən artıq aclıq aksiyası etdim. Baxmayaraq ki, şəkərim var idi. Bu səbəbdən də uzun müddət tab gətirə bilmədim. O qədər bacardım. Söhbət mənim ac qalmağımdan getmirdi, artıq gözlərim görmədi deyə dayandırdım, qorxdum ki, kor olaram.


– Ötən ilin payızından səni azad etmək istəmələri ilə bağlı bir neçə dəfə məlumat yayılmışdı. Bu məlumatlar doğrumu idi?

– Bu söhbətlər mənə həbsxanada xarici pasportun verilməsi ilə başladı. Sonra Azərbaycanın hakimiyyət nümayəndələri gəldi ki, səni azad etmək istəyirik. Həmin ərəfədə Avropa Şurasının iki deputatı da mənimlə görüşdü. Dekabr ayına qədər bu, real görünürdü, Azərbaycan hökumətinin də belə istəyi var idi və bir neçə dəfə məhkəmə də oldu. Amma baş tutmadı. Bu sonuncu dəfə də cəhd olunanda, mən cəmi iki cümlə yazdım ki, cəza növünün dəyişdirilməsini tələb edirəm. Bunu yazanda da düşündüm ki, dekabrda olan ssenari təkrarlanacaq və deyəcəklər ki, məhkəməni baxılmamış saxlayaq. Gözləmirdim düzü. Çünki 6 ay ərzində bir neçə dəfə məni azad edəcəklərini demişdilər. Bu dəfə də inanmırdım və həbsxanada olan dostlara da demədim ki, yenə yalan çıxacaq. Birdən-birə azad etdilər.


– Və bütün bunların hamısı bir gündə baş verdi?




Ərizəni bir həftə əvvəl yazmışdım. Amma məhkəmə prosesi bir, ya iki saat ərzində həll oldu. Mənim 3 vəkilim var, onlardan heç bir iştirak belə etmədi. Yəni Azərbaycan hakimiyyəti istədiyəndə hər şeyi bir dəqiqə içində həyata keçirə bilir. Prosedur olaraq qanun pozuntusu yox idi, amma bizdə siyasi qərar olmasa, belə şeylər olmur.


– Azad edilməyinizin detalları haqda danışa bilərsənmi? Necə oldu ki, buraxılan kimi səni Almaniyaya göndərdilər? Səni kim gətirdi?

– Mən azad edilmədim, sadəcə cəza növüm dəyişdirildi. Həbsim sürgünlə əvəz edildi. Mənim ayağım Azərbaycan Respublikasının torpağına dəyməyib. Cəzaçəkmə müəssisəsində maşına oturmuşam və hava limanının içində maşından düşüb təyyarəyə oturdulmuşam. Məhkəmə 15 dəqiqə çəkdi və ciddi şəkildə tələb etdim ki, üç nəfər siyasi məhbus – AXCP fəalı, gənclər təşkilatının sədri Fuad Əhmədli, “Müsəlman Birliyi” Hərəkatının fəalı Anar Əliyev və Hacı Talehin müavinlərindən olan Elşən Abbasovla görüşməyimə imkan versinlər. Çünki mən iki ildən artıqdır ki bu insanlarla çörək yemişəm, içəridə mübarizə aparmışıq. Mübarizə adamı təkcə çöldə mübarizə aparmır, içəridə də çoxlu problem var. Biz o problemləri onlarla birlikdə həll eləmişik. Onlarla görüşmədən getmək mənim üçün ləyaqətsiz addım olar. Hətta azadlığa çıxmaqdan imtinaya da razı idim ki, ən azından bu insanlarla görüşə bilim.

Mənimlə ilk dəfə azadlığa çıxmamla bağlı danışılanda, demişdim ki, heç olmasa qısa müddət ərzində buraxsınlar anamla görüşüm, kənddə olum, qohumlarımla görüşüm. Mənimlə danışan adam bildirdi ki, bu barədə cavab vermək səlahiyyəti yoxdu, səlahiyyətli insanlara bu məsələni çatdıracaq. Səlahiyyətli şəxslər kimlər idi bilmirəm, amma icazə vermədilər.


– Bir çoxu üçün sənin azad edilmən gözlənilməz oldu. Çoxu bu haqda ancaq sən təyyarə ilə uçduqdan sonra öyrəndilər. Səncə, hakimiyyət bunu niyə sirr kimi saxlamaq istədi?

– Hakimiyyət istəmirdi ki, insanlar cəzaçəkmə müəssisəsinin qarşısına yığılsınlar. Ehtiyat edirdilər ki, hava limanına çoxsaylı insanlar toplaşa bilər və mən ümumiyyətlə, Almaniya getməkdən imtina edərəm, Azərbaycanda qala bilərəm. Ən xırda problem belə olmadan bu məsələnin həllinə çalışdılar. Ona görə, məlumatın yayılmasına imkan vermədilər. Hətta bu məsələdən xəbər tutan cəzaçəkmə müəsisəsinin əməkdaşlarının sayı belə çox məhdud idi. İnzibati binada rəis, iki müavini və mən idim. Bu məsələni bilənlərin siyahısı tutulmuşdu ki, mən Almaniyaya çatana qədər bu xəbər sızdırılsa, həmin adamlar barədə inzibati iş başladılsın və informasiyanı sızdıran adam cəzalandırılsın.

Qorxunun hardan qaynaqlandığı isə mənə həqiqətən də maraqlıdır. Cəzaçəkmə müəssisəsində dostlarımla görüşməmişəm, danışa da bilməmişəm. Amma başqa siyasi məhbusların belə bir problemi olmayıb. Yəqin ki, çox qorxurlar.


– Bundan sonrakı planların nədir?

– Həbs edilməmişdən əvvəl yazmağa başladığım bir neçə araşdırmalarım var idi, bu mövzular bu gün də aktualdır. Üçillik məhkum həyatından sonra bir qədər dincimi alıb bu araşdırmalarımı bitirmək niyyətindəyəm.



«Mediaşəbəkə»nin dəstəyi ilə

Ana səhifəVideoJurnalist Əfqan Muxtarlı: “Həbsimi sürgünlə əvəz etdilər”